Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər

14:56 09-05-2023 240

     Sirr deyil ki, ötən əsrin ən böyük müharibəsi sayılan İkinci Dünya Müharibəsi bütün xalqların, ölkələrin tarixində və yaddaşında silinməz izlər qoyub. 2023-cü il may ayının 9-da faşizm üzərində qələbənin 78-ci ildönümüdür. İkinci Dünya Müharibəsi Azərbaycanın sərhədlərindən uzaqda getsə də, xalqımız bütün gücü və resursu ilə bu döyüşlərin iştirakçısına çevrilib. Həmin dövrdə faşizmə qarşı mübarizədə həm yeraltı və yerüstü sərvətləri, həm də, canlı qüvvəsi ilə düşmənə qarşı səfərbər olan Azərbaycan xalqı göstərdiyi rəşadətlə, cəsarətlə adını tarixə qızıl hərflərlə yazdı. Azərbaycanın igid oğulları cəbhədə düşmənə qarşı layiqli mübarizə aparıb. Xalqımızın nümayəndələri istər açıq döyüş meydanında, istərsə də, partizan və müqavimət hərəkatında igidlik nümayiş etdirib, fəal iştirak ediblər. Azərbaycanlılar Krımda, Ukraynada, Belarusda, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşublar. İsmayıl Əliyev Smolensk vilayətində fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi, Məmməd Əliyev Krımda partizan dəstəsinin başçısı, Ələkbər Əliyev Belarusda “Dyadya Kolya” partizan birləşməsinin qərargah rəisi olmuşdu. Ukraynada 400 azərbaycanlı partizan dəstəsi təşkil etmişdilər. 1942-ci ildə Polşada faşist hərbi əsir düşərgəsində Hadi Qiyasbəyovun və Mirzəxan Məmmədovun başçılığı ilə gizli təşkilat yaranmışdı. Azərbpaycanlılar partiyazan və müqavimət hərəkatı çərçivəsində Qərbi Avropada da böyük şöhrət qazanıblar. Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən, Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır. O, “Armed Mişel” (Xarqo) adı ilə müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeni və yüksək fəxri adı — “Fransanın Milli Qəhrəmanı”, şəxsi igidliyinə görə paradda əsgərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunmuşdu. Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi. O, Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox faşist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmiş, həmçinin, Ukrayna, Polşa və İtaliyada hərbi əsir düşərgələrində olan sovet əsirlərinin qaçmasına köməklik etmişdir. Mehdi Hüseynzadə 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuşdur. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi. Mehdi Hüseynzadəyə layiq olduğu Sovet İttifaqı Qəhrəmanı fəxri adının ölümündən 13 il sonra verilməsində, ümumiyyətlə, Mixaylonun adının əbədiləşdirilməsində, onun göstərdiyi şücaət və rəşadətin təbliğində, məhz Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Dövlət Təhlükəsizliyi Xidmətinin arxiv fondlarında qorunub saxlanılan nadir sənədlərin tədqiqi göstərir ki, vaxtilə Azərbaycan SSR DTK-da yaradılmış və kapitan Heydər Əliyevin rəhbərlik etdiyi xüsusi əməliyyat-təhqiqat qrupunun böyük əziyyətlə, peşəkarlıqla topladığı materiallar, sorğular, rəylər, şahid ifadələri əsasında 1957-ci ilin yanvarında Mehdi Hüseynzadənin döyüş, qəhrəmanlıq fəaliyyətinə dair müfəssəl, təsirli arayış hazırlanıb. Azərbaycan SSR DTK-sı da həmin sənədi baxılması və Moskvaya təqdim olunması üçün Azərbaycan KP MK-ya göndərib. Bundan sonra, Mehdi Hüseynzadənin qəhrəmanlıq salnaməsinin ictimailəşdirilməsində əvəzsiz xidmətləri olan Heydər Əliyevin uzun illər ağır zəhməti hesabına toplanılan materiallar əsasında tanınmış yazıçılar İmran Qasımov və Həsən Seyidbəyli “Uzaq sahillərdə” povestini yazıblar. Həmin əsər əsasında bu gün də maraqla izlənilən məşhur “Uzaq sahillərdə” bədii filmi çəkilib. Nəhayət, 1957-ci ilin aprel ayında SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Ulu Öndər Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik edərkən yenidən Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi istiqamətində əməli işlər görüb, onun şərəfli xidmətlərinin İttifaq miqyasında tanınmasına nail olub və Bakıda möhtəşəm abidəsinin ucaldılmasına göstəriş verib. 1973-cü il may ayının 9-da – “Qələbə Günü”ndə Mehdi Hüseynzadənin abidəsinin təntənəli açılışı olub. Tədbirdə iştirak edən dahi rəhbər Heydər Əliyev qəhrəmanın partizan hərəkatındakı fəaliyyətindən, keçdiyi mübariz döyüş yolundan söz açaraq deyib: “Mehdi Hüseynzadənin adı müasirlərimizin və gələcək nəsillərin hafizəsindən heç vaxt silinməyəcək”.

    Ümummilli Liderin dövlətçilik siyasətini və azərbaycançılıq irsini uğurla davam etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev görkəmli sərkərdələrimizin, hərb xadimlərimizin, qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsinə və yubileylərinin dövlət səviyyəsində qeyd olunmasına xüsusi diqqət yetirir. Ölkə Prezidenti, cənab İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri zamanı Novo Qoritsa şəhərində Mehdi Hüseynzadənin xatirə muzeyinin açılışında iştirakı, ictimaiyyətlə görüşdə geniş nitq söyləməsi ölkələrimiz arasında əlaqələrin genişlənməsinin, dostluq və qardaşlıq münasibətlərinin inkişafının təsdiqidir. Məhz bu dostluğun təməlində Mehdi Hüseynzadə kimi igid həmvətənimizin qəhrəmanlıqları dayanır. Sloveniyalılar da Azərbaycanın igid oğluna vəfa borcu olaraq Moribor şəhərində müharibə qurbanlarının xatirəsinə həsr edilən Dobrava memarlıq park kompleksinin ərazisində Xocalı soyqırımı qurbanlarına xatirə lövhəsi ucaldıblar. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçı Mehdi Hüseynzadənin qəhrəmanlarının gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyə edilməsində xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı, cənab İlham Əliyev igid döyüşçünün anadan olmasının 100-cü ildönümünün qeyd edilməsi barədə 2018-ci il iyul ayının 23-də Sərəncam imzalayıb.

     Bildiyimiz kimi, xalqımız faşizm üzərində qələbə üçün özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. Ön cəbhədə azərbaycanlılardan ibarət 77-ci, 223-cü, 271-ci 402-ci, 416-cı diviziyalar döyüşürdü. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşublar. Qələbə Azərbaycan xalqına da asan başa gəlməyib. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub. Onlar amansız döyüş meydanlarında fədakarcasına vuruşaraq, həm də, doğma Azərbaycanı faşizmdən qorudular. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi, 130 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna sübutdur. Faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. Biz bu Qələbədən çox şey götürməliyik. Xüsusən, torpaqlarımızın işğaldan azad olunduğu zamanda xalqımızın İkinci dünya müharibəsindəki qəhrəmanlığı, oğul və qızlarımızın rəşadəti, bizi Böyük Qələbəyə - torpaqlarımızı işğaldan azad etməyə səsləyir. Bu mənada xalqımızın İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında yazdığı qəhrəmanlıq salnaməsi bugünkü nəsil üçün əsl mənəviyyat dərsidir. Azərbaycan övladlarının İkinci dünya müharibəsində göstərdikləri qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. Bu gün, həmin müharibənin iştirakçısı olan insanlara göstərilən böyük diqqət, qayğı isə, ölkə Prezidenti, cənab İlham Əliyevin mənəvi dəyərlərimizə bağlılığının, öz xalqının qəhrəmanlıq salnaməsinə dərin ehtiramının və Ulu Öndərin ideyalarını yaşatmasının bariz təcəssümüdür.

   Ulu Öndər İkinci Dünya Müharibəsi veteranlarına hər zaman böyük diqqət göstərər və onların əməyinə yüksək qiymət verərdi. Ulu Öndər qeyd edərdi ki, veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur. Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Ölkə başçısı, cənab İlham Əliyev İkinci Dünya Müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Artıq, 9 may “Qələbə Günü” ərəfəsində ölkə Prezidenti, cənab İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı Sərəncamlar imzalaması ənənə halını alıb.

 

Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası

 Beyləqan rayon təşkilatının məsləhətçisi.