Köküm, özüm, sözüm Azərbaycanım

Hər bir insan oxunulmamış bir kitaba bənzəyir. İnsanın dünyaya gəlişindən başlayaraq onun ömür yoluna nəzər salsaq görərik ki, bu ömür yolu qalın bir kitabdır. Sadəcə bu ömür kitabının səhifələri vərəqlər deyil, yaşadığı günlərin sayıdır. Və bu kitabın qalınlığı da həmin günlərin sayı ilə səhifələnir. Bu səhifələrin az bir hissəsini insan yaza bilir.Qalan bir hissəsi isə zaman adlı axar çayın suları altında itib-batır.Ömür kitabının səhifələri varaqlanan şair dostlarımdan biri də Moskvada yaşayan, şair-publisist, ziyalı Babakişi Beyləqanidir. Babakişi Beyləqani yeganə yazardır ki, Rusiya Federasiyasında “Moskva bulaqları” (Moskovskiy rodniki) kitabını ərsəyə gətirib. Eyni zamanda yeganə yazardır ki, Azərbaycanda da bulaqlara aid ilk kitab yazıb və çoxsaylı oxuculara təqdim edib.
Babakişi Beyləqani ilə dostluğumuzun tarixcəsi də qəribədir.
...Beyləqanda şair dostlarımla yaradıcılıqla bağlı söhbət edirdim. Söhbət əsnasıda şair Ədalət Cümşüdoğlu bizə bildirdi ki, Moskva şəhərində yaşayan, orada yazıb-yaradan şair Babakişi Beyləqani doğulduğu Aşıqlı kəndinə gəlib.Babakişi müəllim haqqında çox eşitmişdim. Amma, onunla şəxsi münasibətim yox idi. Məndə Babakişi müəllimlə görüşmək istəyi yarandı. Şair dostlarıma təklif etdim ki, Aşıqlı kəndinə gedib Babakişi müəllimlə görüşmək çox yaxşı olar.
O vaxtlar Beyləqan ədəbi birliyinə rəhbərlik edən Səmədxan Beyləqanlı (Allah rəhmət eləsin), şair-yazıçılardan Əjdər Əliyev (Allah rəhmət eləsin), Asif Cəfərli (Allah rəhmət eləsin), Baxşeyiş Şirinov, Ədalət Cümşüdoğlu və mən Aşıqlı kəndinə şairlə görüşə getdik.
...O gündən sonra Babakişi müəllimlə dostluğumuz daha da gücləndi, möhkəmləndi.Bu insanın necə bir vətənpərvər, yurdsevər, dostcanlı, el-obaya bağlı olduğunu gördüm.Günlər bir-birini əvəz etdi. Bizi bir-birimizə daha çox yaxınlaşdıran sözə olan sevgimiz oldu. Babakişi müəllimin “Azərbaycan bulaqları” və “Azərbaycan bulaqlarında” adlı iki kitabların redaktoru oldum.
Babakişi Beyləqani 1976-cı ildə M.V.Lomonosov adna Moskva Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. O, uzun illər həmin universitetdə işləmişdir. Babakişi Beyləqani Moskvanın 850 illiyi, M.V.Lomonosov adna Moskva Dövlət Universitetinin 250 illiyi, M.V.Lomonosovun 300 illiyi medalları ilə təltif olunmuşdur. Babakişi Beyləqani Rusiya Federasiyasının Voloqodski və Moskovski vilayətlərinin sovxozlarında baş baytar həkimi vəzifəsində çalışaraq buradakı insanların dərin hörmətini qazanmışdır.
... Vətən sevgisi, ei-oba sevgisi ilə yaşayan şair uzun illər qürbətdə-Moskvada yaşamasına baxmayaraq, ürəyi həmişə Azərbaycanla-Vətənlə döyünüb, bu gün də döyünür.Babakişi müəllimin şeirlərinin böyük hissəsindən Vətən qoxusu,Vətən ətiri, Vətən sevgisi gəlir. Bu da onu oxucuya sevdirir. Azərbaycan tarixini mükəmməl bilən Babakişi müəllim harada olmasından, harada yaşamasından asılı olmayaraq doğma ölkəsi, doğulub-boya başa çatdığı Aşıqlı kəndi barədə öz müsafirlərinə ətraflı və əhatəli məlumat çatdırmağı xoşlayır.
...Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlişi Babakişi müəllimdə də gələcəyə böyük inam yaratdı. Moskvada yaşayan Babakişi müəllim ulu öndər Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərlə qürur duyur, bu fenomenal insanın mislsiz xidmətlərini dəyərləndirən milyonlarla insanlardan biri olaraq, bu Dahi Şəxsiyyətlə fəxr edir. Azərbaycanı dünyaya tanıdan ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Dünyaya tanıtdın Azərbaycanı” şeirini ərsəyə gətirir.Xalqın məhəbbətini, sevgisini bütün ölkədə qazanmış dahi şəxsiyyət Heydər Əliyevin sovetlər dönəmində və müstəqillik illərində gördüyü işləri sayıb qurtarmaq olmaz, deyir:
Ulu Öndər Heydər Azərbaycanda,
Qurub yaratmışdı dağda, aranda.
Yazmaqla qurtarmır gördüyü işlər,
Unutmaz Heydəri bizim nəsillər.
Çox çətin zamanda ordunu qurdu,
Xalqına həmişə bir dayaq oldu.
İyirminci əsrin Dahi İnsanı,
Dünyaya tanıtdı Azərbaycanı!
Ölkəmizin çiçələnməsi, qüdrətlənməsi üçün öz ömrünü xalqa həsr etdi.Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimi, əbədi olması üçün çalışdı. Ulu Öndər Heydər Əliyev bütöv Azərbaycanın gələcəyini İlham Əliyev kimi uzaqgörən siyasi xadimə həvalə etməkdə də yanılmadı.
Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyev ölkəmizi inamla gələcəyə aparan Dövlət Başçısıdır. Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla həyata keçirən Prezident İlham Əliyev xalqın sevgisini,məhəbbətini qazanıb.Cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycan çiçəklənən bir diyara çevrilib. Ölkəmiz sürətlə inkişaf etməyə başlayıb və mükəmməl ordumuz yaranıb. Azərbaycan ordusu cənubi Qafqazda ən güclü olub. Bu ordu ilə hər bir azərbaycanlı fəxr etməyə başlayıb,qürur duyr ki, Azərbaycanın güclü ordusu var.
İlham Əliyev də haqqın yolunda,
Məşhurdur dünyaya uğurları da.
Çox gücləndirdiyi müzəffər ordu,
Cənubi Qafqazda birinci oldu.
Ölkəmiz qüdrətləndikcə, ordumuz gücləndikcə Dövlətimizin Başçısı işğal altında qalan torpaqlarımızın azad edilməsinin vaxtının yaxınlaşdığını düşündü.Prezident İlham Əliyev Qarabağı və ətraf rayonları işğaldan necə azad etməyi planlaşdırdı.
Çünki O, Ata vəsiyyətinə əməl etməli və Qarabağı işğaldan azad etməli idi. Bunun üçün güclü ordu lazım idi. Bütün bunları düşünən Prezident İlham Əliyev Qafqaqzın ən güclü ordusunu yaratdı. Bir həmlə ilə mənfur Ermənistan ordusunu darmadağın edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Ata vəsiyyətinə əməl etdi.
Ulu Öndər Heydər arzularında,
Bütövlük istərdi Azərbaycanda.
Görmüşdü hər yanı, həm Qarabağı,
İstərdi qaytara ana torpağı.
...Prezident İlham da ata yolunda,
İllərlə çalışdı, qüvvə qolunda.
Müzəffər ordusu gücləndi xeyli,
Günlərlə döyüşə artırdı meyli.
Elə ki, verildi “ İrəli” əmri,
Döyüşə başladı mərd əsgərləri.
Qırx dörd gün döyüşdə zəfər qazandı,
Ata vəsiyyətinə sadiq qaldı!
