Azərbaycan xalqı hər zaman ümumbəşəri dəyərlərlə, Avropa dəyərləri ilə Azərbaycanın milli-mənəvi dəyərlərinin inteqrasiyasına çalışmışdır

21:03 11-05-2023 272

   Bildiyimiz kimi, xalqlarının taleyində müstəsna rol oynayan liderlər bir qayda olaraq milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində mühüm rol oynamış, milli tərəqqi üçün dayanıqlı əsasların, mütərəqqi inkişaf strategiyasının müəllifinə çevrilmişlər. Tarix özündən sonra layiqli irs qoyub getmiş belə fenomen şəxsiyyətlərin, xarizmatik liderlərin həyata keçirdiyi xeyirxah əməllərdə yaşayaraq təsir qüvvəsini qoruyur. Millətin vahid məqsədlər uğrunda səfərbər olunması üçün zəruri olan ideya - milli ideologiya da, məhz belə şəxsiyyətlərin siyasi konsepsiyasında reallığa qovuşur. Bu mənada, Ulu Öndər Heydər Əliyev də Azərbaycanın milli-mənəvi dəyərlər sistemini qoruyan, inkişaf etdirən və onu milli özünüdərkin həlledici amilinə çevirən fenomenal lider kimi xalqımızın qəlbində yaşayır. Hər bir xalqın milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olmuşdur. Nəcib əməllər sahibi olan belə insanlar həmişə saf və ali məqsədlər uğrunda mübarizənin önündə dayanmış, əlverişli siyasi şansdan böyük məharətlə, ustalıqla bəhrələnmiş, xalqın düşüncə sistemini, mental xüsusiyyətlərini istənilən ictimai-iqtisadi formasiyada hifz edərək möhkəm mənəvi təməl üzərində gələcəyə doğru inamla addımlamışlar. Azərbaycan xalqının dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət olan Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini - XX əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Sağlığında Ümummilli Liderlik ucalığına qovuşmuş bu müdrik şəxsiyyət böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. Əgər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında ötən əsrin 70-80-cı illərində Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən böyük işlər olmasaydı, biz bu gün Azərbaycanın suveren dövlət kimi mövcudluğundan danışa bilməzdik. Zəngin milli-əxlaqi keyfiyyətlərini, milli "Mən"ini, heysiyyətini qorumağı bacaran xalq gələcək yaşam fəlsəfəsini düzgün müəyyənləşdirir, dünya miqyasında layiqli yerini, mövqeyini təmin edir. Bu həqiqəti hər zaman ciddiliklə nəzərə alan böyük strateq Heydər Əliyev Azərbaycanı qoruyub inkişaf etdirmək, hansısa mərhələdə milli müstəqilliyə qovuşdurmaq üçün ilk növbədə xalqın zəngin milli-mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, bir sözlə, özünəməxsusluğunu şərtləndirən dəyərlərini qorumağa çalışmışdır. Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək xalqımızın milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Ulu Öndər xalqda milli heysiyyəti gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə, zəngin mədəni irsini yaşatmaq üçün bir sıra tədbirlər həyata keçirmişdir. Ümummilli Lider Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə ustalıqla xalqda milli özünüdərk hissini gücləndirə, habelə, milli kimliyi, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bilmişdir. Həmin illərdə milli-mənəvi dəyərlərə nihilist baxış tədricən aradan qalxmış, klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan möhkəm mənəvi-ideoloji körpü milli düşüncənin düzgün məcrada inkişafına səbəb olmuşdur. Ümumiyyətlə, həmin dövrdə böyük strateq Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün fəlsəfəsi, yalnız xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanışı məramına hesablanmışdı. İdarəçilikdə digər bütün addımlar, o cümlədən iqtisadi inkişafın sürətli strategiyasının həyata keçirilməsi milli şüurun yüksəlməsinə təkan verməli, milli dirçəlişin etibarlı təməlinə çevrilməli idi. Bu məqsədə yetişmək üçün Heydər Əliyev azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşını ilə boğulmasına imkan verməmiş, eyni zamanda milli məfkurə və düşüncə sahibi olan ziyalıları qorumuşdur.

   Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi siyasət, bu gün Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev uğurla davam etdirir. Ölkəmizdə yaşayan müxtəlif dini inanclara sahib olan vətəndaşlarımız arasında mövcud olan tolerantlığın gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi vətəndaşlarımızda, xüsusən də dindarlarda dövlətə inamın, dövlətçiliyimizə dəstəyin formalaşdırılması üçün son dövrlərdəki yenilikçi fəaliyyəti ilə əhalinin razılığını qazanıb. Mənəvi dəyərlər, bu gün daha çox ictimai rəyə əsaslanan yazılmamış ünsiyyət qanunları kimi fəaliyyət göstərir. Adət-ənənə ilə əxlaq arasında qırılmaz bağlılıq var. Hər bir ənənə müəyyən əxlaqi məna daşıyır. Onlara laqeyd qalmaq insanlar arasında münasibətlərin pozulmasına, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında ziddiyyətlərin əmələ gəlməsinə səbəb olur, çünki milli-mənəvi dəyərlər xalqın milli ruhunu, estetik ruhunu, estetik duyumunu, sənətkarlıq qüdrətini özündə yaşadır. Hazırda bu mənəvi dəyərlər zəngin mədəni irs olmaqla bərabər, eyni zamanda milli özünəməxsusluğun ifadə vasitəsinə çevrilib. Xalqımız qədim adət-ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətimizi, bu gün də yaşadır və inkişaf etdirir. Deməli, milli-mənəvi dəyərlərimizin müasirliklə vəhdəti artıq layihə, proqram yox, həyat tərzidir. Beləliklə, xalqlar arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı ustadlığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya sivilizasiyasında özünəməxsus yer tutur. Deyilən bu mənəvi dəyərlər dövrün, mövcud şəraitin və ictimai quruluşun ruhuna, tələblərinə uyğun cilalanır, yeni forma və məzmun kəsb edir. Eyni zamanda şəraitə uyğun mənəvi dəyərlər adət və ənənələr yaranır. Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı, digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan, biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tutulur. Müasir dövrdə ən aktual problemlərdən biri qloballaşma prosesi ilə milli adət-ənənələr arasında optimal nisbətin tapılmasıdır. Qloballaşma prosesi elm, texnika, texnologiya ilə ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də düşünülmüş şəkildə, ya da qərəzsiz - sirayət etməyə cəhd göstərir. Belə bir şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğunu, məhz hansı məsələlərdə məqsədyönlü surətdə ənənələri saxlamaq, hansı yöndə isə, yenilikləri qəbul edib tətbiqinə nail olmaq düşünülmüş konsepsiya tələb edir.

 

 Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası

 Beyləqan rayon təşkilatının sədri.