Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 25.10.2021-ci il tarixində azad olunmuş Qubadlıya səfəri: Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü

21:07 27-10-2022 252

      Yaxın tarixi faktlardan məlum olduğu kimi, 2020-ci ilin oktyabr ayının 20-də Zəngilan şəhəri işğaldan azad olundu. Növbəti istiqamət təbii ki, Qubadlı rayonu idi. Bunu işğalçı Ermənistan silahlı qruplaşmaları da bildiklərindən şəhərdə güclü istehkamlar qurmuşdular. Hətta, yüksəkliklər də düşmənin nəzarətində idi. Bu mənada, Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi, çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə də, Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Söz yox ki, Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürdü, ətrafda yerləşən kəndlər, o cümlədən, Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Nəhayət ki, 2020-ci ilin oktyabr ayının 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı. Qubadlının işğaldan azad olunması həm də Ermənistanın cinayətlərinin də üstünü açdı. Şəhər işğaldan azad ediləndən sonra məlum oldu ki, ermənilər Xanlıqda hərbi istehkam, hərbi baza qurublar. Eyni zamanda, xaricdən gələn ermənilər üçün elə xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salmışdılar. Bununla belə, Xanlıq kəndində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdirmişdilər. Bu da əlbəttə ki, müharibə cinayəti sayılır. Cenevrə konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Ermənistan bu cür cinayət əməllərinə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir. Bildiyimiz kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir neçə dəfə Qubadlı rayonunda səfərdə olmuş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirmişlər. Keçirilən bu görüşlər zamanı dövlət başçısı Qarabağ-Zəngəzur bölgəsində azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra, qəhrəman şəhidlərimizin adına küçələr qoyulacağı, onların adlarının məktəblərə veriləcəyi haqda və görüləcək digər işlər barədə məlumat vermişdir. Bu gün, Azərbaycan özünün şanlı, qürurlu tarixi dövrünü yaşayır, çünki 44 günlük Vətən müharibasində qazandığımız Zəfər bizə milli qürurumuzu və müzəffər xalq kimi gələcəyə inamla addımlamağımızı bəxş etdi. Bu tarixi Zəfəri isə bizə yaşadan, ərmağan edən Müzəffər Ali Baş Komandanımız və qüdrətli Azərbaycan Ordusu oldu. Artıq, qalib xalq kimi biz rayonlarımızın işğaldan azad olunduğu tarixləri qürurla qeyd edirik. Vətən müharibəsindən sonra, Prezident Cənab İlham Əliyevin müvafiq tapşırıqları əsasında işğaldan azad olunan rayonlarımızda quruculuq-bərpa işləri uğurla davam etdirilir və yeni yeni infrastruktur layihələri icra olunur. Qubadlı şəhəri və işğaldan azad edilən 41 kənd yenidən qurulur. İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz müasir dövrün tələbləri əsasında qurulur, soydaşlarımızın yüksək yaşayışının təmin edilməsi üçün zəruri olan bütün işlər görülür."Ağıllı şəhər" və "ağıllı kənd" layihəsi əsasında qurulan torpaqlarımız dünyanın diqqətindədir. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən, Qubadlı şəhəri yenidən qurulacaqdır. Eyni zamanda Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Baş plana əsasən, şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları, ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyətyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək. Düşmən tapdağından azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Həmçinin, rayon ərazisində dördzolaqlı yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin parlaq, dərin siyasi zəkası, sərkərdəlik məharəti, eləcə də, yenilməz Ordumuzun rəşadəti və xalqımızın qəhrəmanlığı ilə Vətən müharibəsində möhtəşəm qələbə qazandıq. Beləliklə, azadlıq müharibəsinin qürurverici qələbəsi ilə şanlı bir tarix yazdıq. Nəinki düşmənin 30 illik qələbə eyforiyasını alt-üst etdik, həm də, 200 il ərzində özündə nasizmdən daha təhlükəli yaşam tərzi formalaşdıran düşməni rəzil vəziyyətə saldıq...

  

    Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.