İqtisadi artım bütün vətəndaşların sosial rifahını yaxşılaşdırmışdır

14:59 10-04-2023 194

   Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial islahatlar əhalinin bu sahədə müdafiəsinin gücləndirilməsi və onun rifahının yaxşılaşdırılması məqsədi ilə nəzərdə tutulan tədbirləri uğurla reallaşdırır. Xüsusilə də, son illərdə dünyada baş verən bahalaşma, qiymət artımlarının qlobal iqtisadiyyata fəal şəkildə qoşulmuş Azərbaycana da təsirsiz ötüşmədiyi nəzərə alınmaqla respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, rifahının bu təsirlərdən qorunması üçün atılan zəruri və məqsədyönlü addımların əhəmiyyəti daha da artır. İqtisadi artım bütün vətəndaşların sosial rifahını yaxşılaşdırmışdır. Bu dövrdə ölkədə minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 2,0 dəfə, pensiyaların minimum məbləği isə 2,3 dəfə artmışdır. Aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə istifadə olunan ehtiyac meyarının məbləği 3,2 dəfə artırılaraq 2011-ci ildəki 75 manatdan 2023-ci ildə 246 manata çatdırılmışdır.

    Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 5 yanvar 2023-cü il tarixli Sərəncamı da əhalinin rifahının qorunması sahəsində ardıcıl, sistemli tədbirlərin davamı olmaqla, eyni zamanda, yalnız son beş ildə vətəndaş rifahının təminatı istiqamətində artıq 4-cü sosial islahat paketinin icrasına başlanmasını təmin edir. Sərəncamla minimum aylıq əmək haqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Minimum əmək haqqının artırılması nəticəsində vahid tarif cədvəlinin (VTC) bütün pillələri - 19 pillə üzrə əmək haqlarının artırılması təmin olunur. Əmək haqqı artımı 700 min işçini əhatə edir. Onlardan 450 mini dövlət, qalan hissəsi özəl sektorda çalışanlardır. Bu əməkhaqqı artımı üçün illik 440 milyon manatlıq bir vəsait ayrılması təmin olunacaq. Bu il pensiya ödənişlərinə 5 mlrd. 907 mln. manat yönəldilməsi nəzərdə tutulur ki, bu da 2022-ci ilə nisbətən 650 mln. manat çoxdur. Ümumilikdə, 2023-cü ilin dövlət büdcəsi xərclərinin 46 faizi sosialyönümlü xərclər kimi müəyyən olunub ki, bu da 2023-cü ilin dövlət büdcəsinin də sosialyönümlü olduğunu göstərir. Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıbdır və minimum əməkhaqqı artıq 345 manata çatıbdır. Pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Son illərin təcrübəsi onu göstərir ki, bu bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaq.

    Strateji sahələrdə əldə olunmuş fundamental nailiyyətlər və dayanıqlı inkişaf xalqın seçimini müəyyən etmişdir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənibdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar.

 Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.