Rəsmi İrəvan törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımalıdır

20:37 19-10-2022 509

     Tarixi faktlardan məlum olduğu kimi, Ermənistanın hərbi təcavüzü, eyni zamanda, Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olması ölkəni məhv olmaq təhlükəsi ilə üzbəüz qoyub. Məhz, bu kritik anda Azərbaycan xalqı öz qurtuluşunu böyük oğlu, təcrübəli dövlət xadimi, Heydər Əliyevdə görüb və ölkənin gələcək taleyini ona etibar edib. 1993-cü il iyun ayının 15-də Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait  hökm sürürdü. Ümummilli Lider belə bir nəticəyə gəldi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Bunlar ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası, köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji neft müqavilələrinin bağlanması, eləcə də, nəticə olaraq millətin bir amal – azərbaycançılıq ətrafında birləşdirilməsini özündə ehtiva edirdi. 1994-cü il may ayının 12-də atəşkəsə dair razılıq əldə olundu. Bu vaxta qədər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Bildiyimiz kimi, Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfərdən çox azərbaycanlı hərbi əməliyyatlar dövründə öldürülüb, 50 min nəfərdən çoxu isə əlil olub. Münaqişə nəticəsində aralarında 71 uşaq, 267 qadın, 326 qoca olmaqla, itkin düşmüş 3889 azərbaycanlının, o cümlədən, əsir və girov götürüldüyü müəyyən edilmiş 871 nəfərin sonrakı taleyi məlum deyil. Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul etdiyi bu qətnamələr münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi əsaslarını müəyyən edib. Qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilib, güc tətbiqi vasitəsilə ərazilərin zəbt edilməsinin qəbuledilməzliyi vurğulanıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiq edilib, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub.

     Bütün bunlara baxmayaraq, 2020-ci il 27 sentyabr tarixində mövcud atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabr tarixində bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən işğal edilmiş əraziləri azad etməyə başladı. Vətən müharibəsi 30 ilə yaxın gözlədiyimiz tarixi ədaləti bərpa etdi. Beləcə, 27 sentyabrda tarixə İkinci  Qarabağ müharibəsi, Vətən müharibəsi, "Dəmir yumruq əməliyyatı" adları ilə daxil olan əzəli və tarixi torpaqlarımızın azadlığı uğrunda 44 günlük mübarizəmiz başlamış oldu. Müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş etdirərək Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq, Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı. Bəli, 44 gün davam edən Vətən müharibəsi Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək ölkəmizin qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri Rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabr ayının 10-da Azərbaycan və Rusiya Prezidentləri, eləcə də, Ermənistanın baş naziri tərəfindən münaqişə zonasında atəşin, həmçinin, bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzalandı. Nəticədə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Ermənistan isə, kapitulyasiyaya məcbur edildi.

      Artıq, bütün dünya erməni qəsbkarları tərəfindən xalqımıza, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin, erməni faşizminin, vandalizminin acı nəticələrini öz gözləri ilə gördülər və bundan sonra heç kim onları bu həqiqətlərin əksinə inandıra bilməz. Münaqişə başa çatdıqdan sonra bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən, media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər. Hazırda, Ermənistanın törətdiyi bütün hərbi cinayətlər sənədləşdirilir. Belə ki, Azərbaycan artıq, törədilən cinayətkar əməllərlə bağlı hüquqi prosedurlara başlayıb. Mülki əhali, infrastruktur, dini və mədəni abidələrə dəymiş ziyanın təhlilləri aparılır. Bu gün, Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Bütün dünya çox yaxşı bilir ki, Ermənistan hərbi cinayətkardır. Dinc şəhərlərə qadağan olunmuş kasetli raketlərlə hücumlar hərbi cinayət hesab edilir. Hər bir fakt sənədləşdiriləcək və buna uyğun olaraq zəruri addımlar atılacaqdır. Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən müharibə dövründə çoxsaylı humanitar hüquq normalarının kobud şəkildə pozulması halları baş verib. Beynəlxalq hüquqa görə mülki şəxslər, habelə döyüş qabiliyyəti olmayan şəxslər hədəfə çevrilə bilməz. Yalnız hərbçilər legitim hədəf sayıla bilər. Vətən müharibəsi zamanı Gəncənin, Tərtərin, Bərdənin, Beyləqanın və digər ərazilərin hücuma məruz qalması, orada vətəndaşlarımızın həlak olması, çoxsaylı mülki obyektlərin məhv edilməsi beynəlxalq humanitar hüquq qaydalarının pozulması deməkdir. Bütün hadisələr hər bir millətin qan yaddaşında əbədi yer tutmalı və gələcək nəsillərə təbliğ edilməlidir. Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırım, etnik təmizləmələr, müharibə cinayətləri və insanlıq əleyhinə digər cinayətlərin törədilməsi bütövlükdə bəşəriyyətə qarşı yönələn qəbuledilməz bir davranışdır. Ermənilərin törətmiş olduqları bu cinayətlər bir daha sübut edir ki, terrorçuluq bunların dövlət siyasətidir və bu gün Ermənistana dəstək olan, onun təxribatlarına göz yuman ölkələr, təşkilatlar regionun inkişafını istəməyən qüvvələrdir...

 Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.