... 27 sentyabr 2020-ci il. Azərbaycanın tarixinə qızıl həriflərlə yazıldı. Başda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olmaqla müzəffər Ordumuz qırx dörd gün ərzində mənfur Ermənistan qoşunlarını iti qovan kimi torpaqlarımızdan qovaraq el-obamızı işğaldan azad etdk. Xalqımızın sevinci yerə-göyə sığmırdı. Axı, bu günü düz otuz ilə yaxın idi ki, gözləmişik. Bu tarixi qələbə başımızı uca etdi, üzümüzün gülüşü qayıtdı. Bundan ruhlanan Babakişi müəllim “Düz əmrin verdi Prezident İlham” şeirini yazdı:
Ali Baş Komandan verəndə əmri,
Döyüşə atıldı mərd əsgərləri
İgid oğulları görən erməni,
Qaçaraq boş qoydu səngərlərini.
Aslan tək ordusu Azərbaycanın,
Məhv etdi ordusun Ermənistanın.
Ali Baş Komandan, O, bir qəhrəman,
Rəhbərlə fəxr edir can - Azərbaycan.
Vətən müharibəsində xalqımız dəmir yumuruq kimi birləşdi. Bütün dünya bu birliyə mat qalmışdı. Ermənipərəst ölkələr bizim qələbəmizə həsəd apardı. Amma, qardaş ölkələr Türkiyə, Pakistan bizə dəstək verərək hər zaman Azərbaycanın yanında olduqlarını bildirdilər. Bu tarixi anları yşayan şair yazır:
Eşq olsun, Heydər oğlu İlhama!
Eşq olsun, qəhrəman, igid xalqıma!
Eşq olsun, Baş Bakanım Ərdoğana!
Eşq olsun, qəhrəman Azərbaycana!
Eşq olsun, zəfər çalan Ordumuza!
Eşq olsun, igid oğullarımıza!
Babakişi Beyləqani təvəzökar insandır. Onun sözünün cazibəsinə düşən hər kəs onun sehrindən ayrılmaq istəmir. Sadə, xalq dilində yazdığı şeirlər onu oxucuya daha çox sevdirir.
Onun şeirləri də özü kimi sadədir. Babakişi Beyləqani həmişə sülh adamı olub, sülh carçısıdır. Bütün dünyaya, insanlara sülh arzulayır. İnsanları müharibə etməyə yox, sülhə səsləyir, Babakişi Beyləqani. Bu baxımdan onun böyük məharətlə, ustalıqla yazdığı “Sülh” şeiri oxucuda maraq doğurur:
Cənubi Qafqazda sülhün yolunda,
Böyük işlər görür Azərbaycan da.
Davamlı tutaraq sülhün bayrağın,
Yandırır zülmətdə nurlu çırağın.
İnsanları haqqa, ədalətə, sülhə səsləyən Babakişi Beyləqani yaşadığımız dünyada çoxlu haqsızlıqlarla rastlaşır. Bu haqsızlıqlar şairi gecə-gündüz narahat edir. Dünyamıza sülh arzulayan şairin vətəni işğal altında olanda da öz haqq səsini ucaldaraq mənfur düşmənlərimizi sülhə səsləyir.
Azərbaycanın sülh çağırışlarına məhəl qoymayan Ermənistan rəhbərliyinə, ermənilərə müraciət edərək bildirir ki, müharibələrin sonu yoxdur. Müharibələr fəlakət, ölüm gətirir. Ən nəhayət bütün müharibələrin sonu sülhlə qurtarır,-deyir, Babakişi Beyləqani.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasəti dəstəkləyən şair mənfur erməniləri qan tökməkdən çəkindirməyə çalışır. Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində Azərbaycanın uğura imzalar atmasını böyük məharətlə qələmə ala bilir, Babakişi Beyləqani:
Sülhün, inkişafı, sülhün yolunda,
Şox işlər görülür Azərbaycanda.
İlham Əliyevin düzgün planı,
Uğura aparır Azərbaycanı.
Ədalətsizliklər gördük illərlə,
Rastlaşdıq haqsızlıq, vəhşiliklərlə.
Mənfurlar dağıdıb, söküb qəbirlər,
Faşistdən də pisdir bu ermənilər.
Azərbaycanın sülh çağırışları bəzi dünya dövlətlərinin diqqətində olsa da erməni faşistlərini dəstəkləmələri şairin qəlbində düşmənə nifrət hissini daha da alovlandırır.Ermənilərin Qarabağda, işğal etdikləri ata-baba torpaqlarımızda törətdikləri vəhşilikləri, soyqrımları dünya xalqlarına çatdıra bilir.Azərbaycan həqiqətlərini deməyən ölkələri pisləyir, həmin ölkələri düzgün informasiya verməyə çağırır:
Düzünü deməyir bəzi ölkələr,
Yalana, riyaya çox yol verirlər.
