Azərbaycan məsuliyyətli ölkədir

09:17 21-12-2022 443

         Bildiyimiz kimi, Ulu Öndərimizin siyasətini qətiyyətlə davam və inkişaf etdirən möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin uğurlu siyasəti, müdrik qərarları sayəsində son illərdə Azərbaycan qüdrətli bir dövlətə çevrildi, ölkəmiz, müzəffər xalqımız tariximizin heç bir mərhələsində görünməyən uğurlara imza atdı. Hər zaman xalqın dəstəyinə arxalanan, ondan güc alaraq müstəqil siyasət yürüdən ölkə Prezidenti, cənab ­İlham Əliyevin mahir idarəçilik təfəkkürü, fenomenal bacarıqları sayəsində ölkəmizin siyasi, iqtisadi, hərbi qüdrəti günbəgün artdı. Bütün bunlar, əlbəttə, çoxdan arzusunda olduğumuz tarixi zəfərimizi şərtləndirir və günü-gündən yaxınlaşdırdı. Nəhayət, 27 sentyabr 2020-ci ildə başlayaraq, 44 gün boyunca Zəfər salnaməmizin ən şanlı, ən parlaq səhifələri yazıldı. 8 noyabr 2020-ci ildə  milli qürurumuzun simvolu olan Şuşanın azad olunması ilə, 44 günlük Zəfər yürüşümüz öz zirvəsinə çatdı– düşmənin acı məğlubiyyətini etiraf etməkdən və təslimçilik sənədinə imza atmaqdan başqa çarəsi qalmadı. İllərlə arzusunda olduğumuz gün gəldi, xəyallarımız gerçəkləşdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Müqəddəs yurdumuz – Qarabağımız azadlığına qovuşdu. Başımızın üstündəki qara buludlar əbədi olaraq dağıldı. Üstümüzə gün doğdu, taleyimizə yeni həyat bəxş olundu.  Bu mənada 8 Noyabr tarixi haqlı olaraq ölkəmizin, xalqımızın həyatında yeni eranın başlanğıcı kimi qiymətləndirilir. Məhz, bu tarixdən sonra regionda yeni geosiyasi reallıqlar yarandı. Vətən müharibəsini qalibiyyətlə başa vuran qüdrətli Azərbaycan öz şərtlərini diqtə edən və uğurla həyata keçirən ölkə kimi daha böyük imkanlar əldə etdi. Qədirbilən xalqımızın müdrik rəhbərimizin ətrafında dəmir yumruq kimi birləşərək Zəfər salnaməmizi yazdığı 44 günlük Vətən müharibəsindən sonra diplomatik cəbhədə, informasiya savaşında və azad Qarabağdakı quruculuq cəbhəsində davam edən qələbələrimizin gətirdiyi ovqatla tarixi Zəfərimiz günü-gündən daha da möhkəmlənir. 44 günlük Vətən müharibəsi günlərində olduğu kimi, bu günlər də hər birimiz qürur və sevinc hissləri yaşayırıq. Qalib ölkənin qürurlu vətəndaşları kimi hər gün hansısa əlamətdar bir hadisəyə, tarixi bir məqama şahidik edirik. Bu gün, düşmən ölkənin xaincəsinə davam edən hərbi-siyasi təxribatlarına  baxmayaraq, Azərbaycan dövləti, onun başçısı humanist, sülhsevər mövqeyi, konstruktiv siyasəti ilə seçilir, bölgədə əbədi sülhə, inkişafa və rifaha nail olmaq üçün ardıcıl səylərini davam etdirir. Bütün danışıqlar prosesində sülhsevər mövqeyini qətiyyətlə ortaya qoyan Azərbaycan lideri təmkinlə, səbrlə və məğrurluqla müzəffər xalqımızın maraqlarını ifadə edir.  Son dövrlər Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə keçirilən görüşlərin hər birində sülh müqaviləsinin imzalanaması üçün Azərbaycanın təqdim etdiyi 5 şərt ədalətli prinsiplər kimi qəbul olunur, təkliflərimiz dövlətimizin konstruktiv mövqeyinin ifadəsi kimi səslənir. Azərbaycan sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin həyata keçirlməsinə, bununla da bölgədə əbədi sülhün əldə edilməsinə hər zaman hazır olduğunu ifadə edir. Azərbaycanın Vətən müharibəsində qazanılmış tarixi Zəfərin nailiyyətləri, nəticələri hər kəs qəbul etməlidir, çünki Azərbaycan Ermənistandan fərqli olaraq, heç bir dövlətin torpağını işğal etməyib, öz torpağında vuruşaraq, şəhid verərərk, qan tökərək, ədaləti bərpa edərək işğala son qoyub. Azərbaycan bütün dünyaya sübut edir ki, o sülhsevər dövlətdir, ləyaqətlə mübarizə aparır, qalib gəlməsinə baxmayaraq, yenə də, Cənubi Qafqazda, regionda təhlükəsizlik və inkişaf naminə slüh danışılarına, sülh sazişinin imzalanmasına hazırdır.

     Onu da qeyd edim ki, Azərbaycan hər zaman məsuliyyətli və sülhsevər bir dövlət kimi, bütün dünyanın diqqət mərkəzində olub. Belə ki, ölkəmizin beynəlxalq sülhyaratma əməliyyatlarında iştirakı Kosovoda hərbi münaqişənin yarandığı dövrdən başlayıb və Azərbaycan ilk dəfə olaraq sülhməramlı heyətini 1999-cu ildə həmin bölgəyə göndərib. Sonrakı dövrlərdə isə, İraqda beynəlxalq təhlükəsizlik qüvvələrinin tərkibinə daxil olub və yenə də, burada sabitliyin, əmin-amanlığın təmin edilməsinə dəyərli töhfə verir. Silahlı Qüvvələrimizin 22 nəfərdən ibarət sülhməramlı tağımı isə, 2002-ci ildən Əfqanıstanda fəaliyyətə başlayıb. 2008-ci ildə onların sayı artırılaraq bölük səviyyəsinə çatdırılıb. Milli Məclis sülhməramlı kontingentimizin iki dəfə artırılması haqqında qərarı 2009-cu ildə qəbul edib və elə həmin vaxtdan Əfqanıstanda sülhməramlı missiyanı həyata keçirən hərbi qulluqçularımızın sayı 94 nəfər təyin edilib. Bu gün də, sülhməramlılarımız rotasiya qaydasında hərbi xidmətlərini həyata keçirirlər...

  Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.