Azərbaycan, tarixi ədaləti güc vasitəsilə bərpa etməyə məcbur oldu

20:38 24-02-2023 282

    Məlum olduğu kimi, uzun illər ərzində Azərbaycan sülh danışıqlarına sadiq qalmış, münaqişənin hər iki tərəfdən itkilərə yol vermədən həlli üçün bütün mövcud imkanları dəyərləndirməyə çalışırdı. Əfsuslar olsun ki, gedən proseslər belə bir həqiqəti ortaya çıxarırdı ki, Ermənistanın məqsədi sülh danışıqlarında iştirak etməklə heç də münaqişənin öz həllini tapması deyil. Onlar bununla sadəcə olaraq mövcud status-kvonu qorumaq, ərazidə möhkəmlənmək və zaman keçdikcə işğalı qanuniləşdirmək niyyətində idilər. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd Qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti kimi beynəlxalq təşkilatların da oxşar məzmunlu qərarları var idi, amma Ermənistan bunların heç birinə məhəl qoymadı, işğalçı mövqeyindən əl çəkmədi. Beynəlxalq cinayətlərini nümayişkəranə şəkildə davam etdirdi. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət də Ermənistanın bu hərəkətlərinə ciddi reaksiya vermədi. Ədaləti qorumaq əvəzinə, ikili standartlar mövqeyi göstərdi. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev beynəlxalq tribunalarda dəfələrlə işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırsa da, əfsus ki, BMT Təhlükəsizlik Şurasının Qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi. Bir çox ölkələrə BMT Təhlükəsizlik Şurasının bəzi Qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycanın haqlı mövqeyinin müdafiəsinə yönəlmiş Qətnamələr 27 il icra olunmamış qaldı və bu sahədə ikili standartların olduğunu bir daha sübuta yetirdi. 30 ilə yaxın müddət ərzində Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli üzrə mandat daşıyan ATƏT-in Minsk qrupu da, ciddi mövqe sərgiləyə bilmədi, üzərinə düşən vəzifələrin icrasına nail olmağı bacarmadı. Təsis olunduğu gündən ATƏT-in Minsk Qrupu məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır.

     Ermənistan yenə də, çirkinliklərdən əl çəkmədi və 27 sentyabr 2020-ci ildə cəbhənin bütün istiqamətlərində təxribatlat törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu əks-həmlə əməliyyatlarına başladı. Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev azğın düşməni yerində oturtmaq, işğal altındakı ərazilərimizi geri qaytarmaq üçün “İrəli” əmrini verdi!. Beləliklə də, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda 2-ci Qarabağ savaşı, müqəddəs Vətən müharibəsi başladı. Azərbaycan dövləti, xalqı və ordusu məqsədə çatmaqdan ötrü bütün gücünü, imkanlarını ortaya qoydu, dərhal səfərbər olunaraq qüdrətli, nəhənğ yumruğa çevrildi. 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə Şanlı Ordumuzun gücünün və qüdrətinin göstəricisi oldu. Azərbaycan Ordusu heç vaxt mülki obyektləri hədəf almadı, dinc sakinlərə zərər vermədi. Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu, bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı dövlət-xalq-ordu birliyi yaratdı. Azərbaycan yaratdı bu reallığı. 27 ildir icra olunmayan BMT Təhlükəsizlik Şurasının Qətnamələri yerinə yetirildi. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və böyük zəfərimizi xalqımızın tarixinə qızıl hərflərlə yazdı. Vətənpərvər Azərbaycan gənci özünü döyüş meydanında, mənfur düşmənə qarşı mübarizədə ən yaxşı cəhətdən göstərdi. Bütün döyüş tapşırıqlarını cəsarətlə, igidliklə yerinə yetirdi, şücaət və qəhrəmanlıq nümayiş etdirdi. Şuşa kimi qala şəhərini sıldırım qayalara dırmaşmaqla, çətin cığırlardan keçməklə, yüngül silahlarla az qala əliyalın aldı. Bir sözlə, Azərbaycan gəncinin nəyə qadir olduğunu, əsil Vətən sevgisinin necə olduğunu bütün dünya gördü. Ali Baş Komandan, cənab İlham Əliyev qoyduğu şərtlər əsasında düşmənə təslim aktını, üçtərəfli bəyanatı imzalatdırdı. Ağdam, Laçın və Kəlbəcəri bir güllə belə atmadan, dinməz-söyləməz qaytarmağa məcbur etdi. Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu və möhtərəm İlham Əliyev əsrlər sonra ilk dəfə olaraq Qüdrətli Sərkərdə kimi itirilmiş torpaqları qaytardı, iki əsrlik Qarabağ münaqişəsini birdəfəlik, həm də, uğurla həll etdi. Azərbaycan xalqını dünyaya məğrur, döyüşkən, öz torpaqlarına sahib çıxan xalq kimi yenidən tanıtdı. Azərbaycan Ordusunun möhtəşəm hərbi əməliyyatları, 44 günlük zəfər müharibəsində Müzəffər Ali Baş Komandanın irəlicədən söylədikləri bütünlüklə həyata keçdi. Vətən müharibəsi ilk növbədə zəka, uzaqgörənlik, müdriklik, qətiyyət və möhkəm iradə müharibəsi idi. Döyüşən ordulara rəhbərlik edənlərin bu sahədəki fərqi özünü hərbi əməliyyatların gedişində, orduların hazırlıq səviyyəsində, seçilən taktika, strategiyada, müharibəyə hazırlıq və döyüşlərin davam etdiyi müddətdə yeridilən daxili, xarici siyasət, atılan diplomatik addımlar-bütövlükdə maharibənin nəticəsində özünü parlaq şəkildə göstərdi. Şanlı Zəfər bu gün, Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Azərbaycan Prezidenti, məhz bu reallıqlar fonunda yeni əməkdaşlıq platformalarının yaradılması istiqamətində təkliflərini səsləndirir. Yəni şərtləri indi cənab İlham Əliyev diktə edir. Məğlub Ermənistan isə, Azərbaycan Prezidentinin irəli sürtüyü şərtlərlə hesablaşmağa məhkumdur.

      Qarabağı “dəmir yumruq” əməliyyatı ilə, cəmi 44 günə düşməndən təmizləyən Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev bu gün, dəmir iradə ilə işğaldan azad olunmuş torpaqlarımızda böyük tikinti-quruculuq işlərinə başlayıb. Erməni barbarlarının daşı-daş üstündə qoymadıqları şəhərlərimizin Baş Planını təsdiq edərək daha möhtəşəm şəhərlər qurur. Bir vaxtlar torpaqlarından didərgin düşmüş bir milyona yaxın insana çadır şəhərçikləri yaradan, sonradan onlar üçün yeni yaşayış komplekskəri tikən ölkə bu gün, həmin vətəndaşın öz doğma yurduna qayıtması üçün Qarabağı yenidən qurur. Bu, ilk növbədə, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir...

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.