Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü

20:35 28-02-2023 511

     Artıq, yaşadığımız 2023-cü il Azərbaycanın çoxəsrlik tarixinə "Heydər Əliyev İli" kimi daxil olur. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ili "Heydər Əliyev İli" kimi elan etməsi ölkəmizin çoxəsrlik tarixinin bu qeyri-adi təqvim ilini də əbədiləşdirmişdir. Sərəncamı əsasında, bu ilin "Heydər Əliyev İli" kimi keçirilməsi respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcəkdir. Sözügedən Sərəncam, "Heydər Əliyev İli"nin həm nəzəri-metodoloji mahiyyətini, həm də, əməli-praktik istiqamətlərini aydın surətdə əks etdirir və gerçək, əhəmiyyətli bir proqramıdır. "Heydər Əliyev İli"nin əsas siyasi-ideoloji konturlarını tam şəkildə əhatə edən Sərəncam qarşıdakı dövrdə həyata keçirilməsi zəruri olan tədbirlərin əsl mahiyyətini real şəkildə əks etdirir. Ona görə də, mükəmməl şəkildə hazırlanmış dövlət Sərəncamını "Heydər Əliyev İli"nin aydın yol xəritəsi də adlandırmaq olar.

   Təbii ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil Azərbaycan dövləti qarşısında müstəsna dərəcədə böyük xidmətləri vardır. Belə ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildə siyasi hakimiyyətə gəlməsi ilə, Azərbaycan geridə qalmış aqrar ölkədən hərtərəfli surətdə inkişaf etmiş bir respublikaya çevrilmişdir. Siyasi Büronun üzvü kimi çoxcəhətli fəaliyyəti onun keçmiş sosialist ölkələri düşərgəsində və müttəfiq respublikalarda, hətta Sovetlər İttifaqından kənardakı kapitalist dövlətlərində də əsl dövlət xadimi olaraq qəbul edilməsinə yol açmışdır. Ən yaxın tariximizdə, XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi də Heydər Əliyevin qətiyyəti, ən optimal çıxış yollarını tapmaq və düzgün müəyyən edilmiş strategiyanı böyük bacarıqla həyata keçirmək istedadı sayəsində aradan qaldırılmışdır. Ulu Öndər Azərbaycanda dövlət müstəqilliyinin möhkəm təməllərini yaratmaqla ölkəmizin və xalqımızın böyük gələcəyinin yollarını açmışdır.

   Bütün bunlara görə 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən "Heydər Əliyev İli" elan olunması ilk növbədə bu böyük dövlət xadiminin dünya siyasətindəki, habelə, Azərbaycan xalqının tarixində, taleyindəki xidmətlərinin dünyaya və xalqımıza çatdırılmasına geniş imkan yaradılmasına uğurla xidmət edir. Bu mənada "Heydər Əliyev İli" haqqında Azərbaycan Prezidentinin Sərəncamı tarixin axarını dəyişdirmiş bu dahi şəxsiyyətin dünya tarixindəki yerinə, mövqeyinə, Azərbaycan xalqı və müstəqil dövlətimiz qarşısındakı misilsiz xidmətlərinə dövlət səviyyəsində verilmiş yüksək qiymətin əməli ifadəsidir. "Heydər Əliyev İli" haqqında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Sərəncamındakı aşağıdakı fikirlər bu görkəmli dövlət xadiminin unudulmaz xidmətlərini obyektiv şəkildə ifadə edir: "Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin mənəvi dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer qazanmasında müstəsna rol oynamışdır… Dövlətçilik salnaməsində silinməz izlər qoymuş, azərbaycanlı olması ilə fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir".

    Hamıya yaxşı məlumdur ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünyada görkəmli dövlət xadimlərindən biri kimi qəbul olunur. Dünyanın məşhur şəxsiyyətləri, böyük siyasətçiləri Ulu Öndər Heydər Əliyevin dövlətçilik sahəsindəki müstəsna istedadını və böyük siyasətdəki xüsusi məharətini yüksək qiymətləndirmişlər. Amerikanın keçmiş Prezidenti Bill Klintonun Heydər Əliyevə "dünyanı idarə etməyi bacaran görkəmli bir siyasi xadim" kimi yüksək qiymət verməsi, Türkiyə Cümhuriyyətinin keçmiş prezidenti Süleyman Dəmirəlin bu böyük dövlət xadiminin "bütün türk dünyasının yetişdirdiyi ən məşhur dövlət xadimlərindən biri" olduğunu bəyan etməsi bunun əyani sübutudur.

   Heydər Əliyev yeni tarixi epoxada Azərbaycanın dövlət müstəqilliyinin banisi, qüdrətli xilaskarı və böyük qurucusu olan tarixi şəxsiyyətdir.

