31 Mart - azərbaycanlıların soyqırımının 105 illik yubileyi

14:15 29-03-2023 312

     Tarixi faktlardan məlumdur ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də, 105 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə, Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə, Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. 1918-ci il mart ayının 30-da, gecə saatlarında Bakıda başlanan kütləvi qırğında 20 minə yaxın günahsız insan, o cümlədən, qocalar, uşaqlar və qadınlar qətlə yetirilib. Aprel ayının 2-də davam edən kütləvi qətlləri Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri həyata keçirib. Müsəlman ziyarətgahları yandırılıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakı müsadirə olunub. Qətliam zamanı Təzə pir məscidi top atəşinə tutulub, Azərbaycanın memarlıq incilərindən sayılan “İsmailiyyə” binası yandırılıb. Təbii ki, soyqırımı təkcə, Bakı şəhəri ilə məhdudlaşmayıb. Mart ayının 31-də Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı, o cümlədən, 2560 qadın və 1277 uşaq qətlə yetirilib. Qubanın 162 kəndində öldürülən günahsız insanların sayı 16 mindən çox olub. Lənkəran, Muğan bölgəsi və Qarabağda minlərlə kənd yandırılıb, on minlərlə insan vəhşicəsinə qətlə yetirilib. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə, XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı - etnik təmizləmələrə məruz qalmışdır.

     Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra, Nazirlər Şurası 1918-ci il iyul ayının 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını - ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyinin tərkibində xüsusi qurum yaradıldı. Mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da, azərbaycanlılara qarşı törədilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə olaraq siyasi qiymət verməyə cəhd göstərildi. Təəssüflər olsun ki, Cümhuriyyətin süqutu bu sahədə başlanmış olan vacib işləri yarımçıq qoymuş, məcburən baş verənlərin sona qədər tədqiq edilməsi və hadisələrə müvafiq siyasi-hüquqi qiymət verilməsi prosesi dayanmışdır.

    Baş verən bütün bu çətin proseslərdən uzun illər sonra, 1998-ci il mart ayının 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” kimi elan edilmişdir. Erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olan bu mühüm sənəddə, ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkilib, Cənubi Qafqazda xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin mahiyyəti açıqlanıb.

     Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 2018-ci il yanvar ayının 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub.

    Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Ermənistanın yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh və təhlükəsizliyə qarşı yönələn cinayətlər qrupuna aid edilir. Beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş, 1951-ci il yanvar ayının 12-dən qüvvəyə minən "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” Konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Azərbaycan Respublikası 31 may 1996-cı ildə adı çəkilən Konvensiyaya qoşulmuşdur.

    Bu gün, dövlətimiz tərəfindən erməni-bolşevik silahlı dəstələrinin 105 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə silsilə tədbirlər həyata keçirilir, ayrı-ayrı sosial şəbəkə platformalarından təbliğat vasitəsi kimi geniş istifadə olunur, eləcə də, kütləvi informasiya vasitələrində verilişlər hazırlanır, tutarlı yazılar, məqalələr dərc edilir...

  Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.