Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır

21:45 30-10-2022 227

  Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli mənafeyini yüksək səviyyədə müdafiə etməsi, qlobal təhdid və çağırışlara adekvat cavab verməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasəti necə qurmasından bilavasitə asılıdır. Müşahidələr göstərir ki, beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeridən, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən verən ölkələr tez bir zamanda qarşıya qoyduqları məqsədlərə nail ola bilirlər.

Xarici siyasətdə varislik ənənələrinin qorunması, diplomatiyanın əsas istinad mənbəyi olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın hazırkı çoxşaxəli uğurlarını təmin edən amillər sırasında xüsusi vurğulana bilər. 2003-cü ilin oktyabrından respublikaya inamla rəhbərlik edən cənab İlham Əliyev Ulu Öndərin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun davam etdirərək, Azərbaycanın beynəlxalq arenada  nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarını maksimum səviyyədə qorumasına nail olmuşdur.

      Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsi mühüm yer tutur. Bu baxımdan, ölkəmizin Gürcüstanla münasibətlərinin inkişafı hər zaman diqqət mərkəzindədir. Bu gün ölkələrimiz arasında siyasi dialoq yüksək dinamizmi ilə fərqlənir. Hazırda, Azərbaycan-Gürcüstan münasibətləri yüksələn xətlə inkişaf edir. İki ölkənin liderləri və digər yüksək səviyyəli rəsmiləri tez-tez Azərbaycanda, Gürcüstanda, eləcə də, beynəlxalq platformalarda görüşərək regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparırlar. Azərbaycanla Gürcüstan arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da uğurla inkişaf edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə çox önəmli böyük layihələri icra edə bilmişik. Ötən əsrin doxsanıncı illərinin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri vasitəsilə  birləşsin. Bundan sonra Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Regional, qlobal əhəmiyyət daşıyan bu layihələri üç qonşu dövlət - Azərbaycan, Türkiyə və Gürcüstan birgə səylərlə reallaşdırıblar. Üç ölkənin tərəfdaşlığı ilə ərsəyə gələn meqa layihələrdən biri də Cənub Qaz Dəhlizidir. Bu gün sözügedən layihələr ölkələrimizin iqtisadi inkişafında mühüm rol oynayır. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın digər prioritet istiqaməti nəqliyyat sektorudur. Ölkələrimiz üzərindən Avropa ilə Asiyanı birləşdirən ən qısa və təhlükəsiz nəqliyyat marşrutu keçir. Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra, Azərbaycanın və Gürcüstanın tranzit imkanları əhəmiyyətli dərəcədə artıb. Ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır. Mövcud əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq. Bütövlükdə, Azərbaycanla Gürcüstan arasında münasibətlər hər iki xalqın maraqlarına uyğun olaraq inkişaf edir. Bu münasibətlərin daha da genişlndirilməsi perspektivləri böyükdür. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yeridən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olmuş, regionda sülh, sabitlik, iqtisadi əmək daşlıq təşəbbüslərini fəal surətdə dəstəkləmişdir. Rəsmi Bakı tarazlı xarici siyasətlə regionda siyasi-hərbi qütbləşmənin dərinləşməsinə deyil, sivil əməkdaşlıq, qarşılıqlı inam mühitinin yaranmasına, dövlətlərinin regionda toqquşan maraqlarının optimal şəkildə uzlaşdırılmasına çalışmışdır. Bu günə qədər balanslı xarici siyasət yeridən Azərbaycan regionun və dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqələri inkişaf etdirmək siyasətinə üstünlük vermiş, sivil qaydalara əsaslanan enerji diplomatiyası həyata keçirmişdir.

     Bütün bunlar göstərir ki, Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını özünün iqtisadi gücü, qüdrəti və resursları, dünya siyasətindəki yerindən asılı olaraq milli məqsədlər üzərində qurur. Dövlətçiliyin, müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyinin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışının təmin olunması, hyata keçirilən xarici siyasətdə yenə də üstünlük təşkil etmişdir. Rəsmi Bakının praqmatik, çevik, milli maraqların prioritetliyinə əsaslanan diplomatiyası Azərbaycanı həm də, bütövlükdə Avropa məkanında strateji önəmi birmənalı etiraf olunan dövlətə çevirmişdir.

       Həyata keçirilən çoxaspektli xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilmişdir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar. Təkcə, onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır... 

   Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.