Suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında aparılan müzakirə

23:19 05-11-2022 485

    31 oktyabr 2022-ci il tarixdə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü əsasında Soçidə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən növbəti üçtərəfli görüşün yekunları bir daha təsdiq etdi ki, məğlub ölkənin hansı təklif səsləndirməsindən asılı olmayaraq sülh gündəliyini Azərbaycan müəyyənləşdirir. Sülh danışıqları prosesi çərçivəsində Rusiyanın vasitəçiliyi ilə keçirilən sayca üçüncü görüşdə də bir daha bəlli oldu ki, Azərbaycan Prezidenti mövqeyində israrlıdır və prinsipialdır. Heç şübhəsiz ki, Soçi görüşü də Azərbaycanın maraqlarına uyğun formada reallaşdı. Azərbaycan Prezidenti qətiyyətli mövqeyini elə üçtərəfli görüşdən öncə, Vladimir Putinlə keçirilən təkbətək görüşdə ortaya qoydu. Qalib komandan bir daha bəyan etdi ki, Qarabağ münaqişəsi iki il əvvəl bitib və bu istiqamətdə hər hansı bir müzakirə aparmaq mənasızdır. İndi qarşıda duran əsas məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır ki, bu istiqamətdə ortaya konkret iş qoymağa zərurət var və artıq, bu məsələnin zamanıdır. Görüşün yekununda imzalanan Bəyanatda da Azərbaycanın maraqlarına uyğun məsələlər öz əksini tapdı. Sənədə əsasən, tərəflər regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyini vurğulayıblar.  Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılaşıblar və Rusiya Federasiyası isə buna hər vasitə ilə köməklik göstərəcəyini təsdiqləyib. Bəyanatda Azərbaycanın maraqlarına uyğun digər bir məsələ də öz əksini tapıb. Belə ki, tərəflər güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək, eləcə də, bütün problemli məsələləri BMT Nizamnaməsinə, 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə, həmçinin, həll etmək barədə razılığa gəliblər.

      Soçi Bəyannaməsi də bir daha təsdiq etdi ki, sülh sazişi beynəlxalq hüquq və normalara sadiqlik, eyni zamanda Azərbaycanın irəli sürdüyü 5 əsas prinsipin qəbul olunması şərti ilə imzalana bilər. Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində bu ölkənin lideri Vladimir Putinlə təkbətək, həmçinin, Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli görüşün nəticəsi dövlətimizin başçısının hər zaman olduğu kimi milli maraqlarımızın təmin olunması istiqamətində həyata keçirdiyi qətiyyətli siyasətin növbəti uğuru kimi qiymətləndirilməlidir. Həm Rusiya Prezidenti Vladimir Putinin, həm də, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsləri ilə Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesində müəyyən irəliləyişlərin olduğu görünməkdədir, ancaq birmənalı şəkildə bəlli olan budur ki, hər iki tərəfin vasitəçiliyi ilə keçirilən görüşlərdə Qarabağ məsələsi ilə bağlı heç bir müzakirə aparılmır. Prezident İlham Əliyev konkret olaraq bəyan edib ki, münaqişə artıq tarixə çevrilib. Bu barədə hər hansısa müzakirənin aparlması mənasızdır. Bu fikirlər İlham Əliyevin Müzəffər Ali Baş Komandan qətiyyətinin göstəricisi və Azərbaycanın dəyişməz mövqeyinin bariz təcəssümüdür. Bununla da, cənab Prezident bir daha beynəlxalq arenada qalib komandan nüfuzuna humanist lider imicini də əlavə etməklə, danışıqlara açıq, dürüst və səmimi  olduğunu göstərdi.

   Beləliklə, Soçi görüşü Azərbaycanın diplomatik müstəvidə növbəti uğuru kimi yadda qaldı. Aparılan bütün sülh danışıqları prosesində reallıq budur ki, Müzəffər Ali Baş Komandanın hərb meydanında tarixi qələbəsi xarici siyasətdə də öz davamını göstərməkdədir. Bu, həm də, o deməkdir ki, İlham Əliyevin ölkəmizin  milli maraqlarına uyğun yürütdüyü mükəmməl daxili və xarici siyasət kursu Azərbaycanın bütün müstəvilərdə uğurunun təminatçısıdır.

    

    Sabit Mehdiyev,

  Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.