Dostlar başa salsa erməniləri,
Tez başa vurarıq mərhələləri.
Sülh olur axırı müharibənin,
İtkisi olsa da hər bir ölkənin.
Sülh olsa insanlar qurar, yaradar,
Ölkəsin dünyaya onlar tanıdar.
10 dekabr 2020-ci il tarixdə Azərbyacan xalqı 44 günlük müharibənin QƏLƏBƏ gününü, ZƏFƏR gününü təntənə ilə qeyd etdi.Bu gün qızıl həriflərlə tarixə yazıldı. Bu şanlı qələbənin qazanılmasında başda Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev olmaqla rəşadətli Azərbaycan Ordusu oldu. 2020-ci il 10 dekabrdan başlayaraq hər il bu tarixi günü ZƏFƏR Bayram kimi qeyd edirik.“Müzəffər ordumuz qovdu düşməni” şeirində şair deyir:
Ali Baş Komandan, müzəffər ordum,
Sizinlə fəxr edir bu ana yurdum.
Zəfəri yurduma bəxş edibsiniz,
Bu şanlı zəfəri qeyd edirik biz..
Və ya
İgidlik göstərdi qəhrəman ordu,
Döyüşdə düşmənə zərbələr vurdu.
Qarabağdan qovub erməniləri,
Ölkəyə gətirdi şanlı zəfəri.
Babakişi Beyləqani bu kitbını 44 günlük davam edən və qələbəmizlə başa çatan vətən müharibəsindən qələbə ilə çıxan xalqımıza həsr edib.Bu kitabda demək olar ki, şeir və poemaların hər biri igid övladlarımızın şücaətindən bəhs edir.Mənfur düşmən ata-baba torpaqlarımızı işğal etdikdən sonra həmin əraziləri dağıdıb, talan etmişdi. Vəhşiliklər törədən ermənilərin cinayətlərini “Ağdam” şeirində göstərən şair, erməniləri dünyanın ən alçaq adamları adlandırır. Böyük bir şəhəri yerlə-yeksan edib, bir dənə də olsun bina qoymayan vəhşilərə nə ad vermək olar?
-Ağdamda daş-üstə daş qoymayan erməni vandalları digər rayonlarımızı da talamışlar. Təkcə onu deyim ki, Birinci Qarabağ müharibəsində altı min ağdamlı vətən uğurunda döyüşərək şəhidlik zirvəsinə ucalmışdır. Efir vasitəsi ilə Ağdamın vətən müharibəsindən sonrakı görüntülərini izləyəndə ürəyim bu mənzərəyə tab gətirmədi. İlahi , bu gözəl guşə nə hala salınıb?-deyir, Babakişi Beyləqani.
...İnsanlar baxanda bu gün Ağdama,
Lənətlər deyirlər Ermənistana.
Talanıb, dağılıb Ağdam şəhəri,
Mənfurlar ediblər vəhşilikləri.
Torpaqlarımız işğaldan azad olundu. İndi Ağdam və işğaldan azad olunan bölgələrimizdə tikinti-quruculuq, bərpa işləri aparılır. İnanırıq ki, tezliklə Ağdam və digər rayonlarımızın əvvəlki şöhrəti özünə qayıdacaq.İşğaldan azad olunmuş rayonlarımızda, kənd və qəsəbələrimizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamları ilə titanik quruculuq-abadlıq, bərpa işləri aparılır:
Yenidən qurulur Ağdam şəhəri,
Bərpa olur onun gözəllikləri.
Böyük bir məkanı Azərbaycanın,
Ucalar şöhrəti yenə Ağdamın.
Bu gün Qarabağ və ətraf rayonlar düşməndən azad edilib. İndi həmin yerlərdə möhtəşəm abadlıq-bərpa işləri aparılır. Dünyanın bir çox dövlətlərindən buraya gələn jurnalistlər , turistlər, insanlar ermənilərin törətdikləri vəhşilikləri, cinayətləri öz gözləri ilə görürlər.Bu cinayətləri törədənləri pisləyir, lənətləyirlər.
