Maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi və likvid olması iqtisadi artımın maliyyələşməsinə əhəmiyyətli dəstək vermişdir

15:08 10-04-2023 257

    Məlumdur ki, Azərbaycan dünya miqyasında sabit, dayanıqlı iqtisadiyyatı, eləcə də, böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilmişdir. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü, iştirakı ilə qlobal layihələr uğurla icra edilir. Artan iqtisadi güc, beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaratmışdır. Bu layihələrin uğurla həyata keçirilməsi ölkəmizin regionda proseslərin inkişaf vektorunu müəyyən edən və dünya iqtisadiyyatında söz sahibi olan “qlobal oyunçu” statusunu təmin etmişdir. Uzun illər Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini, sürətlə müasirləşməsini, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, habelə, bir çox sosial problemlərin ardıcıl şəkildə həllini, xalqın maddi rifahının yüksəlməsini, innovasiyaların sürətlə mənimsənilməsini və insan kapitalının davamlı inkişafını təmin etməkdədir. Sosial-iqtisadi inkişafda dövlətin xüsusi rolu, neft sərvətinin dinamik inkişafa səmərəli, ağıllı inteqrasiyası, dövlət investisiyalarının yüksək həcmi iqtisadi quruculuğun birinci mərhələsindəki başlıca məqsədlərin – ölkənin tarixi coğrafi sərhədlərini bərpa etməklə dövlət suverenliyinin, milli təhlükəsizliyin möhkəmləndirilməsi, daxili ictimai-siyasi sabitliyin və ictimai konsolidasiyanın təmin edilməsində mühüm rol oynamışdır.

     Artıq, Azərbaycan dövləti keyfiyyətcə yeni olan və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olmuşdur. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir, dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün, maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir. Məhz, bu məqsədlə “Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunmuş və bu prioritetlərə söykənən “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanmışdır. Bu Strategiyanın reallaşması 2026-cı ilin sonuna ölkə iqtisadiyyatının simasında böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə, prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıqlığı daha da güclənəcəkdir.

    Son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilmiş, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunmuşdur. Ölkədə möhkəm siyasi-ictimai sabitlik, təhlükəsizlik, uzaqgörən daxili və xarici siyasət bu illər ərzində qarşıya qoyulmuş mürəkkəb sosial-iqtisadi məqsədlərin, habelə, ölkənin ərazi bütövlüyünün bərpa edilməsində həlledici rol oynamışdır. Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi, keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlıq xeyli artmış, iqtisadiyyat sürətlə şaxələnmiş və daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya etmişdir. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla, xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilmişdir. Təbii ki, 2022─2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modeli Azərbaycanda çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsini müəyyən edəcəkdir. Bu mərhələdə başlıca məqsəd yüksək, dayanıqlı, inklüziv iqtisadi artım templərini bərpa etməklə, hər bir Azərbaycan Respublikası vətəndaşının sabit təminatlı həyat səviyyəsinə nail olmaqdır. Bu zaman başlıca vektor artımın səviyyəsindən çox, onun keyfiyyətinə əsaslanacaqdır. Dayanıqlı iqtisadi artım üçün ölkədə makroiqtisadi sabitlik və dayanıqlıq təmin olunacaq, maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi gücləndiriləcək. Makroiqtisadi sabitliyin və maliyyə sabitliyinin gücləndirilməsi iqtisadi artımın davamlılığı üçün vacibdir. Ölkənin makroiqtisadi dayanıqlığı ‒ irihəcmli strateji ehtiyatlarının mövcudluğu milli iqtisadiyyatımızın xarici mühitdəki dəyişikliklərə dayanıqlı olmasını gücləndirəcəkdir. Fiskal sabitlik üçün tənzimləmə çərçivəsi təkmilləşdiriləcək və bu təməl şərtlərlə illik inflyasiya 4±2% intervalında qorunacaq, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft/qaz ÜDM-ə nisbət göstəricisinin yuxarı həddi 2026-cı ilin sonunadək 17,5% təşkil edəcək, bu şəraitdə Dövlət Neft Fondunun aktivləri dayanıqlı səviyyədə saxlanılacaqdır. Növbəti illərdə tələb olunan maliyyələşmələrin daxili borcalmalar hesabına təmin edilməsi yolu ilə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 20%, o cümlədən, xarici dövlət borcunun ÜDM-də payının isə 10% ətrafında saxlanılması hədəflənir.

