Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır

10:18 04-03-2023 315

    Məlum olduğu kimi, bütün quruculuq işləri Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 12 avqust 2021-ci ildə "İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında" imzalanmış Fərmanına əsasən həyata keçirilir. Ölkə Prezidentinin imzaladığı Sərəncam və Fərmanlar erməni vandallarının işğal zamanı xaraba qoyduqları yaşayış məntəqələrinin bərpası, sosial-iqtisadi dirçəlişi baxımından mühüm önəm daşıyır. Aparılan sistemli quruculuq işlərinin məntiqi nəticəsidir ki, artıq, Qarabağa "Böyük Qayıdış"a da start verilib.

    Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra, iki amansız müharibə görüb. Birinci Qarabağ müharibəsi Azərbaycan xalqı və dövlətçiliyi üçün böyük fəlakətlər gətirdi. Torpaqlarımız işğal altına düşməklə yanaşı, ölkənin iqtisadi vəziyyəti daha da ağırlaşdı və siyasi böhran dərinləşdi. İkinci Qarabağ müharibəsindən, 44 günlük Vətən  müharibəsindən sonra isə, Azərbaycanda tam fərqli mənzərə hökm sürür. Ölkəmizdə həm siyasi, həm hərbi, həm də, iqtisadi stabillik təmin olunur. Müşahidələr göstərir ki, müharibə Azərbaycanın iqtisadi vəziyyətinə çox da ciddi təsir göstərməyib. Əlbəttə ki, bunun əsas səbəbi, ölkə Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi dəqiq iqtisadi strategiyadır. Azərbaycanın iqtisadi-siyasi təlatümlərə cavab verən iqtisadiyyatı, maliyyə sistemi Qarabağın minalardan təmizlənməsi və bərpası üçün lazım olan vəsaitin tez bir zamanda əldə olunmasına imkan verir. Eyni zamanda, ölkə Prezidenti, cənab İlham Əliyevin xüsusi siyasi bacarığı sayəsində, işğaldan azad olunmuş ərazilərimizin bərpasına xarici sərmayələrin qoyulmasına imkan yaradılıb. Bu isə, öz növbəsində yeni maliyyə mənbələri deməkdir. Bütün bu işlər, heç şübhəsiz ki, ölkə Prezidenti, cənab İlham Əliyevin tətbiq etdiyi dayanıqlı iqtisadi modelə söykənir. Təbii ki, ötən dövr ərzində dayanıqlı iqtisadi model qurulmasaydı, Qarabağın inşası üçün belə münbit maliyyə mühiti yaranmayacaqdı. Sürətli quruculuq işləri onu deməyə əsas verir ki, təkcə Şuşa şəhəri deyil, ümumilikdə, Qarabağ qısa müddət ərzində bütün dünyanın həm öz təbii gözəlliyinə, həm də, böyük turizm potensialına malik bir regionuna çevriləcəkdir.

    Aydın şəkildə görünən odur ki, ölkə Prezidenti, cənab İlham Əliyev Qarabağın yenidən inşasına xüsusi diqqət göstərir və həmin ərazilərin bərpasının tez bir zamanda başa çatması üçün yorulmadan çalışır, dünyanın nüfuzlu şirkətlərinin bu işə  cəlb edilməsi istiqamətində mühüm addımlar atır...

Sabit Mehdiyev,

   Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının məsləhətçisi.