Uçmış binaları, evlərin yerində müasir tipli,yeni ağıllı kənd,qəsəbə, şəhərlər salınır.
İndi Qarabağda salınır yollar,
Evlər ucaldılır, burda büsat var.
Düşmən dağıtdığı yurd yuvaları,
Biz abad edirik el-obaları.
Ermənilər bəşəriyyətin qara yarasıdır. Harada bir irəliyə gedən insan görsələr onu məhv etmək, öldürməyi düşünürlər,terror nəticəsində də öz murdar niyyətlərinə çatırlar. “Erməni terroru” şeirində şair ermənilərin cinayət əməllərini gözəl təsvir edir:
Erməni terroru uzun illəri,
Törədib çox yerdə cinayətləri.
Təxribat əməli ermənilərin,
Göstərir onların pis əməllərin.
Terror təşkilatı Ermənistanda,
Cinayət törədir qonşularında.
Qanundan danışan bəzi ölkələr,
Terrorçuya dayan, heç deməyirlər.
Maraqlıdır ki, dünyanın gözü qarşısında ermənilərin törətdikləri cinayətlərə də bir çox dünya dövlətləri susur. Bu isə şairi narhat edir.
Babakişi Beyləqani ərsəyə gətirdiyi bu kitabda şeirlərin böyük bir hissəsini 44 günlük vətən müharibəsinə, şanlı ordumuzun Qəhrəman Sərkərdəsinə, şəhidlərimizə həsr edibdir desəm yanılmaram.Şairin qəlbi, ruhu Qarabağla döyünür. O, uşaqlıq,yeniyetmə və gənclik illərini Kəlbəcər, Şuşa, Laçında keçirib, burada sərin sulu bulaqlardan içib, dağ havası qəbul edib. Dağlardan axan çaylar kimi sözləri ilə insanların qəlblərinə söz-söz axıb, ürəkləri sərinləşdirib, qüvvət verib. “ A dostlar, nə desən var Qarabağda” şeirində şair Qarabağın füsnkar gözəlliyini vəsf edərək yazır:
Şairlər məskəni olub bu diyar,
Ariflər mətləbi gendən anlayar.
Şairlər bəhs edər səf-səf dayanar,
Nə gözəl səslənir tar Qarabağda,
A dostlar, nə desən var Qarabağda.
Mat qalarsan burda açan güllərə,
Xalı tək bəzənər hər dağ, hər dərə.
Xoş ətir yayılır sanki qəlblərə,
Axtarıb taparsan yar Qarabağda!
A dostlar, nə desən var Qarabağda!
XXI əsr bütün Türk dümyası üçün uğurlu oldu. XXI əsr Türkün yüksələn vaxtı, dünyada böyük nüfuz sahibi olduğunu göstərdi. Babakişi müəllim də Türk oğlu, Türk olduğu ilə fəxr edir. 2020-ci ilin sentyabr ayında mənfur düşmən ermənistanın ölkəmizə qarşı etdiyi işğalçılıq siyasəti zamanı Türkiyənin Azərbaycanın yanında olmasından qürur duydu.44 gün davam edən müharibədən sonra da Türkiyə Respubliksının Baş Bakanı Rəcəb Tayyib Ərdoğanın Şuşaya gəlişi, müxtəlif vaxtlarda Azərbaycana gəlişindən ruhlanan şair qələbə ətirli şeirlər yazaraq bu tarixi səfəri alqışlayır. Türkiyə-Azərbaycan qardaşlığı ilə fəxr edir.
İyirmi birinci əsr ...
Haqq savaşı.
Türkiyə yurduma bir dəstək oldu.
Pakistan da dəstək oldu xalqıma,
Doğma Qarabağı ordum qorudu.
Səsimizə səsin verdi Ərdoğan,
Türkün ər oğludu, ərdi Ərdoğan!
İlhamla-Ərdoğan haqq yolundadır,
Onların birliyi, Türkün birliyi.
Bu birlik qırılmaz, qırılmaz heç vaxt,
Bu birlik göstərir xoş gələcəyi.
