“Siyasi partiyalar haqqında” yeni Qanun xarici qüvvələrinin maraqlarına xidmət edən radikalların “qara kabusudur”

07:47 31-03-2023 255

    Danılmaz bir faktdır ki, dialoq mühiti siyasi münasibətlərdə iştirak edən tərəflər arasında mövqelərin balansına xidmət edir. Partiyaların siyasi dialoqda fəal şəkildə şəkildə iştirak etməsi təkcə, iqtidar-müxalifət münasibətlərinin sivilləşməsinə deyil, həmçinin, partiyalarla cəmiyyətin daha yaxın olmasına xidmət edir. Bu da, heç şübhəsiz ki, siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün unikal şərait yaradır. Bu gün, əminliklə deyə bilərik ki, qəbul olunmuş “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi dialoq məfhumuna tamamilə yeni məzmun gətirdi və siyasi aktorların keyfiyyətcə yeni mərhələyə keçməsinə yol açdı. Həm yeni qanun, həm də, bütövlükdə, ölkə Prezidenti, cənab İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq prosesi iqtidar-müxalifət münasibətlərinin yeni və daha təkmil konstruktiv modelə transformasiya edilməsinə imkan yaradıb. İndi, ölkədə sağlam siyasi dialoq üçün kifayət qədər etibarlı zəmin var, lakin təəssüflər olsun ki, siyasi dialoqu inkar edən qüvvələr də yox deyil və onlar siyasi münasibətlərdə irrasional tərəf kimi çıxış edir. Bu isə, bəzi partiyaların anti-Azərbaycan qüvvələrin əlində ölkəmizə qarşı sadəcə təzyiq alət kimi istifadə olunmasına münbit şərait yaradır və nəticədə siyasi sabitliyin qorunmasına, siyasi sistemin dayanıqlı inkişafına təhdid yaradan mənfi amilə çevrilir. Bu cür partiyaların xarici qüvvələrin əlində manipulyasiya alətinə çevrilməsi çox asandır. Onlar açıq rəqabətə hazır olmadıqlarına və “ana müxalifət” eqosuna əsaslanan inhisarçı mövqeyini itirmək istəmədiklərinə görə, iqtidarın siyasi dialoqu inkişaf etdirmək təşəbbüslərini, eləcə də, “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsini xüsusi inkarçılıq, aqressiya ilə qarşıladılar. Onların siyasi partiyaların güclənməsinə, ölkənin siyasi sistemində rolunun artırılmasına xidmət edən yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış etməsi də məhz bundan irəli gəlir. Bu qüvvələr böhtan və yalan xarakterli bəyanatları ilə əslində özlərini ifşa etdilər.

    Əfsuslar olsun ki, zaman, reallıqlar dəyişsə də, radikal müxalifətin barışmaz inkarçı mövqeyi və tənqidi ritorikası hələ də dəyişmir. Təbii ki, onların tənqidi ritorikası emosional və spekulyativ xarakterli tavtalogiyadan, demaqogiyadan başqa bir şey deyil. Radikal müxalifətin köhnəlmiş ritorikasının əsas məqsədi ölkəmizdə yeni təxribat xarakterli situasiyaların yaradılmasıdır. Görünən budur ki, siyasi dialoq təkliflərini və “Siyasi partiyalar haqqında” yeni Qanunun qüvvəyə minməsini inkar edən radikallar yeni şəraitə adaptasiya ola bilmədiklərini hiss edərək, yenə də bütün ümidlərini küçə etirazlarına bağlayırlar. Onların “Siyasi partiyalar haqqında” yeni Qanuna özləri üçün “qara kabus” kimi baxmaları da, məhz bundan irəli gəlir, çünki bu yeni qanun anti-Azərbaycan qüvvələrin siyasi partiyalardan manipulyasiya aləti kimi istifadə etməsi üçün əsaslı çətinlik yaradır. Xarici qüvvələrin maraqlarına xidmət edən radikalların narahatlığı da ilk növbədə bundan qaynaqlanır. Radikalların qeyri-obyektiv və qərəzli siyasi ritorikaya gen-bol rəvac verməsi bilavasitə həmin xarici qüvvələrin maraqlarına xidmət etməyinin təzahürüdür. Bu ritorika həm də, hazırkı iqtidarın istər siyasi müstəvidə, istərsə də, ərazi bütövlüyümüzün bərpası istiqamətində əldə etdiyi uğurlarının gözdən salınmasına hesablanıb. Ona görə də, iqtidarın siyasi dialoqla bağlı radikal müxalifətə ünvanladığı açıq mesajları müsbət nəticə vermir. Onlar bir həqiqəti dərk etmirlər ki, rasional və demokratik müxalifətçilik dialoqsuz mümkünsüzdür. Qəzəb və nifrət dolu ritorika nə ölkəmizin mənafelərinə, nə də ki, iqtidarla müxalifət arasında sağlam əməkdaşlıq münasibətlərinin formalaşmasına xidmət etmir. Qərəzli çıxışlar, obyektivlikdən uzaq böhtan dolu şərhlər, qarşıdurmaya çağıran ritorika, yalnız cəmiyyətin parçalanmasına xidmət edir...

 

 Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.