   Heydər Əliyev - azərbaycançılıq idealının rəmzidir.

   Heydər Əliyev - Azərbaycan xalqının Ümummilli Lideridir.

  Heydər Əliyev - dünya tarixinin gedişatına təsir göstərməyi və tarixi yenidən qurub-yaratmağı bacaran nadir dövlət xadimlərindən biridir.

  Heydər Əliyevin - uzaqgörən dövlətçilik idealları bu gün də müstəqil Azərbaycan Respublikasının inkişaf yoluna gur işıq salır, bələdçilik edir.

  Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə deyilən tematik sitatların bir neçəsini diqqətinizə çatdırmaq istəyirəm:

- “Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir.” -

Pekin İctimai Elmlər Akademiyasında çıxışından (9 mart 1994-cü il);

- “Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi vardır.”

 -  Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş
təntənəli mərasimdə nitqindən (27 may 1998-ci il);

- “Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır.” -

“Ostankino” dövlətlərarası televiziya şirkətinə müsahibəsindən (6 iyul 1993-cü il);

- “Azərbaycanı parçalamaq Azərbaycanın daxilində və xaricində olan düşmənlərin uzun illərdən, bəlkə də əsrlərdən bəri ən bəd niyyəti, istəyi, arzusu olmuşdur.” -

Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşündən (13 avqust 1993-cü il);

- “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır.” -

Azərbaycan Respublikasının Elmlər Akademiyasında ziyalılarla görüşdə çıxışından (21 sentyabr 1993-cü il);

- “Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir.” -

Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə çıxışından (22 sentyabr 1993-cü il);

- “Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir.” -

Prezident Sarayında respublika iqtisadiyyatının və həyatın digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədən (21 iyun 1994-cü il);

- “Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir.” -

Respublika Günü (Müstəqillik Günü) münasibətilə keçirilən təntənəli yığıncaqda nitqindən (Respublika sarayı, 27 may 1995-ci il);

- “Azərbaycan dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacaqdır.” -

Norveçin Baş naziri Qru Harlem Brundtlandin Azərbaycan Prezidentinin şərəfinə verdiyi rəsmi ziyafətdə nitqindən (24 aprel 1996-cı il);

- “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir.” -

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 5-ci ildönümü
münasibətilə keçirilən təntənəli yığıncaqda nitqindən (Şəhriyar adına Mədəniyyət Mərkəzi, 7 oktyabr 1996-cı il);

            - “Biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq.” -

Azərbaycan Respublikası Sərhəd Qoşunlarının yaradılmasının beş illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitqindən (Şəhriyar adına Mədəniyyət Mərkəzi, 16 dekabr 1996-cı il);

- “Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir.” -

Fransanın həftəlik “Puan” jurnalının müxbirinə müsahibəsindən (Paris, 14 yanvar 1997-ci il);

- “Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır.” -

Respublikanın milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş təntənəli yığıncaqda nitqindən (5 iyul 1997-ci il);

- “Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.” -

Azərbaycanın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə bakıdakı 18 nömrəli məktəbdə keçirilmiş mitinqdə nitqindən (1 sentyabr 1997-ci il);

- “Bizim yolumuz Azərbaycanda dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyub saxlamaq, onu günü-gündən möhkəmləndirmək, dönməz, sarsılmaz, əbədi etməkdən ibarətdir.” -

Bakıda akkreditə olunmuş diplomatik korpusun üzvləri - xarici ölkələrin respublikamızdakı səfirləri və müvəqqəti işlər vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdə çıxışından (Prezident iqamətgahı, 9 may 1998-ci il);

- “Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir.” -

Dövlət Müstəqilliyi Günü (Müstəqilliyin Bərpası Günü) münasibətilə Azərbaycan xalqına təbrikindən (17 oktyabr 1997-ci il);

- “Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir.” -

Dövlət Müstəqilliyi Günü (Müstəqilliyin Bərpası Günü) münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalqa təbrikindən (18 oktyabr 1993);

- “Azərbaycanın suverenliyi hər bir Azərbaycan vətəndaşı üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir.” -

Bakı şəhərinin təhsil işçiləri ilə görüşündən (31 avqust 1994-cü il);

            - “Müstəqilliyin əldə olunması nə qədər çətin idisə, onun saxlanılması, daimi, yəni əbədi olması bundan da çətindir.” -

Türkiyədə yaşayan azərbaycanlılarla görüşdə çıxışından (1 noyabr 1994-cü il);

- “Xalqımız milli azadlığını əldə edibdir. Bu milli azadlığın, müstəqilliyin əldə edilməsində, şübhəsiz ki, xalqımızın hamısının - hərənin öz yeri, hərənin öz payı, hərənin öz xidməti var.” -