Hər bir Türkü igid, bilər Ərdoğan,
Türkü xoş günlərə səslər Ərdoğan!
Tanınmış insanlar haqqında söz demək, şeir yazmaq şairdən məsuliyyət tələb edir. Bu baxımdan Babakişi müəllim ərsəyə gətirdiyi şeirlərin demək olar ki, hər birini yaşayaraq yazıb. Tanıdığı insanların hər kəs tərəfindən sevildiyini görən şair ürəyini şam kimi əridərək belə şəxsiyyətlər haqqında şeirlər, nəğmələr yazmağı bacara bilmişdir. Şeirləri oxunaqlı və rəvandır.
Babakişi Beyləqaninin ürəyi hər zaman Türk dünyasının qüdrətlənməsi ilə döyünür. Görüşlərimiz zamanı həmişə bu sözü eşidirəm. “Allah Türkün bayrağını həmişə uca etsin”. Türk həmişə ucalardan uca dayanmalı, dünyaya insanlığı öyrətməlidir.
Yüksəlsin hər zaman Türkün bayrağı,
Türkün al bayrağı aşağı enməz.
Nə qədər Türk xalqı ayaq üstədir,
Türkün düşmənləri ucala bilməz.
Düşmənin qəddini bükür Ərdoğan,
Türk dünyasın dərdin, çəkir Ərdoğan!
“Köküm, özüm, sözüm Azərbaycanım” kitabında müəllifin “Azərbaycana həsr olunmuş ömür”, “Atatürk”, “Şuşa baş tacısan, ana vətənin”, “Qarabağ” və “Karonavirus” adlı poemaları öz əksini tapıb.
“Azərbaycana həsr olunmuş ömür” poema xalqımızın ümummlilli lideri Heydər Əliyevin mənalı ömür yolundan bəhs edir. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu poema Babakişi müəllimin ən sanballı əsərlərindən biridir. Poema öz oxunaqlılığı ilə seçilir.Şair göstərir ki,Ulu Öndər Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişi ilə yurdumuzda çiçəklənmə dövrü başladı. Azərbaycan dünyada tanındı:
Heydər dühasıyla tanındı yurdum,
Sovet məkanında ucaldı yurdum.
Ölkəmiz ucaldı, dirçəldi gün-gün,
Dünyaya Heydərlə tanıtdı özün .
Şəhərlər salındı, kəndlər salındı,
Zavodlar tikildi xoş gün başladı.
Xalq Ulu Öndəri sevdi ürəkdən,
Heydər öz xalqına bağlandı qəlbdən.
Öz mənalı ömrünü xalqına həsr edən Ulu Öndər Heydər Əliyev Azərbaycanı inkişaf etdirdi, dünyaya tanıtdı. XX əsrin sonlarında ölkəmiz dağılmaq təhlükəsi ilə üzləşəndə də müdrik siyasətçi, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev həmişə olduğu kimi yenə də xalqımızın yanında oldu. Azərbaycan məhv olmaqdan qurtuldu:
Hər zaman xalqı ilə qəlbi döyündü,
Günəş tək göylərdə Heydər göründü.
Xalqın dar günündə köməyə gəldi,
“Yaşa Heydər”-sözü göyə yüksəldi.
Dahi Ulu Öndər Azərbaycanda,
Qurub yaratmışdır, özü hər yanda .
Saymaqla qurtarmaz gördüyü işlər,
Heydəri vətəndə çox-çox sevirlər.
Ümummilli lider Heydər Əliyev elə şəxsiyyətdir ki, onu hər bir azərbaycanlı sevir, onunla fəxr edir.Azərbaycanı məhv olmaqdan xilas edən Ulu Öndər Heydər Əliyev irsi bu gün də onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ulu Öndər irsi davam eyləyir,
İnsanlar bu irsdən hey bəhrələnir.
Abad olur ellər, dəyişir hər yan,
Gülüstana dönür can Azərbaycan!
...Prezident İlhamdı yurdumda Rəhbər,
Düşünür xalqını hər axşam, səhər.
Doğma Azərbaycan güclənir hər gün,
Rəhbərimiz deyir dünyada sözün.
Babakişi Beyləqaninin söz bazası çox böyükdür. O, istənilən mövzuya öz prizmasından baxır və onu qələmə almağı bacarır. Qəlbən obasına, elinə, doğma Azərbaycana, bütün Türk dünyasına bağlı olan şairin söz dəryası daima təlatümlüdür. Onun yazdığı poemaların hər biri öz oxunaqlılığı ilə oxucunun qəlbində iz salır. Türkiyə -Azərbaycan birliyi, dostluğu, qardaşlığı əbədidir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin bu qardaşlığı bildirən müdrik kəlamı “Biz bir millət, iki dövlətik ” sözü hər birimizin ürəyindən xəbər verir. Babakişi Beyləqani Türk dünyasını sevən şairlərimizdəndir. Mustafa Kamal Atatürkə həsr olunan “Atatürk” poeması da öz rəvnlığı ilə seçilir:
Türkiyə səninlə ucaldı gün-gün,
Ucaldı göylərə Türkün ad-sanı.
Zülmətdən qurtardin eli-obanı,
Mat qoydun işinlə bütün cahanı,
Sənə nəğmə deyir, dillər Atatürk
Fəxr edir səninlə, ellər Atatürk!
Yazıldı tarixə o böyük adın,
Sən oldun yurdunun qəhrəman oğlu.
Sən Türkün əsgəri, həm komandanı,
Getdiyin yol oldu, daim haqq yolu,
Açıldı yoluna əllər Atatürk,
Fəxr edir səninlə ellər Atatürk!
2022-ci il Şuşa şəhərinin yaranmasının 270 illiyini yüksək səviyyədə qeyd edəcəyik. Ömrünün ən gözəl çağlarını Şuşada keçirən Babakişi Beyləqani 1959-cu ildə Şuşa Kənd Təsərrüfatı texnikomuna daxil olmuş və 1963-cü ildə həmin texnikomun baytarlıq fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.Ttexnikomda oxuduğu dörd il ərzində Şuşanı,şəhərin ətrafını qarış-qarış gəzmiş,onun qədim tarixə malik olan muzeylərini görmüş, məşhur adamları ilə görüşmüşdür. O, Xan Şuşinskini, Bülbülü və başqa tanınmış insanları sevinclə xatırlayır.Babakişi müəllim Şuşadan, İsa bulağından, Turşsu bulağından , Cıdır düzündən və s. maraqlı söhbətlər edir. Şuşada texnikomda oxuduğu illər ərzində tez-tez “Şuşa ” qəzetində məqalə və şeirləri dərc olunub. Həmin illərdə Babakişi müəllimə “Şuşa“ qəzetinin fəal müxbiri deyirdilər. Babakişi müəllim Xankəndi (Stepanakert) şəhər radiosndan Şuşa pioner düşərgəsində uşaqların istirahətindən, Şuşa Kənd Təsərrüfatı texnikomunun və Şuşa Pedaqoji texnikomunun fəaliyyəti barədə və s . mütamadi olaraq çıxışlar etmişdir. Şuşaya qəlbən bağlı olan Babakişi müəllim Şuşanın 270 illik yubileyinə biganə qala bilməzdi.Bu tarixi hadisə Babakişi Beyləqanini yeni bir poema yazmağa sövq etdi. “Şuşa baş tacısan ana vətənin” poeması şairin Şuşanın 270 illiyik yubileyinə həsr olumnuş ən sanballı hədiyyəsidir.
Bu poema XX əsrin sonlarında mənfur Ermənistan ordusu tərəfindən otuz ilə yaxın işğal altında qalan Şuşanın və Qarabağın XXI əsrin əvvəllərində Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərilyi ilə Şanlı Ordumuz tərəfindən işğaldan azad edilməsindən bəhs edir.8 noyabr 2020-ci il Şuşanın işğaldan azad olunma tarixidir.
Bu tarixi günü bizə yaşadan Prezident İlham Əliyevə, müzəffər Azərbaycan Ordusuna eşq olsun!-deyir,Babakişi Beyləqani:
Ali Baş Komandan, əbədi yaşa,
Layiqdir ordumuz, Sizlə alqışa.
Qələbə sevincin yaşatdın bizə,
Layiqsiniz hər vaxt, Siz sevgimizə.
Yazıldı tarixə bu qələbəmiz,
Şuşalı günləri yaşayırıq biz.
Şuşam qayıtmışıq köksünə sənin,
Şuşam baş tacısan, Ana Vətənin!
Babakişi Beyləqaninin bu kitabda işıq üzü görən “Qarabağ” poeması da öz rəvanlığı ilə seçilir. Otuz ilə yaxın bir dövrdə Qarabağ şərəfsiz erməni quldurlarının əsarətində inildədi. Şairin kövrək qəlbi bu illər ərzində neçə dəfə dolub, boşalıb. Silahlı Qüvvələin Ali Baş Komandanı müzəffər İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz erməni işğalçılarını Qarabağdan “İti qovan kimi” qovaraq ata-baba torpaqlarımızı işğaldan azad etdi:
Qarabağ bizimdir! Əzəldən bəri,
Qovuruq o, yurddan erməniləri.
Babalar, nənələr yaşayan yeri,
Fitnəkar düşməndən alırıq geri.
Uğurla ordumuz gedir irəli,
Qovur Qarabağdan erməniləri.
Sağ olsun Ordumuz, deyir xalqımız,
Döyüşə hazırıq bizim hamımız.
XXI əsr xalqımıza zəfər bəxş elədi. XXI əsr həm də bütün dünyanı, xalqımız böyük təhlükə ilə üzləşdirdi. Əsrin bəlası COVİD-19 dünyanı vahimyə saldı. İnsanlar evlərindən belə çxa bilmədilər, hətta bir-birləri ilə görüşə də bilmədilər. Ana övladları ilə, qardaş bacısı ilə, əmioğlu, əmiqızı, dayıuşaqları ilə yaxından təmasda olmaq belə yasaq oldu.İnsanlar əvvəlki kimi bir-birinin evlərinə qonaq getməkdən belə çəkindilər. Dünyanı təlaşa salan bu virusun vurduğu bəla ilə hər kəs üzləşdi. Ölkəmizdə də bu virusa qarşı Dövlət səviyyəsində mübarizə aparıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində ölkəmizə gətirilən vaksinlər təmənnasız olaraq insanlara vuruldu. Həkimlərimiz özlərini təhlükəyə ataraq vətəndaşlarımızın sağlamlığı üçün ələrindən gələn köməklikləri etdilər ki, itkilərimiz az olsun. Bütün bunları görən Babakişi Beyləqani belə ağır şəraitdə “Korona virusla mübarizə” poemasını ərsəyə gətirdi. Bu poema dəyərli dostum, şair-jurnalist, Azərbycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Sözlü sehrli Dünya” almanaxının redaktoru Gülxas Səmədlinin rəhbərlik etdiyi “Müstəqil Respublika” qəzetində dərc olundu.
Bağlandı sərhədlər, gediş-gəlişlər,
Verildi hamıya sərt göstərişlər.
Karantin qaydası olsa da ciddi,
Dünya yüz minlərlə insan itirdi.
Qaranlıqda işıq tapmaq çox çətindir. Söz də belədir.O söz yaxşı olur ki, onu şairə Uca Yaradan bəxş edir. Uca Tanrının insan qəbinə endirdiyi sözlər insanlar tərəfindən sevilir və müəllifinə uğurlar gətirir. İşıqlı aləmdən zülmətə düşüb nur axtaranlar çox vaxt arzularına çata bilməyirlər. Babakişi müəllim isə sözləri ilə zülməti işıqlandırır, nurlandırır. O, parlaq şeirləri ilə sanki zülməti nurlandırır, zülmətə düşənlərə işıqlı yol göstərir, insanların qəbində Tanrı sevgisi yaradır, insanları doğru yola səsləyir.
İnanıram ki, “Köküm, özüm, sözüm Azərbaycanım” kitabı da əvvəlki kitabları kimi Babakişi Beyləqaniyə daha çox oxucu sevgisi qazandıracaq. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Elman İsrafiloğlu,
Prezident təqaüdçüsü, AYB,AJB-nin üzvü, hergun.az saytının rəhbəri, “Quruluş” qəzetinin təsisçisi və baş redaktoru, “Sözlü sehrli dünya “ ədəbi məclisinin sədri.