Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar

10:27 14-02-2023 335

   Sözsüz ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı dövlətimizin, xalqımızın göstərdiyi dəstəyin fonunda da hər iki dövlətin, xalqın qardaşlıq münasibətləri açıq şəkildə nəzərə çarpır. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, müvafiq dövlət qurumları tərəfindən fəlakət bölgəsində çətinliklərlə üzləşən insanlara yardım göstərmək üçün bütün lazımi tədbirlər görülür. Azərbaycan xilasediciləri zəlzələnin baş verdiyi ilk gündən axtarış-xilasetmə işlərinə qoşulub. Hava və quru yolu ilə humanitar yardımlar çatdırılıb, hal-hazırda çatdırılmaqda davam edir. Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu dar gündə də qardaşının yanındadır. Dövlətimiz, xalqımız zəlzələdən zərərçəkən türkiyəli bacı-qardaşlarımıza kömək olmaq üçün faciənin baş verdiyi andan etibarən səfərbər olub, ölkəmizin bütün bölgələrində yardım kampaniyalarına başlanılıb. Hər kəs bağrından qopan qardaş payı ilə bu yardım kampaniyalarında cani-dildən iştirak edir, Türkiyəyə kömək üçün könüllü olur.

    Dövlət orqanları ilə yanaşı, özəl şirkətlər, vətəndaş cəmiyyəti institutları da bu prosesə töhfə verməyə çalışırlar. Bunlarla yanaşı, Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar. Bütün bunlar, mərhəmət, şəfqət, humanizm nümunəsi olmaqla yanaşı, həm də, milli birliyimizin göstəricisidir. Azərbaycanda dövlət və xalq arasında milli həmrəyliyin, qarşılıqlı etimadın, inamın ifadəsidir. Ümumiyyətlə, Türkiyənin bu kədərli günündə nəinki dövlət qurumları, QHT-lər, uşaqdan-böyüyə hər bir azərbaycanlı ürək dolu sevgiləriylə qardaş, bacılarının yanındadırlar.

   Ən çətin anlarımızda qardaş Türkiyə hər zaman yanımızda, bizimlə çiyin-çiyinə olub. Hər iki qardaş dövlət daim bir-birinin yanında olub. 30 il işğal altında olmuş tarixi Azərbaycan torpaqlarının 27 sentyabr 2020-ci il tarixdə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin, eləcə də, onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında birliyin, həmrəyliyin təntənəsi idi. Vətən müharibəsində qardaş ölkənin yaxından dəstəyini hiss etməyimiz bizə ruh, güc verib. Vətən müharibəsi dövründə Türkiyənin dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu ağır günlərdə Azərbaycan dövləti, cənab Prezidentimizin rəhbərliyi ilə qardaş Türkiyənin yanındadır. Əminik ki, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə qardaşlığın, həmrəyliyin gücü ilə bütün çətinliklərdən qalib çıxacaqdır.

 

  Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.