Azərbaycanda investisiya mühiti çox müsbətdir

14:29 23-01-2023 288

      Bildiyimiz kimi, müstəqilliyimizin ilk illərində ölkəmizdə mövcud xaos, anarxiya əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olurdu, lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə yaradılan sabitlik, iqtisadi mühit bu tərəddüdləri aradan qaldırdı. 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycana inam artdı, ölkəmiz qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Bu gün, ümumilikdə, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi milyard dollarlarla ölçülür. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı, sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, eləcə də, yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili, maddi-mənəvi, rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması, cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir ki, insan amilinə artan diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun, sosial-iqtisadi sahədə davamlı inkişaf gerçəkləşdirilsin. Bunun üçün potensial baza kimi neft-qaz hasilatı, nəqli və emalı sistemlərinin tikilməsi, yenidən qurulması, modernləşdirilməsi nəzərdə tutulur, neft-kimya zavodlarından ibarət kompleksin inşası planlaşdırılır. Ən əsası isə, qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahənin inkişafına yönələn islahatların tətbiqi sürətləndirilir.

     Bütövlükdə, Azərbaycan inkişaf, sabitlik yolu ilə gedir. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Apardığımız siyasət xalq tərəfindən dəstəklənir. Bu siyasət konkret işlərlə ölçülür və onun təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır, əlbəttə ki, verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də, xalq tərəfindən ölkə rəhbərliyinə göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri də, məhz budur. Sirr deyil ki, Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarının təşviqi və stimullaşdırılması, ölkədə həyata keçirilən iqtisadi siyasət strategiyasının ana xəttinə çevrilmişdir. Hazırda, Azərbaycanda sərmayə qoyuluşu məsələləri ilə bağlı çox böyük işlər görülür. Həm neft-qaz sektoruna, həm də, qeyri-neft sektoruna milyardlarla dollar sərmayə qoyulub. Xarici sərmayələr lazımi səviyyədə qorunur və hər bir ölkə üçün bu, önəmlidir, çünki biznes mühitinin yaxşılaşdırılması nəticəsində iş adamları özlərini daha rahat hiss edirlər. Ölkəmizdə investisiyaların təşviqi mexanizmi yaradılıb. Bir sıra stimullaşdırıcı vasitələr tədbiq edilib. Ümumiyyətlə, investisiya qoyuluşu üçün ölkəni cəlbedici və etibarlı edən bir neçə şərt var. Ən mühüm şərtlərdən biri də, həmin ölkədə hökm sürən siyasi sabitlikdir. Yəni istər yerli, istərsə də, xarici investor olsun, hər birinin ən əsas önəm verdiyi amil pulunu yatırdığı ölkədə siyasi çaxnaşmaların, qeyri-stabil siyasi vəziyyətin olmamasıdır. Təbii ki, bunun əksi olduğu halda, heç bir sahibkar risk edib sərmayə yatırmaz. Ona görə də, investisiya qoyuluşunda sahibkarları Azərbaycana cəlb edən əsas cəhət burada siyasi sabitliyin mövcud olmasıdır.

     Məlumdur ki, 44 günlük Vətən müharibəsindəki Şanlı Qələbəmiz, bölgədə yeni hərbi-siyasi reallıqlarla yanaşı, geniş iqtisadi imkanlar da yaratmışdır. Bu da təbiidir. Ölkə Prezidenti, cənab İlham Əliyevin göstərişi ilə qələbədən dərhal sonra, işğaldan azad edilən torpaqlarda quruculuq işlərinə başlanılmışdır. Bölgədə avtomobil yolları yenidən qurulur və hava limanları inşa edilir. Həmin ərazilərdə reallaşdırılacaq “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları xarici sahibkarlar üçün də yeni biznes və investisiya imkanları yaradır. İşğaldan azad olunan ərazilərin zəngin təbii sərvətləri, mineral resursları, kənd təsərrüfatı və heyvandarlıq sahələri, həmçinin bölgənin turizm potensialı xarici şirkətləri özünə cəlb edir. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər arasında geniş sorğu aparılmış, onlardan Azərbaycandakı işgüzar mühitin vəziyyəti ilə yanaşı, işğaldan azad olunan ərazilərdə çalışmaq istədikləri də soruşulmuşdur. Məlum olmuşdur ki, Azərbaycanda çalışan xarici iş adamları işğaldan azad edilən ərazilərdə işləmək arzusundadır. Buradan çıxan nəticə odur ki, xarici sahibkarlar Azərbaycan dövlətinə inanır, yatıracaqları sərmayənin onlara gəlir gətirəcəyinə heç bir şübhə etmirlər..

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.