Bakı-Tbilisi-Qars dəmir yolu xətti

19:47 15-12-2022 510

     Sirr deyil ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti iddialı beynəlxalq layihənin bir hissəsi, həm də, vacib bir hissəsi olduğunu təsdiqlədi və dünyanın gerçək nəqliyyat arteriyasına çevrildi. Ona görə də, buna sadəcə üç ölkə arasında yükdaşımalar üçün nəzərdə tutulan adi bir layihə kimi baxmaq düzgün deyil, çünki bu layihədə rəsmən iştirak etməyən dünyanın bir çox nüfuzlu ölkələrinin də çox ciddi iqtisadi marağı var. Onun əsas ideyası, Gürcüstan ərazisindən Azərbaycanı Türkiyə ilə birləşdirmək, Mərkəzi Asiyadan başlayaraq, Cənubi Qafqazdan keçməklə, Avropaya uzanıb gedən daha qısa, daha ucuz alternativ nəqliyyat dəhlizini tamamlamaqdan ibarət idi və buna da nail olundu. Bu dəmir yolunun gerçəkləşməsi Azərbaycanın regional liderliyini, ölkəmizin bu rolunun beynəlxalq aləmdə qəbul edildiyini göstərən danılmaz faktdır. Böyük İpək Yolunun bərpası ideyasının müəlliflərindən biri də məhz, Ümummilli Lider Heydər Əliyev olmuşdur. Ona görə də, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin konturları onun zamanında çəkilmişdi, lakin bu möhtəşəm layihə Ulu Öndərin layiqli davamçısı, ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən reallaşdırıldı.

    Bu gün, dünyanın əksər siyasi və iqtisadçı ekspertlərinin çox tez-tez “Dəmir İpək Yolu” adlandırdıqları bu nəqliyyat dəhlizi Azərbaycan, Gürcüstan, Türkiyə ilə yanaşı, bütün regionun sürətli iqtisadi inkişafına güclü stimul verəcək, çünki nəqliyyat marşrutları dünya iqtisadi mexanizminə həyat verən arteriyalardır. Təbii ki, iqtisadiyyatı bu arteriyalar olmadan təsəvvürə gətirmək belə mümkün deyil. Bakı-Tbilisi-Qars dəmir yolu bu ölkələrin fəaliyyətdə olan logistika sistemlərinin səmərəliliyinin artırılmasında mühüm rol oynayacaq. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi təkcə, siyasi maraqların təmin olunmasına deyil, eyni zamanda, Azərbaycanın iqtisadi maraqlarının təmin edilməsinə, ticarət iqtisadi münasibətlərinin genişlənməsinə, ölkənin biznes maraqlarının təmin edilməsinə yönələn bir layihədir. Zamanın əhəmiyyətini düzgün qiymətləndirmək, xərclərə qənaət etmək və biznesdən maksimum gəlir götürmək üçün loqistika faktorunun da böyük rolu var. Tarixən inkişaf etmiş dövlətlər də beynəlxalq və regional layihələrə eynən bu prinsipdən yanaşırlar. Asiyada sürətli iqtisadi inkişafı ilə möcüzələr yaradan Çin Xalq Respublikası heç də istisna deyil. Bu ölkə “Bir kəmər-bir yol” təşəbbüsünü inkişaf etdirməyə başlayandan Yaxın Şərq və Avropa istiqamətlərində fəal şəkildə ticarət-nəqliyyat dəhlizlərinin imkanlarını ciddi şəkildə araşdırırdı. Elə onun maraq dairəsinə düşən ilk istiqamət Yeni İpək Yolu və bu yolun Cənubi Qafqaz ərazisindən keçən Bakı-Tbilisi-Qars dəhlizi olmuşdur. Ona görə də, Çinin logistika mütəxəssisləri uzun müddət test rejimində Transxəzər və Transqafqaz marşrutlarının səmərəliliyini ciddi şəkildə araşdırırdılar. Mühüm olan bir xüsusi məqam da ondan ibarətdir ki, Azərbaycanın coğrafi mövqeyindən kifayət qədər sanballı tranzit gəliri əldə etmək üçün ölkə Prezidenti, cənab İlham Əliyevin uzaqgörən strategiyası sayəsində bir çox qabaqlayıcı tədbirlər də görüldü. Bu da bilavasitə nəqliyyat dəhlizinin maneəsiz işləməsinə geniş şərait yaratmaqla qlobal benifisiar olan Çinin diqqətini çəkdi. Məsələn, ticarət magistralının dar məkanını genişləndirmək məqsədilə 2007-ci ildə ölkə Prezidenti, cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Bakıda yeni dəniz limanının tikintisinə başlanıldı. Bu limanın ərazisi 25 kvadratkilometrə çatır və burada avtomobil, dəmir yolu nəqliyyatı ilə daşınan konteynerlər üçün terminallar salınır. Yəni bu limanın tikintisi də Çinlə Avropanı, Şərqlə Qərbi birləşdirəcək nəhəng logistika mərkəzi kimi nəzərdə tutulmuşdur.

      Müstəqillik tariximizin möhtəşəm layihələrindən birinin reallaşmasına rəhbərlik etməklə Azərbaycan növbəti dəfə təsdiqlədi ki, regional və qlobal əhəmiyyətli layihələri uğurla həyata keçirə bilər. Bunu Bakı-Tbilisi-Qars dəmir yolunun geosiyasi və geoiqtisadi səmərəsinə nəzər saldıqda da görürük. Belə ki, bu dəmir yolu xəttinin işə düşməsi regionda sabitliyə, iqtisadi inkişafa böyük töhfədir və onun imkanları sayəsində Azərbaycan, Gürcüstan, Türkiyə mühüm tranzit qovşağına çevrilir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin perspektivlərindən danışarkən qeyd etməliyik ki, Asiyada yüklərin əsas yaranış ölkəsi olan Çin artıq bu xəttə böyük maraq göstərir. Bu layihə Qazaxıstan üçün də səmərəlidir, çünki bu yol Türkiyənin Mersin limanı vasitəsilə, Aralıq dənizi regionuna çıxışı təmin edir. Odur ki, bu dəmir yolu xətti Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşməsində çatışmayan bağlantını tamamlayır, bununla da Avropa ilə Asiya arasında daşımalarda yekun bənd kimi çıxış edir. Bu layihənin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, bu coğrafiyada yerləşən türkdilli ölkələrin inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, həmçinin, Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Bakı-Tbilisi-Qars layihəsinin əsas üstünlüklərindən biri də odur ki, Azərbaycan Gürcüstan ərazisindən keçməklə, Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olur, bu isə, iki dövlət arasında münasibətləri daha da möhkəmləndirməyə xidmət edir. Digər məsələ, bu layihənin Naxçıvan Muxtar Respublikasına qədər uzanmasıdır. Gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur ki, bu da muxtar respublikanın nəqliyyat müstəqilliyinin təmin edilməsinə səbəb olacaq. Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası xüsusi strateji əhəmiyyət daşıyır, çünki Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amildir. Bu, həm də, layihənin icrasında nadir əməkdaşlıq formatı göstərən üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əlaqələrin strateji təzahürünü bütün dünyaya nümayiş etdirir. Ən əsası isə, bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu, qardaşlığı dayanır.

   Onu da qeyd edim ki, Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli şəkildə açılış mərasimi, 30 oktyabr 2017-ci il tarixdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında həyata keçirilmişdir...

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının məsləhətçisi.