Rasional və demokratik müxalifətçilik dialoqsuz mümkünsüzdür

07:38 31-03-2023 276

   Ölkənin siyasi sistemində, siyasi münasibətlərdə real dialoq mühitinin formalaşdırılmasının vacibliyinin prinsipial şəkildə önə çəkilməsi, iqtidar-müxalifət dialoqunun siyasi dəyər kimi qiymətləndirilməsi və sağlam müxalifətçiliyin dövlətçiliyimizin möhkəmləndirilməsi prosesində əhəmiyyətli məqam kimi vurğulanması bilavasitə, ölkə Prezidenti, cənab İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısı çıxışlarında, müsahibələrində siyasi partiyaların ümummilli məsələlərdə bir araya gəlməsinin vacibliyini və ortaq mövqedən çıxış etməsinin praktiki əhəmiyyətini dəfələrlə qeyd edib. Ölkə Prezidenti, cənab İlham Əliyev bütün bunları deklarativ çıxış kimi yox, iqtidar və müxalifətin birgə əməkdaşlıq edə biləcəyi “yol xəritəsi” kimi səsləndirib və ümummilli məsələlər anlayışına daxil olan məqamları, komponentləri də konkret olaraq göstərib.

    Bu baxımdan, ölkə Prezidenti, cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 05.03.2021 tarixdə keçirilən VII Qurultayındakı çıxışında siyasi dialoqla bağlı səsləndirdiyi fikirlər çox önəmlidir: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün, bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”. Gördüyümüz kimi dövlət başçısının bu fikirlərində ümummilli məsələlər kifayət qədər dəqiq və aydın şəkildə vurğulanıb.

    Onu da qeyd edim ki, 44 günlük Vətən müharibəsinin gedişində ölkə Prezidenti, cənab İlham Əliyev bu fikirləri ən parlaq bir şəkildə öz təzahürünü tapdı. Biz, cənab Prezidentin “Ümummilli məsələ Qarabağ məsələsidir” bəyanatının real inikasını həmin günlərdə bilavasitə müşahidə etdik və özümüz də o prosesin əyani iştirakçısı olduq. Belə ki, həmin vaxt radikal və marginallaşmış siyasi qüvvələri çıxmaq şərtilə, ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti bir araya gəldi, ümummilli mənafelərimiz naminə Ali Baş Komandan, ölkə Prezidenti, cənab İlham Əliyevin ətrafında sıx birləşdi, Şanlı Ordumuza dəstək verdi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün milli birlik, həmrəylik mövqeyindən çıxış etdi. Bu da siyasi partiyaların Prezidentin bəyan etdiyi “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” prinsipinə real dəstəyinin və siyasi dialoq çağırışına sağlam münasibət sərgiləməsinin ən parlaq təzahürü idi.

    Beləliklə, yeni qanunun siyasi partiyalarla əməkdaşlıq şəraitində hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü kimi yox, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəvisinə çıxaran ali siyasi iradənin təzahürü kimi qiymətləndirilməlidir. Bu o deməkdir ki, iqtidar siyasi dialoq prinsiplərinə sadiqdir. Məhz, iqtidarın təşəbbüsü ilə siyasi proseslərdə iştirak edən bütün tərəflər açıq, bərabərhüquqlu münasibətlərə dəvət olunur və bunun üçün real şərait yaradılır.

 Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.