İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın yaradılması prioritet məsələlərdəndir

21:12 24-12-2022 392

     Tarixi faktlardan məlum olduğu kimi, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra, onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyun ayında kuliminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bütövlükdə bürüdü. Müstəqilliyimizin ilk illəri hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanır. Bütün bunlar, məhz yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Belə bir zamanda, Azərbaycanın 20 faiz torpağı da işğal altına düşdü. Şübhəsiz ki, bu proses Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz nəticəsində baş verdi.

       Sözsüz ki, Vətən müharibəsi zamanı işğalçı və təcavüzkar Ermənistan üzərində tarixi Qələbənin qazanılmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, cənab İlham Əliyevin düşünülmüş, ardıcıl, məntiqi siyasəti, hərbi bacarığı, məharəti həlledici rol oynadı. Ölkə Prezidenti, cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, Vətən müharibəsində baş verən hadisələr, aparılan uğurlu hərbi əməliyyatlar, eyni zamanda, Ermənistanın Azərbaycanın dinc mülki əhalisini terrora məruz qoyması konkret faktlarla dünya ictimaiyyətinə çatdırıldı. 30-dan artıq dünya KİV-lərinə müsahibələrində ölkə Prezidenti, cənab İlham Əliyevin siyasi hazırlığı, məntiqi düşüncəsi, əsas hədəfə istiqamətlənmiş açıqlamalar diqqəti çəkdi və o, təbii ki, bu  informasiya mübarizəsinin də qalibi oldu. Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, xalq-iqtidar birliyi, siyasi həmrəylik düşmən üzərində tam və qəti Qələbənin təmin edilməsində çox əhəmiyyətlidir.  

      Bu gün, Azərbaycan işğaldan azad olunan ərazilərdə böyük quruculuq işlərinə start verib. Ermənistan işğal etdiyi ərazilərin bütün infrastrukturunu, maddi-mədəniyyət abidələrimizi dağıtmış, bu ərazilərdəki meşələrimizi yandırmış, məhv etmişdir. Təbii ki, Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı bu və ya digər layihələrin reallaşlmasına imkan verir. 30 ilə yaxın işğalda olan torpaqların bərpası, yenidən qurulması vaxt və maliyyə imkanları tələb edir. Bu gün, işğaldan azad olunan və üçrəngli bayrağımız dalğalanan ərazilərimizdə müasir infrastruktur yaradılır. Ölkəmiz Böyük Qayıdışı qısa müddətdə, həmçinin, uğurla təmin etmək üçün işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılmasını və zəruri infrastrukturun yaradılmasını öz gündəliyinin əsas məsələlərindən biri kimi müəyyənləşdirib. Vətən müharibəsində şanlı Qələbəmizin əsas memarı olan  ölkə Prezidenti, cənab İlham Əliyev işğaldan azad olunan ərazilərdə başlanan bərpa işlərini, bilavasitə şəxsi nəzarətində saxlayır. Postmüharibə dövründə möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ bölgəsində başlanan və yaxud nəzərdə tutulan bərpa işləri diqqət çəkir. Müharibə başa çatandan sonra, dövlət başçımız dəfələrlə mədəniyyət paytaxtımız sayılan Şuşaya və işğaldan azad edilmiş digər ərazilərə səfərlərə gedərək başlanan layihələrin icrası ilə bağlı Özünün xeyir-duasını, dəyərli tövsiyələrini verib. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işlərinə başlanılması, şübhəsiz ki, Azərbaycan dövlətinin gücünü göstərir. Güclü dövlət olan Azərbaycan üç onillik ərzində erməni vandalları tərəfindən dağıdılaraq yerlə-yeksan edilən şəhər və kəndlərimizi, tarixi dini-mədəni abidələrimizi yüksək səviyyədə bərpa etmək əzmindədir, təbii ki, buna qadirdir. Bərpa prosesi ilə bağlı qarşıya qoyulan hədəflər müxtəlif məsələləri əhatə edir. Vətən müharibəsində işğaldan azad edilən ərazilərin bərpası planlı və mərhələli şəkildə həyata keçirilir. Ərazilərin bərpası proqramı çərçivəsində zəruri infrastrukturun yaradılmasının prioritetliyi təmin edilir ki, bu da, təbiidir. İlkin mərhələdə zəruri infrastrukturun qurulması həm insanların doğma yurd yerlərinə qayıtmalarını təmin etmək, həm də, işğaldan azad edilmiş ərazilərin iqtisadiyyatını qurmaq baxımından zəruridir. Artıq, Qarabağın inkişafı istiqamətində genişmiqyaslı layihələr aparılır. Bərpa-quruculuq və yenidənqurma işlərinə bütün tərəfdaşlar, marağı olan ölkələr cəlb edilir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bərpa-quruculuq işləri həyata keçirən ölkəmiz üçün yeni imkanlar üfüqi açmışdır. Xalqımız qardaş və dost ölkələrlə birlikdə bu mühüm missiyanı uğurla başa çatdıracaq...

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.