Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən, mülki əhaliyə qarşı çoxsaylı hərbi cinayətlər törədib

22:43 08-12-2022 538

   Məlum olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması ilə nəticələnən Vətən müharibəsində məğlubiyyətlə barışmaq istəməyən Ermənistan, əvvəllər olduğu kimi, beynəlxalq humanitar hüquq normalarını heçə sayaraq müxtəlif müharibə cinayətləri törətməyə davam etmişdir. Həm Birinci Qarabağ müharibəsi, həm də, atəşkəs müqaviləsinin qüvvədə olduğu dövrdə Ermənistan tərəfindən törədilmiş müxtəlif kateqoriyalı beynəlxalq cinayətlərin cəzasız qalması və dünya ictimaiyyəti tərəfindən bu əməllərə lazımi münasibətin, diqqətin göstərilməməsi Ermənistanın növbəti dəfə bu cür cinayətlər törətməkdən çəkinməməsinə səbəb olmuşdur. Odur ki, hazırki şəraitdə Ermənistanın mülki itkilərə səbəb olan hərbi fəaliyyətinin və üsullarının nələrdən ibarət olduğunun müəyyən edilməsi, bu əməllərin hansı hüquq normalarının pozuntusu hesab olunduğu, eləcə də, hansı hüquqi məsuliyyətə yol açdığının təhlil edilməsi vacib bir məsələyə çevrilmişdir. Bu proses, təbii ki, ən qısa zamanda cinayətkarların mühakimə olunaraq cəzalandırılması, ancaq müəyyən hüquqi prosedurların ardıcıl həyata keçirilməsi ilə mümkün olacaqdır.

   Yuxarıda qeyd edildiyi kimi, Vətən müharibəsi zamanı döyüş meydanında böyük itkilər verən təcavüzkar Ermənistan beynəlxalq humanitar hüququn demək olar ki, bütün norma və prinsiplərini pozmuş, çoxsaylı müharibə cinayətləri törətmişdir. Bu cinayət əməllərinin bir qismi itki balansının tarazlaşdırılması məqsədilə mülki əhaliyə və mülki obyektlərə yönəlmişdir. Ermənistanın mülki əhaliyə, həmçinin, mülki obyektlərə istiqamətlənmiş hücumlar etməsi açıq-aşkar hüquq pozuntusu və müharibə cinayətidir. Aktiv döyüşlərin davam etdiyi müddətdə təcavüzkar hücumlar əsasən, Bərdə, Tərtər, Gəncə, Mingəçevir, Ağcabədi və Beyləqan şəhərlərinə yönəlmişdi. Mülki əhalini hədəf alan hücumlar arasında ən çox insan ölümü 2020-ci il oktyabr ayının 11-i və 17-si Gəncə şəhərinin, oktyabr ayının 28-i isə, Bərdə şəhərinin ballistik raket atəşinə tutulması zamanı baş vermişdir. Gəncə şəhərinə edilən ilk hücum nəticəsində dinc sakinlərdən 10 nəfər həyatını itirmiş, 17 oktyabrda baş verən ikinci hücumda isə 13 dinc sakin qətlə yetirilmişdir. Bərdə şəhər mərkəzinin 29 oktyabr tarixində raket atəşinə tutulması nəticəsində isə, 21 nəfər dinc sakin bu hücumların qurbanı olmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatına əsasən, ümumilikdə, 27 sentyabr – 10 noyabr tarixləri arasında Ermənistanın Azərbaycan ərazisinə etdiyi raket hücumları nəticəsində 93 dinc sakin həyatını itirmiş, 410 mülki şəxs isə, yaralanmışdır. Törədilmiş müharibə cinayətlərindən daha biri isə, “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” IV Cenevrə Konvensiyasının 18-ci maddəsi ilə əlaqədardır. Qeyd olunan maddəyə əsasən, yaralıların, xəstələrin, qadınların və əlillərin müalicəsi üçün fəaliyyət göstərən mülki xəstəxanalar heç bir halda hədəf seçilə, təcavüzə uğraya bilməz. Buna baxmayaraq, 2020-ci il 29 sentyabr tarixində Ermənistanın atdığı artilleriya mərmisinin Tərtər rayon xəstəxanasının yanına düşməsi onu göstərir ki, düşmən məqsədli şəkildə insanların kompakt şəkildə yerləşdiyi əraziləri – məktəbləri, bazarları, xəstəxanaları və s. yerləri hədəf seçir, bununla da, qarşı tərəfin çoxlu sayda itki verməsinə nail olmağa çalışır. Halbuki, bu məqsəd beynəlxalq humanitar hüquq normalarına tamamilə ziddir. Bu addımlar hərbi məqsədlərə daha tez çatmaq, qısa zaman kəsiyində müharibəni yekunlaşdırmaq məqsədi güdmür, tam əksinə, eskalasiya təhlükəsinə yol açır, müharibə fəalkətlərinin daha da artmasına gətirib çıxarır.

   Ümumiyyətlə, 44 gün davam edən Vətən müharibəsinin tərəflərindən biri olan Ermənistan, müharibənin aparılmasına dair beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq çoxsaylı müharibə cinayətləri törətmişdir. Bu müharibə cinayətləri bir daha Ermənistanın təcavüzkar dövlət olduğunu, beynəlxalq hüquqa hörmət etmədiyini göstərir. Bu cinayətlərin təşkilinə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi hakimiyyəti daşıyır və onların məhkəmə qarşısına çıxarılaraq mühakimə olunması mütləq şəkildə təmin edilməlidir. Beynəlxalq ictimaiyyət bu hüquqazidd əməllərin cəzasız qalmasına imkan verməməli və bütün mümkün mexanizmlər vasitəsilə cinayətkarların cəzalandırılması üçün Azərbaycana dəstək nümayiş etdirməlidir...

  Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının məsləhətçisi.