Azərbaycan ilə Pakistan əsl dost və qardaş ölkələrdir

21:16 11-05-2023 243

    Məlum olduğu kimi,  Pakistan ilə Azərbaycan arasındakı yaxın, səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət, beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı 1991-ci ilin oktyabr ayında tanıyan ilk üç dövlətdən birincisidir. Diplomatik əlaqələrin əsası 1992-ci ilin iyun ayında qoyulmuşdur. Bakıda Pakistan səfirliyi 1993-cü ilin mart ayında açılmışdır. Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqust ayında başlamışdır. 2017-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin əsasının qoyulmasının gümüş yubileyi də qeyd olunub.  Əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə öz qəti mövqeyini də bildirib. Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə, bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin, Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır. Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq forumlarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyir, beynəlxalq təşkilatlarda namizədlər məsələsində qarşılıqlı razılığa gəlirlər. İki qardaş dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə, əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə də, bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması, eləcə də, digər sahələrdə əməkdaşlıq edirlər. Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. 

    Sirr deyil ki, hər iki dövlət arasında münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlər olub. Hazırda isə, bu siyasət ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir.

    2020-ci il sentyabr ayının 27-dən – Vətən müharibəsi başlandığı dövrdən Pakistan dost və qardaş Türkiyə Respublikasından sonra Azərbaycana ən çox siyasi və mənəvi dəstəyini ifadə edən dövlətlərdən olub. Vətən müharibəsinin ilk günündə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilirdi: “Erməni silahlı qüvvələri tərəfindən sentyabr ayının 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik”. Bundan əlavə, sentyabr ayının 30-da Pakistan Senatının rəsmi “Twitter” səhifəsində Azərbaycana dəstək bəyanatı paylaşılıb. 2020-ci il oktyabr ayının 18-də Pakistan İslam Respublikasının Baş naziri İmran Xan rəsmi “Twitter” səhifəsində etdiyi paylaşımda “Müstəqillik Günü” münasibətilə Azərbaycan Respublikasının Prezidentinə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərini çatdırıb. Ölkəmizin ərazi bütövlüyünü şücaətlə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə ehtiramını bildirib. Pakistanın Dağlıq Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllində Azərbaycanı dəstəklədiyini qeyd edib. Oktyabr ayının 28-də Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti şəkildə pisləyən qətnamə qəbul edib. Noyabr ayının 11-də Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların dayandırılmasını alqışlayan açıqlama yayıb. Noyabr ayının 16-da Pakistanın Baş naziri İmran Xan bu ölkənin yerli televiziya kanallarından birinə müsahibəsində deyib: “Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərib. Qarabağ mübahisəli ərazi deyil. Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir və onu bu ölkənin ərazisi kimi tanıyır. Azərbaycanlılar öz əzəli torpaqlarını geri qaytardılar”. 2020-ci il dekabr ayının 30-da Pakistanın Prezidenti və birinci xanımı Heydər Əliyev Fondunun dəstəyi ilə İslamabadda fiziki qüsurlu şəxslər üçün əlil arabalarının təqdim olunması mərasimində iştirakı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, həmçinin, təcavüzkar Ermənistan üzərində Qələbə qazanması münasibətilə Azərbaycan hökumətini, xalqını təbrik edib, xüsusi təbriklərinin Azərbaycan Prezidentinə də çatdırılmasını xahiş edib. Göründüyü kimi, Vətən müharibəsinin ilk günlərindən Pakistan dövləti Azərbaycana ardıcıl olaraq öz siyasi, mənəvi dəstəyini ifadə edib. Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi, Ermənistanın 30 il davam edən işğal siyasətinə son qoyulması və ərazilərin azad edilməsi Cənubi Qafqazın geosiyasətində yeni siyasi konfiqurasiya formalaşdırıb. Vətən müharibəsindən dərhal sonra, Azərbaycanın işğaldan azad etdiyi ərazilərin bərpasına başlaması Qarabağ bölgəsini bir çox dövlətlər üçün iqtisadi maraq məkanına çevirib. Bununla belə, Azərbaycan Qarabağın dirçəldilməsində özünün daxili resursları ilə yanaşı, Vətən müharibəsində ona siyasi, mənəvi dəstəyini ifadə edən dost dövlətlərlə əməkdaşlıq etməkdə və həmin ölkələri işğaldan azad etdiyi ərazilərdə müxtəlif iqtisadi layihələrin təşviqinə, bir sözlə sərmayələrin cəlb edilməsində maraqlı olduğunu bəyan edib. Bu baxımdan, Azərbaycanın dost Pakistan dövləti ilə münasibətləri daha böyük diqqətə və xüsusi əhəmiyyətə malikdir. Cənubi Asiya dövlətləri sırasında Azərbaycanın ən sıx əlaqələri yaranmış və qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkə Pakistandır. Pakistan İslam Respublikası Cənubi Asiyanın, İslam Şərqinin və İslam Əməkdaşlıq Təşkilatının ən fəal, nüfuzlu, hərbi-siyasi baxımdan güclü dövlətlərindən biridir. ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olan bu ölkə həm də, dünya siyasətində önəmli rol oynamaqdadır. Pakistan dünyada kütləvi qırğın silahına və raket texnologiyasına malik olan yeganə müsəlman dövlətidir. Bu gün, Pakistanı tam əminliklə Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiqi hesab etmək olar. Hər iki ölkə arasında həm ikitərəfli, həm də, çoxtərəfli intensiv münasibətlər mövcuddur. İndiyədək hər iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, regional qurumlarda eyni mövqedən çıxış edib, Kəşmir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemlərinə eyni mövqedən yanaşıb və bu münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər. Türkiyə ilə yanaşı, Pakistan da ötən 30 il ərzində Azərbaycan torpaqlarını işğal etdiyinə görə işğalçı Ermənistanla diplomatik münasibətlər qurmayan və müxtəlif tribunalardan işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən ikinci dövlətdir. Öz növbəsində, Azərbaycan da Kəşmir problemində İslamabadın mövqeyini daim dəstəkləyib və ölkəmizin iştirak etdiyi layihələrdə Pakistanın da tam iştirakı üçün ona hərtərəfli dəstək verib. Bundan başqa, Pakistanın Azərbaycan hərbçilərinin hazırlığında oynadığı rol və ölkəmizin maraqları naminə, İslam dövlətlərinə təsir imkanları da vacib amildir.

     Ümumiyyətlə, Azərbaycan müstəqilliyini qazandıqdan sonra Pakistanla möhkəm təməllər üzərində qurulan siyasi əlaqələr daim inkişaf etdirilib və həmin münasibətlər bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəldilib. Son vaxtlar iki ölkə arasındakı hərbi-siyasi və iqtisadi əlaqələri intensivləşdirmək və mövcud potensialdan daha səmərəli istifadə etmək üçün öz səylərini əsirgəmirlər. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə və regionda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ölkələrimiz arasında əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Bu baxımdan, Azərbaycan ilə Pakistan arasındakı hərtərəfli əlaqələr xüsusi əhəmiyyətə malikdir...

       Sabit Mehdiyev,

  Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.