   Həmçinin, maliyyə sektorunun bütün seqmentlərinin iqtisadiyyatda rolu artırılacaqdır. Bank sektorunun iqtisadiyyatın maliyyələşməsində iştirakı yüksəldiləcək, maliyyə inklüzivliyi genişləndiriləcək, maliyyə xidmətlərinin əlçatanlığı, əhali və biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanları artırılacaqdır. Dövlət‒özəl sektor əməkdaşlığı çərçivəsində investor və kreditorların risklərinin sığortalanması sistemi təkmilləşdiriləcək, biznes kreditlərinə təminatların verilməsi mexanizminin əhatəliliyi genişlənəcəkdir. Maliyyə xidmətlərinin rəqəmsallaşması fonunda əhali, biznesin investisiyalar və İKT sahəsində savadlılığı artırılacaqdır. Dayanıqlı iqtisadi artımın təmin olunmasında maliyyə sekrorunun rolunun gücləndirilməsi üçün, ölkədə uzunmüddətli kollektiv investorlar şəbəkəsinin yaradılması stimullaşdırılacaq, sığorta və korporativ qiymətli kağızlar bazarı dərinləşdiriləcəkdir. Rəqabətli, innovativ və əlçatan ödəniş mühitinin əhatəliliyi, habelə, ölkə üzrə nağdsız ödəniş alətlərindən tam istifadə imkanları genişləndiriləcəkdir. Eyni zamanda, sosial ödənişlərdə banklararası rəqabətin gücləndirilməsi, pensiya və müavinətlərin alınması üzrə bank seçimində sərbəstlik təmin ediləcəkdir. Bu əsasda, maliyyə dərinliyini ifadə edən göstəricilər davamlı yaxşılaşacaq, iqtisadi subyektlərin milli ödəniş sistemində aparılan əməliyyatlarının həcmi 25% artacaq, o cümlədən, ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız əməliyyatların payı 55%-ə çatacaqdır.

     Bu gün, Azərbaycanın böyük uğur salnaməsi olan işğaldan azad edilmiş torpaqların sosial-iqtisadi sistemə effektiv reinteqrasiyası təmin edilir. Bu strateji məqsədin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərdə mərhələli şəkildə, prioritetləşdirilməklə, səmərəlilik şərtləri nəzərə alınmaqla, müasir təcrübəyə əsaslanmaqla bərpa-quruculuq işlərinin həyata keçirilməsi, rəqəmsal texnologiyaların geniş tətbiqi ilə müasir sosial və biznes infrastrukturunun yaradılması, bu əsasda Azərbaycan vətəndaşının dayanıqlı məskunlaşmasının təmin edilməsi tələb olunur. Sözügedən işlər müasir təcrübə və yanaşmalar əsasında beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılmaqdadır. İşğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı naminə tam istifadə olunması, xüsusilə, Zəngəzur dəhlizi üzərindən reallaşdırılacaq regional nəqliyyat-kommunikasiya layihələri davamlı və dayanıqlı inkişaf üçün geniş imkanlar yaradır. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq üzrə qət olunan məsafə qarşıya qoyulmuş məqsədlərin yüksək səviyyədə həyata keçiriləcəyindən xəbər verir. Məhz, uzunmüddətli dövrə hədəflənən strateji baxışın, zəruri resursların və texnoloji həllərin mövcud olması bunun təminatı kimi çıxış edir...

 

 Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.