Enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək

20:16 24-02-2023 303

       Sirr deyil ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında enerji amilinin rolu böyükdür.  Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ölkəmizlə qurum arasında gələcək əməkdaşlıq üçün geniş imkanlar yaratdı. Son dövrün əsas çağırışları sırasında bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasının vacibliyini nəzərə alsaq Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı üçün bu sahədə də geniş imkanların mövcud olduğu dərhal nəzərə çarpar. Bu əminlik hər zaman ifadə edilir ki, Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək. Ölkə Prezidenti, cənab İlham Əliyev Münxendə Azərbaycan televiziya kanallarına müsahibəsində ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında rolundan bəhs edərək bildirdi ki, həm Davos Forumu çərçivəsində, həm də, burada enerji təhlükəsizliyi məsələləri gündəliyin ön sıralarındadır. Əlbəttə ki, Münxen Təhlükəsizlik Konfransında  Azərbaycan yeni mənbənin sahibi kimi və Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır. Bir çox görüşlərdə ölkəmizin  Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə qeyd olunur və mənə təşəkkürlər də çatdırılır. Şübhəsiz ki, enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək. Ölkə Prezidenti, cənab İlham Əliyevin  Konfransın əsas proqramındakı iki iclasda iştiraka dəvət edilməsi onun lider və natiq kimi şəxsiyyətinə böyük hörmətin göstəricisi, habelə, ölkəmizin enerji təhlükəsizliyi kimi qlobal miqyaslı aktual mövzu üzrə, eləcə də, Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunun qəbul edilməsi, tanınmasıdır. Avropanın enerji təhlükəsizliyinin təmin olunması, enerji marşrutlarının şaxələndirilməsi, yaşıl enerji, regional kommunikasiya xətlərinin açılması, Orta Dəhliz kimi məsələlərdə ölkəmizin təşəbbüsləri və apardığı uğurlu siyasət, qurduğu səmərəli əməkdaşlıq əlaqələri, Cənubi Qafqazda fəal şəkildə təşviq etdiyi sülh gündəliyi Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər forumun maraq dairəsindədir...

    Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.