Poeziya-2023

Hidayət AĞALAR

15:18 03-02-2023 422

ADSIZ ŞEİR

Xəyalın qapısın açıb,

Dünyaya xəyalımın gözü ilə

baxıram mən də.

Dünya nə kiçik görünür

onu dərk edə bilməyəndə?!

Dünya kiçik, xəyalım ondan böyük.

Xəyalımın qanadında  dünya kiçicik bir yük.

İndi dünya söyləsin:

Mən böyüyəm, O böyük?

 

QATAR

Ayrı düşüb ümidim xəyalımdan,

Nə xəyalım ümidimə qayıdar,

nə ümidim xəyalıma çatar.

Ömrüm ümidlə xəyal arasında

ağır yük çəkən qatar.

Eh!

Bu qatarın qayıtmağı yox,

getməyi var...

 

KÜLƏK

A layla çalan külək,

Yavaşca çal laylanı.

Hay-haray salan külək,

Oyatma el-obanı,

Sevgilim yuxudadır.

 

Sözlərimi eşit bir,

Səndə bu tərslik nədir?

Pəncərəni qoy açım,

Sən Allah yavaşca gir,

Sevgilim yuxudadır.

 

SƏHƏR GƏLƏRSƏN SƏN DƏ

Yuxumda səni gördüm, sevincim aşdı-daşdı,

Mən ayılcaq  çəkildin, qaldım gözləri yaşlı.

Yatdım ki, bir də görüm, amma gəlmədin nədən?

Gəl başına  döndüyüm, yoxsa küsübsən məndən?

Bir də gəl gir yuxuma, çəkilmə xəyal kimi,

Din, səsini dinləyim, dayanaraq lal kimi.

Gecənin zülmətində məni boğardı qəhər,

Geciksəydi yanıma “gecənin qızı”-səhər.

İncə təbəssümiylə günəş mənə güləndə,

İnandım ki, günəş tək səhər gələrsən sən də.

 

HARA TƏLƏSİRSƏN

Buludların dolmağı var,

Dönüb leysan olmağı var.

Açılanın solmağı var,

Çiçək, hara tələsirsən?

 

Yox hesabı gileyimin,

Ürək birdir, diləyi min.

Yolu yoxsa diləyimin,

Dilək, hara tələsirsən?

 

Dərd dağları qarıdımı?

Beçəverməz arıdımı?

Bir gör ömür yarıdımı?

Fələk, hara tələsirsən?

 

Zamzn çəkdi felə məni,

Tez döndərdi külə məni.

Yavaş-yavaş ələ məni,

Ələk, hara tələsirsən?

 

Əzrayıla qıyma məni,

Duymadınsa duyma məni.

Yarı yolda qoyma məni,

Ürək, hara tələsirsən?

 

Hidayətəm, bitməz sözüm,

Dərd-sərim var düzüm-düzüm.

Ömrü yelə verdim özüm,

Külək, hara tələsirsən?

 

DÜNYANI MƏNDƏN XƏBƏR AL

Küləyi sərt, mehi sərin,

Haqqı ağır, behi şirin,

Ağasıdır tamahkirin,

Dünyanı məndən xəbər al.

 

Dərd adlı bir şələsi var,

Sərvər adlı  tələsi var.

İnsan adlı köləsi var,

Dünyanı məndən xəbər al.

 

Yolu birdir, qapısı bir,

Gələn gəlir, gedən gedir.

Xeyir, filan  güdən gedir,

Dünyanı məndən xəbər al.

 

Gəlimi, gedimi belə,

Ölümü, itimi belə.

Əzəldən idimi belə,

Dünyanı məndən xəbər al.

 

Ay əliboş gedən yolçu,

Əlin boşdu nədən yolçu?!

Falçı, filan güdən yolçu,

Dünyanı məndən xəbər al.

 

Biz gedərik, özü qalar,

İz qoyanın izi qalar.

Hidayətin sözü qalar,

Dünyanı məndən xəbər al.

 

SÖZÜM ÖTMƏDİ

Barışardım zamanla mən,

Zaman düz yola getmədi.

Xeyir əkdim, şər bitirdi,

Həsrətim, qəmim bitmədi.

 

Həsrətdən bağrım didilər,

Sevincim göydə güdülər.

“Ahın dağlara”- dedilər,

Ahım dağlara yetmədi.

 

Nisgilim, qəmim qoşadı,

Mənim gileyim daşadı.

Arsız-arsız hey yaşadı,

Qəm-kədər ölüb-itmədi.

 

Tərlan durmaz sar yanında,

Qoy məni qəmxar yanında.

Hidayətəm, yar yanında,

Bircə yol sözüm ötmədi.