İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, həmçinin, böyük coğrafiyanın maraqlarını da təmin edir

00:29 18-02-2023 398

    Məlumdur ki, bu gün, Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu mənada Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verilir. Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Azərbaycan yenidən müstəqilliyini qazandıqdan sonra, İtaliya ilə çox səmərəli münasibətlər qurub və indiyə qədər də dövlətlər arasında bu tərəfdaşlıq böyük inkişaf yolu keçib. Azərbaycan ilə İtaliya arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu vaxta qədər müstəqil Azərbaycanla İtaliya arasında çox sayda sənəd imzalanmışdır. Bu isə, təbii ki, münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də, sosial-humanitar sahələri əhatə edir. Ulu Öndər Heydər Əliyevin və ölkə Prezidenti, cənab İlham Əliyevin İtaliyaya rəsmi səfərləri ikitərəfli münasibətlərə xüsusi təkan vermiş, bu sahədə yeni mərhələlərin başlanğıcını qoymuşdur. Hər iki ölkənin tarixində silinməz izlər qoyan bu səfərlər əlaqələrimizin inkişaf istiqamətlərinin konturlarını cızmış və bütün sahələrdə əməkdaşlığımızın, müxtəlif nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılan danışıqların, imzalanan sənədlərin təməl daşına çevrilmişdir. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Azərbaycan ilə  İtaliya yüksək səviyyədə siyasi dialoqun inkişaf etdirilməsində və iki dövlətin qanunvericilik, icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. İtaliya-Azərbaycan əlaqələri digər Avropa ölkələri üçün də bir nümunə modelidir. Bu münasibətlər bütün Avropa və Qafqaz ölkələrinin inkişafına stimul verəcəkdir. Azərbaycan Qafqazda Avropanın İttifaqının, o cümlədən, İtaliyanın ən yaxın strateji tərəfdaşıdır. 

     Onu da qeyd edim ki, Azərbaycan və İtaliya beynəlxalq müstəvidə daim bir-birini dəstəkləyib, iki ölkə arasında böyük etimad formalaşıb. 30 ilə qədər davam edən Qarabağ münaqişəsi zamanı da İtaliya beynəlxalq qanunlara əsaslanaraq, ədalətli mövqe nümayiş etdirib. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyini dəstəklədi. Məhz bu dostluğun nəticəsidir ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə cəlb edilən ilk ölkələrdəndir...

 

  Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.