Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 5 aprel 2023-cü il tarixdə Tacikistan Respublikasına etdiyi dövlət səfəri zamanı bir çox mühüm sənəd imzalanmışdır

18:03 13-04-2023 247

     Məlum olduğu kimi, Tacikistan ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci il may ayının 29-da  qurulub. Ulu Öndər Heydər Əliyev və Tacikistanın hazırkı Prezidenti Emoməli Rəhmon bu əlaqələrin inkişafına və ölkələr arasında dostluq münasibətlərinin qurulmasına böyük töhfə veriblər. 2007-ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan Respublikasında, 2008-ci ildə isə, Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 8 may 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin 75 illik yubileyi çərçivəsində Tacikistan Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. 1996-1999-cu illərdə "BMT ilə ATƏT arasında əməkdaşlıq haqqında" qətnamə layihəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən, mühüm əhəmiyyət kəsb edən düzəliş Tacikistan tərəfindən dəstəklənib.

   Bu gün isə, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən  Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev  digər ölkələrlə yanaşı, Tacikistanla da münasibətlərin  yüksələn xətt üzrə inkişafına nail olub. Cari ilin 5 aprel tarixində ölkə Prezidenti, cənab İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri oldu. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında həyata keçirilən səfər, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edib. Azərbaycan Respublikasının Prezidenti ilə görüşündə Tacikistanın Respublikasının dövlət başçısı müxtəlif sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığın xalqlarımızın mənafeyinə uyğun olduğunu vurğulayıb. Ölkə Prezidenti, cənab İlham Əliyevin bu səfəri əvvəlkilərdən fərqli olaraq, iki ölkə arasında strateji əməkdaşlıq baxımından xeyli sayda sənədlərin imzalanması ilə yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin budəfəki səfərinin də məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək olmuşdur. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə, Azərbaycanın Respublikasının dövlət başçısı, cənab İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdi. Bu səfər, Azərbaycan Respublikası Prezidentinin Tacikistana beşinci səfəridir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev sonuncu dəfə, 2018-ci il sentyabr ayının 27-28-də Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının toplantısında iştirak edib. Dövlət başçımızın budəfəki səfəri zamanı, iki ölkə Prezidenti siyasi-iqtisadi əlaqələrin inkişafı üçün yeni razılaşmalar əldə ediblər. Səfər zamanı, hər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə bir sıra sahələr üzrə mühüm sənədlər imzalanmışdır. Bu sənədlər dost və tərəfdaş olan Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.

   Bu gün, Tacikistan Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyan dövlətlərdəndir. Bu ölkədə siyasi sabitlik hökm sürür. Sabitlik olmayan dövlətlər heç vaxt iqtisadi inkişafa və ölkənin müstəqil siyasət yürütməsinə nail ola bilməz. Azərbaycanın Respublikasının böyük dövlət və özəl şirkətləri Tacikistan Respublikasına investisiya qoymağa hazırdır. Hal-hazırda Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında illik ticarət dövriyyəsi cəmi 6,5 milyon manat təşkil edir. Hər iki dövlət arasında imzalanmış sənədlər ticarət dövriyyəsinin həcminin dəfələrlə artmasına imkan verir. Tacikistan Respublikası Çindən Avropaya gedən İpək yolu üzərində yerləşən bir ölkədir. Bu gün, bir çox dövlətlərin İpək yolunun açılmasına maraq göstərməsi Tacikistan Respublikasının da inkişafına böyük təsir göstərəcək. Eyni zamanda, Azərbaycan Respublikası Şərq-Qərb, Şimal-Cənub marşrut qovşağında yerləşir. Azərbaycan Respublikasının ölkə daxilində yaratmış olduğu nəqliyyat-logistika infrastrukturu imkan verir ki, Avropa ilə Asiyanı birləşdirən, Azərbaycan və Tacikistandan da keçməklə yeni bir marşrut dəhlizi yaransın. Azərbaycan-Tacikistan münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan Respublikasının və Tacikistan Respublikasının Prezidentlərinin də dostluq münasibətləri, hər iki dövlətin gələcək inkişafına böyük töhfə verəcək.Ona görə də Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Tacikistan Respublikasına olan rəsmi görüşü yüksək ruh yüksəkliyi ilə qarşılanmışdır.

    Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev, Mərkəzi Asiya dövlətləri ilə siyasi, iqtisadi əlaqələrin yaradılmasına və inkişaf etdirilməsinə xüsusi diqqət ayırır. Bu regionda yerləşən dövlətlər Azərbaycan Respublikası ilə münasibətləri yüksək səviyyəyə çatdırmağa böyük maraq göstərir. Mərkəzi Asiya regionunda yerləşən dörd türkdilli dövlətlə Azərbaycan Respublikası arasında ikitərəfli və çoxtərəfli sıx iqtisadi-siyasi əlaqələr qurulub. Bu dövlətlərlə ticarət dövriyyəsi hər il artmaqdadır...

  Sabit Mehdiye,

 Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının məsləhətçisi.