Azərbaycan tərəfi İrandan məsələ ilə

bağlı obyektiv araşdırma gözləyir

  

21:22 27-01-2023 306

    Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyində qanlı, faciəli hadisə baş verib. Səfirliyin bir əməkdaşı həlak olub, ikisi isə yaralanıb. Baş vermiş hadisə bütün göstəriciləri ilə terrordur, Azərbaycanın ərazisinə təcavüzdür. Hadisəni törədən şəxs Yasin Hüseynzadə İran vətəndaşıdır. Onun İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair şübhələr var. Bu da qəribə deyil. Çünki İran həmişə terror yuvası olub, terrora dəstək verən əsas ölkələrdən biridir. Mövcud olduğu 44 il ərzində Tehran rejimi səfirlik və konsulluqlara hücumu ilə seçilib. ABŞ səfirliyi, Səudiyyə Ərəbistanının konsulluğuna hücumları sübut olaraq göstərmək mümkündür. Bu hadisələr İrandakı səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət olmadığını isbatlayır. İran hakimiyyəti başqa ölkələrdəki səfirlik və nümayəndəliklərə də hücum təşkil edib. ABŞ-ın İraqdakı konsulluğuna, İsrailin Argentinadakı nümayəndəliyinə hücumları misal göstəmək olar. İranda xarici ölkə vətəndaşlarının təhlükəsizliyinə də təminat yoxdur. Son zamanlar etiraz aksiyaları fonunda baş verənlər bunu təsdiqləyir. Bu hücumla beynəlxalq hüququn bütün normaları pozulub. Buna görə təkcə hadisəni törədən deyil, İran hakimiyyəti də cavabdehlik daşıyır.

    Azərbaycan dövləti İrandan məsələ ilə bağlı obyektiv araşdırma aparmasını və tezliklə nəticələrini təqdim etməsini gözləyir. Lakin istənilən halda İran tərəfinin hadisəni obyektiv araşdıracağına ümid çox azdır. Çünki İranın ümumilikdə Azərbaycana qarşı son zamanlar xüsusən qərəzli mövqe nümayiş etdirməsi, əsassız ittihamlar səsləndirməsi, Azərbaycanla münasibətləri gərginləşdirməsi fonunda bu, heç də ümidverici deyil. İrandakı səfirliyimizə xain hücumu hiddətlə qınayırıq. Bu qanlı terror hadisəsi mütləq öz hüquqi qiymətini almalıdır. Bir ölkənin Səfirliyi, həmin ölkənin ərazisi hesab edilir  və bu hadisə də təkcə səfirliyimizə deyil, ölkəmizə qarşı hücum, terror anlamına gəlir.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan Rayon Təşkilatının sədri.