Xalq şairi Məmməd Arazın “Azərbaycan – dünyam mənim” yaradıcılıq gecəsindən sonra ziyalılarla görüşdə çıxışından (M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, 16 aprel 1995-ci il);

- “Müstəqillik naminə biz hər şeyə dözməliyik, müstəqillik naminə hər çətinliyə, hər əzab-əziyyətə dözməliyik.” -

Azərbaycan Yazıçılarının X Qurultayında nitqindən (Prezident Sarayı, 30 oktyabr 1997-ci il);

- “Əsrlər boyu ulu babalarımız, Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu və yaşamışlar, vuruşmuşlar, amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Bilin ki, indi bunu əlimizdə saxlamaq, qorumaq hər bir insan üçün canından da artıqdır.” -

Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət, elm, din və idman xadimlərinin böyük bir qrupuna “Şöhrət” ordenlərinin təqdim edilməsi mərasimində nitqindən (Prezident iqamətgahı, 21 avqust 1998-ci il);

- “Bizim ölkəmiz müstəqil ölkədir, müstəqil dövlətdir. Biz artıq hansısa bir ölkənin tərkibində deyilik, ona görə də ölkəmizin həyatının hər bir sahəsi dünya ilə bağlıdır, başqa ölkələrlə bağlıdır və dünya iqtisadiyyatı ilə, dünyada gedən proseslərlə bağlıdır.” -

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ölkənin iqtisadi və sosial inkişafının yekunlarına həsr olunmuş geniş iclasında yekun nitqindən (6 noyabr 1998-ci il);

            - “Sovet İttifaqı dağılandan sonra Azərbaycan böyük çətinliklərdən keçərək öz müstəqilliyini əldə edibdir. İndi biz bu müstəqilliyi saxlamalıyıq, müstəqil Azərbaycanı yaşatmalıyıq, inkişaf etdirməliyik. Bu böyük tarixi vəzifəni, bu tarixi missiyanı hansısa xırda siyasətçilərin iddialarına, şıltaqlıqlarına, yaxud da ki, ayrı-ayrı hay-küylərinə biz qurban verə bilərikmi? Bu, heç vaxt ola bilməz!” -

Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda nitqindən (21 noyabr 1998-ci il);

- “Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır.” -

Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda nitqindən (21 noyabr 1998-ci il);

- “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir.” -

Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda nitqindən (21 noyabr 1998-ci il);

- “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur.” -

Xocalının erməni işğalçılarından müdafiəsində iştirak etmiş, şəhid olmuş
milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə
“Qızıl ulduz” medalları, “Azərbaycan bayrağı” ordenlərini Prezident iqamətgahında
təqdimetmə mərasimində nitqindən (26 fevral 1999-cu il);

- “Hər birimizin qəlbini sonsuz qürur duyğularıyla döyündürən milli dövlətçilik atributlarımızı, türklüyün zəngin maddi və mənəvi dünyasını nümayiş etdirən tarixi abidələrimizi, ümumbəşəri dəyərlərimizi maneəsiz inkişaf etdirmək üçün hər cür şərait yaranmışdır.” -

Türk Dövlətləri və Topluluqlarının Bakıda keçirilən VII Dostluq, Qardaşlıq və İşbirliyi Qurultayında nitqindən (29 iyun 1999-cu il);

- “Ən əsas nailiyyət ondan ibarətdir ki, biz müstəqilliyimizi müdafiə etdik, qoruduq, möhkəmləndirdik, inkişaf etdirdik və müstəqilliyimizi əbədi etdik.” -

Respublikanın təhsil işçiləri və ali məktəblərə daxil olmuş tələbələrlə görüşdə nitqindən (31 avqust 1999-cu il);

- “Xoşbəxtik ki, nəhayət, XX əsrin sonunda Azərbaycan öz milli azadlığını, dövlət müstəqilliyini əldə edib və öz təbii sərvətlərindən nə cür, hansı yolla istifadə olunmasını özü müəyyən edir.” -

Gülüstan sarayında keçirilən “Əsrin müqaviləsi”nin beşinci ildönümünə  həsr edilmiş rəsmi qəbulda nitqindən (20 sentyabr 1999-cu il);

- “Hər bir xalq, millət üçün milli azadlıqdan, müstəqillikdən qiymətli heç bir şey yoxdur.” -

Qaradağ rayonunda qaçqınlar və məcburi köçkünlər üçün tikilmiş fərdi yaşayış evləri kompleksinin – “Ümid” qəsəbəsinin istifadəyə verilməsi mərasimində nitqindən

(29 dekabr 1999-cu il);

