Sosial məsələlər dövlət siyasətinin prioritet istiqamətidir

14:17 15-05-2023 292

     Məlumdur ki, hər bir dövlətin daxili siyasətinin prioritet istiqamətlərindən biri onun sosial siyasətidir. Sosial siyasət əhalinin ayrı-ayrı qruplarının həyat səviyyəsinin yüksəldilməsinə, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn tədbirlər sistemidir. Sosial siyasət cəmiyyətin müxtəlif sosial qrupları arasındakı münasibətləri optimallaşdırmaq, dövlətin vətəndaşların həyati tələbatlarını ödəməsi üçün yaratdığı təminatlar sistemidir. Sosial siyasət dövlətin daxili siyasətinin tərkib hissəsi olub onun həyata keçirdiyi sosial proqramlarda, əhalinin əsas sosial qruplarının marağını əsas götürərək cəmiyyətdəki münasibətlərin tənzimlənməsində təzahür edir. Azərbaycan Respublikasının müasir sosial siyasətinin formalaşmasının əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə müəyyən edilmişdir. Düşünülmüş sosial siyasət həm bu gün, həm də, gələcəkdə insanların layiqli həyat şəraitinin təmin edilməsini, bu təminatın səviyyəsinin yüksəlməsini həyata keçirən yaxın və uzaq müddətli proqramlar vasitəsi ilə reallaşdırılır.
     Sosial ziddiyyətsiz cəmiyyət, əslində, sosial ədalətli cəmiyyətdir və belə bir cəmiyyətin qurulması müasir dövrdə hər bir dövlətin arzusu olsa da, az dövlət bu önəmli məsələnin öhdəsindən gələ bilir. Azərbaycan dövlətinin sosial siyasəti, sosial ədalətin bərqərar olunmasına, bazar iqtisadiyyatı yolu ilə milli sərvətlərin artırılmasının təmin edilməsinə, milli sərvətlərin ədalətli bölgüsünün həyata keçirilməsinə istiqamətlənmiş proqramlar şəklində həyata keçirilən davamlı və dinamik prosesdir.

     Təsadüfi deyil ki, iqtisadi inkişaf tempinə görə dünyanın gündəmində olan Azərbaycan, həm də, sosial dövlət kimi xarakterizə olunur. Bu, o deməkdir ki, dövlət  siyasətinin bütün istiqamətlərində və sahələrində mərkəzdə, məhz Azərbaycan vətəndaşı dayanır. Ölkəmizdə sosial təminatla bağlı çox uğurlu işlər həyata keçirilib. Məhz həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin, sosialyönümlü layihələrin qanunauyğun nəticəsi kimi, Azərbaycanda insanların rifah halı daha da yaxşılaşdırılıb, əhalinin məşğulluq səviyyəsi artıb, işsizlik əhəmiyyətli dərəcədə aşağı düşüb. Sosial təminatın əsas göstəricilərindən biri kimi qəbul edilən yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində əldə olunan uğurlar da xüsusi qeyd edilməlidir. Dövlət siyasətinin əsas hədəfi respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılmasıdır. Ümumiyyətlə, Azərbaycanın davamlı olaraq həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Şübhəsiz ki, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir. Azərbaycan dövlətinin sosial siyasəti daim vətəndaşlarımızın müdafiəsinə, sosial rifahının yüksəlməsinə yönəlib. Heç də təsadüfi deyil ki, ölkə Prezidenti, cənab İlham Əliyev bütün çıxışlarında: "Bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır" - fikrini xüsusilə vurğulayır. Azərbaycan sosial dövlətdir və prezident İlham Əliyevin daxili siyasətində sosial müdafiə strategiyası prioritet istiqamətlərdən biridir. Proqnozlara görə, 2025-ci ildən sonra Azərbaycan sosial rifah dövlətinə çevriləcək. Bu, müasir dünyada sosial rifahın ən yüksək göstəricisi deməkdir. Yəni bizim hədəflərimiz, gedəcəyimiz yol, aparılan siyasət bəllidir. Sosial siyasət ölkə Prezidenti, cənab İlham Əliyevin fəaliyyətinin əsas istiqamətini təşkil edir. Cənab Prezident bütün çıxışlarında, göstərişlərində əhalinin sosial vəziyyətinin yaxşılaşmasını, iş yerlərinin yaradılmasını, səhiyyə, təhsil, mədəniyyət məsələlərini ön plana çəkir. Eləcə də, xüsusi qayğıya ehtiyacı olan təbəqələrin dövlət tərəfindən təminatı həmişə ön plandadır. Hər bir Azərbaycan vətəndaşının firavan həyat tərzinin formalaşması, onun normal yaşayışının təmin olunması ölkəmizdə davamlı şəkildə həyata keçirilən güclü sosial-iqtisadi siyasətin başlıca məqsədlərindəndir. Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması, Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir.

     Ölkəmizin iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir. Eləcə də, iqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər ölkədə iqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini gücləndirmək üçün möhkəm zəmin yaradıb. Məsələn, son illər yüzminlərlə yeni iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılmasında müstəsna rol oynayır. Bu, bir daha təsdiq edir ki, Azərbaycanda sosial dövlət quruculuğu modeli uğurla həyata keçirilməklə yanaşı, həm də digər ölkələrə örnəkdir. Vətən müharibəsindəki Şanlı Zəfərdən sonra, ölkə Prezidenti, cənab İlham Əliyevin postmüharibə dövrü üçün müəyyənləşdirdiyi yeni inkişaf strategiyasında Qarabağın və Şərqi Zəngəzurun bərpası, qalib ordumuzun daha da qüdrətlənməsi üçün bütün imkanların səfərbər edilməsi ilə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məsələsi də prioritet olaraq qalır. Bunu əhalinin sosial müdafiəsinə göstərilən diqqətin son 5 ildə dövlət büdcəsində öz əksini tapması və dövlət başçısının mütəmadi olaraq bu istiqamətdə hazırladığı social dəstək paketləri bir daha təsdiqləyir. Hər bir sosial islahat paketi üzrə həm əməkhaqlarının artırılması, bu sahədə də ilk növbədə maaşların minimal məbləğinin yüksəldilməsi, həm aşağı əməkhaqqı alanların maaşlarının artırılması və sosial rifahda başlıca amil olan məşğulluğun stimullaşdırılması, həm pensiyaçıların sosial müdafiəsinə yönələn addımların atılması, həm də, həssas əhali qruplarının maddi təminatlarının dəstəklənərək artırılması təmin edilir. Ölkə Prezidenti, cənab İlham Əliyevin imzaladığı yeni Fərmanlar, Sərəncamlar 2023-cü il üzrə yeni sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması, bir sıra kateqoriyalara, o cümlədən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və digər şəxslərə yönələn sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin edir. Bununla da, son beş ildə artıq dördüncü sosial islahat paketi reallaşır, bu ilin əvvəlindən əməkhaqqı və sosial ödənişlərdə növbəti artımlar olub. O cümlədən, minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 80 faiz artıma nail olunub. Azərbaycan Respublikasının Prezidenti, cənab  İlham Əliyevin yeni ilin ilk iş günündə - yanvar ayının 5-də imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam da, vətəndaşların sosial rifahının yüksəlməsinə xidmət edən növbəti sənəddir. Sərəncamda bildirilir ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb. Sərəncama əsasən, yanvar ayının 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manat, əmək pensiyasının minimum məbləği isə, 280 manat müəyyən edilib. Onu da qeyd edək ki, son beş ildə həyata keçirilən 4 sosial islahat paketindən əvvəlki 3 islahat paketi 4 milyon insanı əhatə edərək, həmin islahatlar üçün əlavə olaraq illik 6 milyard manat ayrılmışdı. Ötən il pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 361 mln. manat çox olmaqla 4 mlrd. 948 mln. manat yönəldilib. Bu yeni, dördüncü sosial islahat paketi də 1,9 milyon insanı əhatə edir, onlara yönələn əməkhaqlarının, müavinət və təqaüdlərin artırılması üçün də əlavə olaraq illik 750 milyon manat ayrılması nəzərdə tutulub. Ümumilikdə, 2023-cü ilin dövlət büdcəsi xərclərinin 46 faizi sosialyönümlü xərclər kimi müəyyən olunması ilin dövlət büdcəsinin də sosialyönümlü olduğunu göstərir. Bu, bir daha onu göstərir ki, ölkə Prezidenti, cənab İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində, məhz Azərbaycan vətəndaşı dayanır...

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.