Dayanıqlı inkişafı təmin etmiş dövlət siyasəti

20:26 18-10-2022 512

    Sirr deyil ki, bu gün Azərbaycan dünyada nümunəvi inkişaf modelinə və örnək milli tərəqqi yoluna malik müstəqil bir ölkə kimi tanınır. Ölkəmizin tarixi nailiyyətlər qazanaraq dünyada söz, nüfuz sahibinə çevrilməsi milli maraqlara, dövrün tələblərinə, çağırışlarına əsaslanan daxili və xarici siyasətin həyata keçirilməsi sayəsində mümkün olub. Müstəqillik dövrünün sabitlik və inkişaf mərhələsi kimi səciyyələndirilən 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər milli-strateji hədəflərə çatmağa imkan verməklə yanaşı, yeni Azərbaycanın parlaq gələcəyini inşa etdi. Ulu Öndər, həmçinin, siyasi varisliyi təmin etməklə Azərbaycanın müstəqil dövlətçilik ənənəsinin qorunmasına – ölkəmizin suveren dövlət kimi davamlı inkişafına müstəsna töhfələr verib. Bu gün Azərbaycanın inamlı, dinamik və dayanıqlı inkişafı, müstəqilliyini möhkəmləndirərək yeni strateji zirvələr fəth etməsi Heydər Əliyev siyasətini yeni müstəvidə davam etdirən dünya şöhrətli siyasətçi cənab İlham Əliyevin adı ilə bağlıdır. Ümumiyyətlə, Prezident İlham Əliyevin adı həm daxili, həm də, beynəlxalq ictimai rəydə milli tərəqqi anlayışı ilə assosiasiya olunur. Ona görə ki, cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycan misilsiz tərəqqiyə nail olub, nümunəvi iqtisadi inkişaf modeli ilə dünyanın diqqətini özünə cəlb edə bilib. Heç də təsadüfi deyil ki, dünyanın nüfuzlu ekspertləri, mötəbər strateji tədqiqat mərkəzləri, aparıcı reytinq institutları Azərbaycanın inkişaf modelini mütərəqqi nümunə kimi səciyyələndirir və ölkəmizin gələcəyinə dair pozitiv rəy, nikbin proqnoz ifadə edirlər. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın beynəlxalq müstəvidə yüksək nüfuza malik olmasını, ölkədə xalq-iqtidar birliyinin təmin edilməsini şərtləndirən əsas faktor məhz, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin modern çağırışlara və milli maraqlara cavab verməsidir. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxaran xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasət, bu gün Onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Şübhəsiz ki, Azərbaycan Ulu Öndərin ideyaları əsasında inkişaf edir. Heydər Əliyev ideyaları dövlət müstəqilliyinin qorunması, inkişaf siyasətinin davam etdirilməsi, milli həmrəyliyin möhkəmləndirilməsi kimi mühüm strateji istiqamətləri əhatə edir. Məhz, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kurs bu kontekstdə mühüm əhəmiyyətə malikdir. Nüfuzlu ekspertlərin qənaətlərində, reytinq agentliklərinin hesabatlarında Azərbaycanın tərəqqisi kontekstində səmərəli sosial-iqtisadi siyasət, sistemli islahatlar və uğurlu xarici siyasətin fonunda qlobal əhəmiyyətli beynəlxalq təşəbbüslərə xüsusi diqqət yetirilir. Ölkəmiz örnək xarakterli sosial-iqtisadi siyasəti ilə diqqəti cəlb edir, inkişafa xidmət edən kompleks islahatlar davamlı xarakter daşıyır və respublikamız qlobal müstəvidə həmrəyliyə, əməkdaşlığa xidmət edən məqsədyönlü təşəbbüslər ortaya qoyur. Azərbaycan Prezident cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. İqtisadiyyatın dinamik inkişafının təmin edilməsi bütün sahələrin tərəqqisini təmin edib, əhalinin gəlirlərinin artmasını, işsizlik və yoxsulluğun azalmasını şərtləndirib, vətəndaşların rifahı daha da yaxşılaşıb. Bu gün hər bir sektorda inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır. Azərbaycanın iqtisadi inkişaf modeli dünyada dəstəklənir. Azərbaycan Prezident cənab İlham Əliyevin uğurlu inkişaf siyasəti vətəndaş məmnunluğunu təmin edib, çünki əhalinin rifah halı daha da yaxşılaşıb, ölkəmizin tərəqqisi insanların həyatında müsbət dəyişikliklərin meydana çıxmasına səbəb olub. Dövlət başçısının təsdiq etdiyi bu və digər sənədlər Azərbaycanda yeni inkişaf mərhələsində  makroiqtisadi sabitliyin əsasını qoyaraq, Ümummilli Lider Heydər Əliyevin iqtisadi strategiyasının dönməzliyini sübut etmişdir. Azərbaycanda neft sektorunun üstün inkişafı, qeyri-neft sektorunun yaranması və inkişafı, dövlət idarəçiliyinin prinsipləri, dövlət nəzarət sisteminin təkmilləşdirilməsi  mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycanda məşğulluq strategiyası, yoxsulluğun azaldılması strategiyası, ərzaq təhlükəsizliyi və aqrar sahədə dövlət siyasəti, regionların iqtisadi inkişafı, sahibkarlığın inkişafı sahəsində görülən ardıcıl işlər öz bəhrəsini verir. Azərbaycanın dayanıqlı inkişafının mütəmadi xarakter daşıması insanların gələcəyə inamla və optimist baxmasına əsas yaradıb. Bütün bunlar Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin alternativsiz olduğunu göstərir.

   2020-ci ilin sentyabr ayının 27-də Ermənistanın hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabr ayının 10-da tarixi Qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoydu, ədalət bərpa edildi. Eyni zamanda, ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə, böyük, məğrur və yenilməz olduğunu bir daha təsdiqlədi. Vətən müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, Xalq–Prezident–Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı. Azərbaycan, hərbi gücünün artmasına Prezident, Ali Baş Komandan İlham Əliyevin əzmkar fəaliyyəti, bu sahədə yürütdüyü qətiyyətli siyasəti nəticəsində nail olub. Hərbi quruculuğu prioritet istiqamət sayan dövlət başçısının bu sahənin inkişafına böyük əhəmiyyət verməsi, dünya hərb sahəsindəki bütün yeniliklərin Azərbaycana gətirilməsi üçün göstərdiyi səylər ordumuzun güclənməsinə, ölkəmizin müdafiə qabiliyyətinin artmasına təkan verir. Vətən müharibəsi Zəfəri ordu quruculuğunu yeni mərhələyə yüksəldib. Bütün bunlar, Azərbaycanın qarşıdakı illərdə daha da güclənməsinə, onun qüdrətli ölkəyə çevrilməsinə imkan yaradır... 

   Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.