- “Hər bir insan üçün vətən, torpaq, ölkə, müstəqil dövlət onun mənəviyyatı, həyatı üçün çox yüksək anlayışlardır.” -

İsveçrədəki Azərbaycan Cəmiyyəti İdarə Heyətinin bir qrup üzvü ilə Davosda görüşdə çıxışından (30 yanvar 2000-ci il);

- “Öz təcrübəmə və bir çox ölkələrin təcrübəsinə əsasən deyirəm ki, qazanılmış müstəqilliyin bir çox çətinlikləri, mürəkkəb halları dəf etdiyi, müxtəlif islahatların çətinliklə aparıldığı, xarici xarakterli çox çətinliklərin olduğu ölkələrdə nüfuzlu siyasi xadim gərəkdir. Elə bir adam gərəkdir ki, ona inansınlar, öz talelərini ona etibar edə bilsinlər.” -

Gürcüstan ictimaiyyətinin nümayəndələri ilə Tbilisidə görüşdə nitqindən (22 mart 2000-ci il);

- “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” -

28 May - Respublika Gününə (Müstəqillik Gününə) həsr olunmuş təntənəli mərasimdə çıxışından (26 may 2001-ci il);

- “Mən əminəm ki, biz Azərbaycanın müstəqilliyini qoruyacağıq, saxlayacağıq və gələcək nəsillərə müstəqil, yüksək iqtisadiyyata və potensiala malik olan bir dövlət bəxş edəcəyik.” -

“Neftçilər Günü”nə həsr olunmuş təntənəli mərasimdə nitqindən (22 sentyabr 2001-ci il);

- “Azərbaycanın müstəqil dövlət olaraq dövlət rəmzləri var. Himni dünyanın hər yerində səslənir, milli gerbi Azərbaycanın dövlətçiliyini hər yerdə nümayiş etdirir, dövlət bayrağı Azərbaycanın üzərində uğurla dalğalanır və daim dalğalanacaqdır.” -

“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunmasının 10-cu ildönümünə həsr olunmuş Respublika sarayında keçirilən zirvə tədbirində – təntənəli mərasimdə nitqindən (17 oktyabr 2001-ci il);

            - “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.” -

“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunmasının 10-cu ildönümünə həsr olunmuş Respublika sarayında keçirilən zirvə tədbirində – təntənəli mərasimdə nitqindən (17 oktyabr 2001);

- “Azərbaycan heç vaxt öz müstəqil siyasətindən geri çəkilməyəcəkdir. Onun müstəqil xarici siyasəti Azərbaycanın müstəqilliyinin əsas rəmzidir, əsas göstəricisidir.” -

Dünya Azərbaycanlılarının I Qurultayında nitqindən (10 noyabr 2001-ci il).

     Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan azərbaycançılıq təliminə də yenidən və daha əsaslı şəkildə elmi baxışa ehtiyac vardır. Məlum olduğu kimi, uzaqgörən dövlət xadimi, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq təliminin təməllərini hələ sovet hakimiyyəti illərində respublikamıza rəhbərlik etdiyi dövrdə formalaşdırmışdır. Bu mənada yeni dövlət müstəqilliyi qazanmış digər respublikalarla müqayisədə dövlətçilik ideologiyasının yenidən müəyyən edilməsi baxımından Azərbaycan Respublikası bir addım qabaqda olmuşdur. Ona görə də, azərbaycançılıq ideologiyasının formalaşdırılmasının Ulu Öndər Heydər Əliyev modeli kompleks şəkildə öyrənilməli, ümumiləşdirilmiş əsaslı nəticələr çıxarılmalıdır. Görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyev dünya dövlətçilik tarixində Ümummilli Lider fəxri adı qazanmış nadir tarixi şəxsiyyətlərdəndir. "Heydər Əliyev İli"ndə Ümummilli Liderliyin siyasi-fəlsəfi miqyası və missiyasının mahiyyəti dərindən, hərtərəfli surətdə tədqiq edilərək araşdırılmalı, ümumiləşdirilmiş elmi-nəzəri qənaətlər meydana çıxarılmalıdır. Ümummilli Liderlik fəlsəfəsinin konseptual əsaslarının müəyyən edilməsi, eləcə də, dünya şöhrətli, dahi siyasətçi Heydər Əliyevin keçdiyi şərəfli həyat yolunun öyrənilməsi və təbliği Azərbaycan humanitar-ictimai elmlərinin ən böyük borcu, ən mühüm vəzifəsidir...

    Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin! Allah yaralı hərbi qulluqçularımıza şəfa versin! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!... Qarabağ Azərbaycandır!...

Hörmətlə,

Müşfiq Ənvər oğlu Əliyev

Azərbaycan Respublikası

Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri,

Qarabağ müharibəsi veteranı, qazi.

BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ.