Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat

21:53 25-04-2023 268

   Sirr deyil ki, ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün, müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün Ümummilli Lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki,  hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu.

    Ulu Öndər Heydər Əliyev 1969-cu il iyul ayının 14-dən 1982-ci il noyabr ayının 22-də SovİKP Siyasi Büronun üzvü, həmin ayın 24-də SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini seçilənə qədər, Azərbaycan SSR-ə rəhbərlik etmişdir. Məhz, Heydər Əliyevin fədakar əməyinin, səmərəli işgüzarlığının, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində Azərbaycan bu illər ərzində sürətlə, hərtərəfli inkişaf edərək keçmiş İttifaqın öncül respublikalarından birinə çevrilmişdir. 1969-1982-ci illərdə ölkə iqtisadiyyatının bütün sahələrində istehsalın sürətlə artması nəticəsində iqtisadi və sosial inkişafın ümumiləşdirici göstəricisi olan milli gəlir 2,5 dəfə artdı. Respublikamızda bütün sahələrin - sənayenin, elmin, təhsilin, səhiyyənin sıçrayışlı inkişafı, elm tutumlu istehsal sahələrinin yaradılması, məhz Heydər Əliyevin səyləri, məqsədyönlü fəaliyyəti ilə təmin olunmuş, intellektual, elmi-texniki və iqtisadi potensialı ciddi dərəcədə yüksəlmişdi. 60-cı illərə qədər sənaye malları asılılığı ilə üzləşən Azərbaycan, artıq 70-ci illərdə dünyanın 65 ölkəsinə 350 adda müxtəlif növ məhsul ixrac edən ölkəyə çevrilmişdi. Azərbaycan həmin illərdə neft, qaz avadanlıqları istehsalına görə dünyada ABŞ-dan sonra ikinci ən güclü ölkə idi. Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə azərbaycanlı milli kadrların hazırlanması işinə də xüsusi diqqət yetirirdi. Məhz, onun təşəbbüsünün nəticəsi idi ki, azərbaycanlı gənclər keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. 1969-1982-ci illərdə 10 mindən çox azərbaycanlı gənc Rusiya, Ukrayna, eləcə də, digər ölkələrin tanınmış ali məktəblərində təhsil alaraq respublikaya qayıtmış, Azərbaycanın inkişafına xidmət göstərmişdi və bu gün də xidmət göstərirlər. Bir sözlə, Ümummilli lider sözün əsl mənasında, Ən Böyük Azərbaycanlı idi. Ölkənin, xalqın, Azərbaycan tarixinin, onun dövlətçiliyinin böyük təəssübkeşi olan Heydər Əliyev XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu, beləcə, ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən yan keçdi. Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğu prosesi Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafını və yeni mərhələdə tarixin siyasi səhnəsində özünəməxsus yer tutmasını təmin etdi.

   İctimaiyyətə yaxşı məlum olduğu kimi, 1991-ci ildə müstəqilliyini bərpa edərək bazar iqtisadiyyatı istiqamətində ilk addımlarını atan Azərbaycan Respublikası böyük iqtisadi və siyasi çətinliklərlə rastlaşmışdır. 1989-cu ildən başlamış geriləmə prosesi müstəqilliyin ilk üç ilində daha da dərinləşmişdir. Əgər 1989-1991-ci illərdə ümumi daxili məhsul istehsalı hər il orta hesabla 5,7 faiz azalırdısa, sonrakı üç il ərzində  azalmanın sürəti 3,8 dəfə artmışdır. 1993-cü ildə 1990-cı ilə nisbətən 2 dəfə az sənaye və kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. Ölkənin belə bir çətin vəziyyətdən çıxarılmasında, həmçinin, Azərbaycan Respublikasının beynəlxalq aləmə və qlobal iqtisadi mühitə sürətlə inteqrasiya etməsində, istərsə də ölkənin sosial-iqtisadi istiqamətlərdə ciddi uğurlar qazanmasında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə reallaşan tədbirlərin, islahatların rolu danılmazdır. Heydər Əliyevin bir dövlət və siyasi xadim kimi ölkə, milli iqtisadiyyat, eləcə də, onun ayrı-ayrı sahələri qarşısında duran problemlərə kompleks şəkildə yanaşması bu gün əldə edilən ciddi uğurların əsas təkanvericisidir. Yəni, Azərbaycanın bugünkü uğurları müasir Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilmiş islahatlarla bağlıdır. Məhz, bu islahatlar hesabına Azərbaycanda bazar münasibətlərinə söykənən sosial yönümlü iqtisadiyyatın inkişafına nail olunmuş, ölkə əhalisinin həyat səviyyəsi yüksəldilmişdir. Müstəqilliyin ilk illərində baş vermiş iqtisadi tənəzzülün, vətəndaş müharibəsinin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısının alınması, dövlətçilik ənənələrinin və sabitliyin bərpası məqsədilə Heydər Əliyevin atdığı qətiyyətli addımlar qısa müddət ərzində hər bir vətəndaşın həyatında hiss olunmağa başlamışdır. Ölkənin sosial-iqtisadi inkişafının təmin olunması ilə bağlı görülmüş ən əsas işlərdən biri və bu gün nəinki, Azərbaycanda, eləcə də, dünyada neft strategiyasının, siyasətinin formalaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi”nin imzalanması olmuşdur.  İlk dəfə 8 ölkəni əhatə edən bu müqavilə növbəti illərdə 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açmışdır. Bağlanmış müqavilələr hesabına ölkənin neft sektoru sürətlə inkişaf etdirilmiş, ölkəyə daxil olan vəsaitlər hesabına qeyri-neft sektorunun inkişafına və əhalinin sosial problemlərinin həllinə nail olunmuşdur. İqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən, ərzaq təminatına nail olmaq, nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədilə MDB məkanında ilk dəfə olaraq torpaq islahatı həyata keçirilmişdir. Bazar iqtisadiyyatı prinsiplərinin, sahibkarlıq sinfinin formalaşdırılması məqsədilə dövlət tərəfindən zəruri addımlar atılmışdır. Sahibkarlığın, o cümlədən, kiçik və orta sahibkarlığın inkişafı, bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün ardıcıl dövlət proqramları qəbul edilmiş, qanunvericilik bazası yaradılmışdır. İqtisadi sferada dövlət nəzarətinin qaydaya salınması, əsassız yoxlamaların qadağan edilməsi məqsədilə ciddi tədbirlər görülmüş, bu sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldılmışdır. 1994-cü ildən başlayaraq iqtisadiyyatda aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün sahələrdə inkişaf mərhələsinin başlanmasına təkan vermişdir. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa səbəb olmuş, ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaratmışdır. Bütün sahələrdə olduğu kimi, Azərbaycan iqtisadi sahədə də dünya iqtisadiyyatına inteqrasiya etmiş, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilmiş, dünya miqyasında layiqli yerini tutmuşdur. “Əsrin müqaviləsi” üzrə müvəffəqiyyətlə həyata keçirilmiş işlərdən sonra, 1997-ci ilin noyabr ayında “Çıraq” yatağının ilk quyusundan, sonrakı illərdə, “Mərkəzi Azəri” yatağından neft, “Şahdəniz” və “Günəşli” yataqlarından qaz hasil olunmuş, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz kəməri istismara verilmiş, ölkəmiz neftlə yanaşı, qazın da ixracatçısına çevrilmişdir. Bunlarla yanaşı, elektroenergetika sahəsinin də inkişafı ilə bağlı icra olunmuş nəhəng layihələr nəticəsində Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin etmiş, regionun, hətta, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı tərəfdaşa çevrilmişdir. Məhz, görülmüş tədbirlər nəticəsində iqtisadi inkişafın ümumiləşdirici göstəricisi olan Ümumi Daxili Məhsul istehsalında yüksəlişə nail olunmuşdur. Artıq, bu günün reallıqları sübut edir ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna uyğun aparılan islahatlar müsbət nəticələr verir, bəhərini qədirbilən xalqımız daim yüksək qiymətlənirir. İstər müasir tələbata uyğun elmi kadrların hazırlanmasında, istər Azərbaycan Respublikasının beynəlxalq aləmə və qlobal iqtisadi mühitə sürətlə inteqrasiya etməsində, istərsə də ölkənin sosial-iqtisadi istiqamətlərdə ciddi uğurlar qazanmasında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə reallaşan tədbirlərin, islahatların rolu danılmazdır. Heydər Əliyevin bir dövlət və siyasi xadim kimi ölkə, milli iqtisadiyyat, eləcə də onun ayrı-ayrı sahələri qarşısında duran problemlərə kompleks şəkildə yanaşması, bu gün əldə edilən ciddi uğurların əsas təkanvericisidir. Məhz, bu yanaşmanın nəticəsidir ki, sosial-iqtisadi və siyasi istiqamətlərdə qazanılmış müvəffəqiyyətlər biri-birinə təkan verməklə, vahid bir prosesə çevrilir.

    Məlum olduğu kimi, 2023-cü il may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyev Sərəncam imzalamışdır.

     2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə milli iqtisadiyyat sahəsində tematik sitatlar:

- “İndi biz azad bazar iqtisadiyyatı yolu ilə gedirik. Bu formaların hamısı Azərbaycanda öz yerini tuta bilər. Biz bunların heç birinə mane olmayacağıq. Ancaq hansı formalar ümummilli mənafedən Azərbaycan gənclərinin təhsil səviyyəsini qaldıra biləcəksə, yaxşı nəticələr verəcəksə, biz bunlar haqqında düşünməliyik.” - Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə çıxışından (22 sentyabr 1993-cü il);

- “Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir. Ata-babalarımızdan, nəsillərdən-nəsillərə keçən və müasir dövrdə Azərbaycanın zəhmət adamlarının gücü ilə, əməyi ilə, ağlı ilə yaranan zavodlar, fabriklər, digər sənaye müəssisələri respublikanın iqtisadi potensialının əsasını təşkil edir və mən yaxşı bilirəm ki, bu, çox güclü potensialdır. Əgər ondan səmərəli, tam gücü ilə istifadə edə bilsək, iqtisadiyyatımız çox sürətlə inkişaf edəcək və Azərbaycan vətəndaşlarının həyat tərzini yaxşılaşdırmaq üçün yaxşı şərait yaranacaqdır. Mən buna əminəm.” - Bakı Kondisioner zavodunda paytaxtın sənaye müəssisələri əmək kollektivləri nümayəndələrinin mitinqində çıxışından (28 sentyabr 1993-cü il);

- “Başqa respublikalarla müqayisədə Azərbaycanın sənaye potensialı respublikanın müstəqil dövlət kimi inkişaf etməsinə böyük şərait yaradan bir potensialdır. Siz isə, yəni sənaye sahəsində çalışan adamlar – bu zavodları, fabrikləri, digər sənaye müəssisələrini yaradan, onları işlədən adamlar böyük iş görürsünüz. Siz Azərbaycanın müstəqilliyini təmin etmək üçün böyük fəaliyyət göstərirsiniz. Bu fəaliyyətinizə, indiki böhran vəziyyətində zavodları, fabrikləri tam gücü ilə olmasa da, işlətdiyinizə görə və öz peşənizdən, sənətinizdən uzaqlaşmadığınıza görə, öz işinizə, əməyinizə sədaqətli olduğunuza görə hamınıza minnətdarlığımı bildirirəm. Hamınızı bu əmək fədakarlığına görə ürəkdən təbrik edirəm.” - Bakı Kondisioner zavodunda paytaxtın sənaye müəssisələri əmək kollektivləri nümayəndələrinin mitinqində çıxışından (28 sentyabr 1993-cü il);

- “On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın.” - Azərbaycan Respublikasının Prezidentinin Andiçmə mərasimində nitqindən (10 oktyabr 1993-cü il);

- “Mən birmənalı deyirəm: biz sərbəst iqtisadiyyata keçməliyik və bu yolda cürbəcür bəhanələr axtarmamalıyıq. Ola bilər ki, bu yolda itkilərimiz, çətinliklərimiz olsun. Ancaq bu yolu keçməliyik.” - Prezident Sarayında bank-maliyyə, tədiyyə sistemlərinin və idxal-ixrac əməliyyatlarının vəziyyətinə və onu yaxşılaşdırmaq sahəsində vəzifələrə həsr olunmuş ümumrespublika müşavirəsində çıxışından (19 noyabr 1993-cü il);

- “Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Müstəqil Azərbaycanın gələcək iqtisadiyyatının inkişafı neft sənayesindən çox asılıdır. Ona görə də dövlət bu sahəyə xüsusi fikir verir.” - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərləri, neftçi alim və mütəxəssisləri ilə görüşdə çıxışından (5 fevral 1994-cü il);

- “Azərbaycanın iqtisadiyyatı azad iqtisadiyyat yolu ilə gedəcəkdir. Azərbaycan böyük iqtisadi-sosial islahatlar keçirmək əzmindədir. Azərbaycan dünyada sınanmış, artıq öz müsbət nəticələrini vermiş olan iqtisadi-sosial və ictimai-siyasi sistem yolu ilə gedəcəkdir.” - Türkiyə Böyük Millət Məclisində çıxışından (9 fevral 1994-cü il);

- “İqtisadiyyat sahəsində bizim yolumuz sərbəst iqtisadiyyat yoludur, iqtisadi islahatlar keçirməklə Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatına yaxınlaşdırmaq yoludur.” - Ankarada dünya ölkələrinin Türkiyədəki səfirləri və diplomatik heyətlərinin üzvləri ilə görüşdə çıxışından (9 fevral 1994-cü il);

  - “Azərbaycan iqtisadiyyatı sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə gedəcəkdir və bu, müstəqil Azərbaycan Respublikasının iqtisadi sahədə strateji yoludur. Biz bu yolu seçmişik və onu seçərkən dünya təcrübəsindən istifadə etmişik, bundan sonra da istifadə edəcəyik. Başqa bir ölkənin, o cümlədən də İranın, yaxud hər hansı bir qonşu dövlətin bizim bazar iqtisadiyyatına heç bir təsiri ola bilməz.” - Böyük Britaniya Sənayeçiləri Konfederasiyasında çıxışından (22 fevral 1994-cü il);

- “Sosial-iqtisadi inkişaf sahəsində Azərbaycan bazar iqtisadiyyatının, azad sahibkarlığın inkişaf etdirilməsi, iqtisadi həyatın sərbəstləşdirilməsi, xarici kapitalın, xarici investisiyaların Azərbaycana cəlb olunması, xarici investorlar üçün əlverişli şərait yaradılması xəttini qəti şəkildə götürmüşdür. Sözün qısası, söhbət azad bazar iqtisadiyyatından gedir. Bununla əlaqədar mən Azərbaycanla iqtisadi əməkdaşlığa maraq göstərənlərin hamısını respublikamıza dəvət etmişəm, onu nəzərdə tuturam ki, Azərbaycan hər cəhətdən bütün dünya üçün açıqdır, xüsusən investisiyalar üçün, iqtisadi münasibətlər üçün Azərbaycan Birləşmiş Krallığın işgüzar aləminin üzünə açıqdır. Mən demişəm və sizin qarşınızda bir daha bildirirəm ki, Azərbaycan iqtisadi əməkdaşlıq üçün, investisiyalar üçün əlverişli imkanlara malikdir, respublikanın rəhbərliyi, dövlətimiz investisiyaların müdafiəsinə, Azərbaycanla əməkdaşlığa başlayacaq xarici firmaların mənafelərinin müdafiəsinə təminat verir.” - Böyük Britaniyaya rəsmi səfərin yekunlarına dair mətbuat konfransında bəyanatından (24 fevral 1994-cü il);

- “Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir, demək olar ki, yarısından çoxudur. Əhalinin yarısı, ola bilər ki, yarısından bir qədər azı kənddə yaşayır, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğuldur. Ona görə də kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında, bir tərəfdən böyük yer tutur, digər tərəfdən isə, iqtisadiyyatımıza həm mənfi, həm də müsbət təsir göstərə bilir. Sənayenin də bir hissəsi, ola bilsin, böyük bir hissəsi kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı olduğuna görə kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyəti var.” - Prezident Sarayında kənd təsərrüfatı problemlərinin həllinə həsr olunmuş müşavirədə nitqindən (4 mart 1994-cü il);

  - “Azərbaycanın iqtisadi potensialı, geopolitik coğrafi vəziyyəti respublikamız, xalqımız üçün böyük, gözəl, xoşbəxt gələcək təmin edir.” - Prezident Sarayında respublika iqtisadiyyatının vəziyyətinə həsr olunmuş geniş müşavirədən (11 avqust 1994-cü il);

- “Azərbaycanın neft yataqları xalqımızın ən böyük milli sərvətidir və ondan bu gün də, gələcəkdə də çox ehtiyatla istifadə etmək lazımdır. Düşünmək lazımdır ki, bizim sərvətlərimiz təkcə bugünkü nəsillər üçün deyil, nəvə-nəticələrimiz, gələcək nəsillərimiz üçün də gərəkdir.” - Suraxanı neft yatağının sənaye üsulu ilə istismarına başlanmasının 90 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışından (26 avqust 1994-cü il);

- “Azərbaycan dövlətinin iqtisadi sahədə siyasəti iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə qurmaqdan və bu yol ilə Azərbaycan iqtisadiyyatını dünya iqtisadiyyatı ilə bağlamaqdan ibarətdir.” - Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə çıxışından (7 mart 1995-ci il);

  - “Azərbaycanın öz təbii sərvətlərindən istifadə etməsi ilə əlaqədar apardığı strateji siyasət Azərbaycanın milli mənafeyinə tamamilə cavab verən siyasətdir.” - “Kürdaşı” dəniz blokunun və “Cənub-Qərbi Qobustan”, “Kürsəngi-Qarabağlı” bloklarının birgə işlənilməsi haqqında ARDNŞ ilə xarici neft şirkətləri arasında müqavilələr imzalanarkən nitqindən (2 iyun 1998-ci il);

- “Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün, iqtisadi islahatların həyata keçirilməsi ilə yanaşı, xarici investisiyanın Azərbaycana gəlməsi, xarici investorlara Azərbaycanda əlverişli şərait yaradılması və Azərbaycanda özəl sektorun inkişafı üçün imkan, əlverişli şərait yaradılması bizim hamımızın qarşısında duran əsas vəzifədir və bu vəzifəni həyata keçirmək lazımdır.” - Azərbaycan Respublikası Nazirlər Kabinetinin ölkənin iqtisadi və sosial inkişafının yekunlarına həsr olunmuş geniş iclasından (6 noyabr 1998-ci il);

- “Məhz böyük dövlətlərin, böyük ölkələrin, onların neft şirkətlərinin müstəqil Azərbaycan dövlətinə göstərdiyi etimadın nəticəsində “Əsrin müqaviləsi” imzalanmışdır. Ondan sonra isə tərəfdaşlarımızla, Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan şirkətlərlə və başqa xarici şirkətlərlə bizim gördüyümüz işlər dünyaya bir daha sübut etdi ki, birincisi, Xəzər dənizi, onun Azərbaycan sektoru zəngin neft və qaz yataqlarına malikdir, ikincisi, Azərbaycan dövləti ilə uzunmüddətli, etibarlı iş görmək olar.” - Respublika sarayında “Əsrin Müqaviləsi”nin beşinci ildönümünə həsr edilmiş təntənəli mərasimdə çıxışından (20 sentyabr 1999-cu il);

- “Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır.” - Respublika sarayında “Əsrin Müqaviləsi”nin beşinci ildönümünə həsr edilmiş təntənəli mərasimdə çıxışından (20 sentyabr 1999-cu il);

- “Bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat Azərbaycan iqtisadiyyatının bu günü və gələcəyini təşkil edir.” - Bakıda Binə Beynəlxalq Aerovağzalının yeni kompleksinin açılış mərasimində nitqindən (30 sentyabr 1999-cu il);

- “Azərbaycanın ən böyük sərvəti Xəzərdən külli miqdarda çıxarılmış neft və qaz deyil. Məhz neftçıxarmanın müxtəlif sahələri üzrə toplanmış zəngin təcrübə, təşəkkül tapmış böyük alim və mütəxəssis ordusu, insan potensialı olmuşdur.” - Azərbaycan dəniz neft sənayesi işçiləri ilə görüşündə nitqindən (6 noyabr 1999-cu il);

- “Azərbaycan dövləti sahibkarlığın sürətlə inkişaf etdirilməsini ölkədə iqtisadi və sosial problemlərin həllinin, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsinin mühüm amili hesab edir.” -

Azərbaycan Sahibkarlar Assosiasiyası Konfransının iştirakçılarına müraciətindən (2 mart 2000-ci il);

 - “Dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, vətəndaşlarımızın rifahını yaxşılaşdırmaqdan ibarətdir.” - 28 May – Respublika günü münasibətilə keçirilən təntənəli mərasimdə nitqindən (27 may 2000-ci il);

- “Ölkəmiz dünya miqyasında geostrateji əhəmiyyətə malik olan əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlarından və böyük potensialından istifadə edərək, Şərq və Qərb arasında körpü rolunu səmərəli surətdə həyata keçirməyə qadirdir.” - Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətindən (29 dekabr 2000-ci il);

- “Neft özü-özlüyündə bizim üçün heç də məqsəd deyildir. O, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, yeni sahələrin yaradılması, xalqın rifah halının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü bir vasitədir, əlverişli bir mənbədir.” - Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətindən (29 dekabr 2000-ci il);

- “Azərbaycan dövlət müstəqilliyini əldə edəndə burada yaranmış böyük kimya kompleksinin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu biz hamımız dərk etdik. Əgər bu kompleks yaranmasaydı, bu gün müstəqil Azərbaycan bu sərvətlərə malik olmayacaqdı.” - Sumqayıtdakı Etilen-Polietilen zavodunda buxar-generator qurğusunun istifadəyə verilməsi mərasimində nitqindən (7 iyul 2001-ci il);

- “Bizim iqtisadiyyatımızın, iqtisadi siyasətimizin əsas istiqaməti, ana xətti bütün bu islahatların sosial yönümlüyüdür.” - Bakının Nəsimi rayonunda paytaxtda ilk özəl ümumtəhsil məktəb kompleksinin istifadəyə verilməsi mərasimində nitqindən (1 sentyabr 2001-ci il);

- “Neftin və qazın Avropa istiqamətində ixrac olunması - təkcə iqtisadi, kommersiya məsələsi deyildir. Bu, siyasi məsələdir. Bu, bizim Qərb ilə inkişaf etmiş ölkələrlə inteqrasiyamızın əsasıdır. Bu, eyni zamanda bizim bölgəmizdə təhlükəsizliyin təmin olunmasının əsasıdır. Demək, bu eyni zamanda böyük bir siyasi məsələdir.” - “Neftçilər günü”nə həsr olunmuş təntənəli mərasimdə nitqindən (22 sentyabr 2001-ci il);

 - “Bizim iqtisadiyyatımızın aparıcı qüvvəsi özəl sektordur, sahibkarlardır.” - “Azərbaycan polisi günü”nə həsr olunmuş təntənəli mərasimdə nitqindən (3 iyul 2002-ci il);

- “Biz Azərbaycanda neft strategiyasını hazırlayıb həyata keçirməyə başlayarkən qarşımıza əsas bir böyük məqsəd və vəzifə qoymuşuq: Azərbaycanın zəngin təbii sərvətləri olan neft və qaz yataqlarının xarici şirkətlərlə, onların investisiyalarının cəlb olunması vasitəsilə müştərək işlənilməsini təşkil etmək, bunun nəticəsində zəngin yataqlarımızda neft və qaz hasilatını təmin etmək və təbiidir ki, bunların hamısını Azərbaycanın milli mənafelərinin təmin olunmasına yönəltmək. Yəni bütün bu strategiya yalnız və yalnız Azərbaycanın milli mənafeləri üçün həm işlənib hazırlanıb, həm də həyata keçirilir.” - Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasnn birinci iclasında nitqindən (16 iyul 2002-ci il);

- “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri bizim ən böyük nailiyyətlərimizdən biridir.” - Azərbaycanın dövlət müstəqilliyinin 11-ci ildönümünə həsr olunmuş "Gülüstan" sarayında təntənəli mərasimdə nitqindən (17 oktyabr 2002-ci il);

- “Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter daşımır. O, eyni zamanda Qafqazda, xüsusən Cənubi Qafqazda, Türkiyədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün əsas vasitələrdən biridir.” - Vaşinqtonda keçirilən "Şərq-Qərb Enerji Dəhlizi reallıqdır" mövzusunda beynəlxalq konfransda nitqindən (25 fevral 2003-cü il);

- “Azərbaycanın yeni neft strategiyası, onun qarşıya qoyduğu məsələlər, Azərbaycanın iqtisadiyyatı və bunun gələcəyi, demokratik, hüquqi, dünyəvi dövlət kimi ilbəil inkişaf etməsi, bazar iqtisadiyyatı ilə irəliləməsi - bunlar hamısı bizim əsas prinsiplərimizdir.” - Vaşinqtonda keçirilən “Şərq-Qərb Enerji Dəhlizi reallıqdır” mövzusunda beynəlxalq konfransda nitqindən (25 fevral 2003-cü il).

Dünya şöhrətli siyasətçi, dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 40 ilə yaxın bir dövr ərzindəki bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı, xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdur. Ulu Öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsas nüvəsini müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur. Tam qətiyyətlə, cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin intensiv inkişaf mərhələsini və tariximizin ən şanlı dövrünü təşkil edir. Böyük idarəçilik təcrübəsinə malik Ulu Öndər müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırlamış, onu dəqiqliklə həyata keçirmişdir. Bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan dövlətlərdən biridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib...

   Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin! Allah yaralı hərbi qulluqçularımıza şəfa versin! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!... Qarabağ Azərbaycandır!...

Hörmətlə,

Müşfiq Ənvər oğlu Əliyev

Azərbaycan Respublikası

Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri,

Qarabağ müharibəsi veteranı, qazi.

BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ.