Torpaqdan pay ola bilməz

14:58 02-06-2023 288

   Tarixi faktlardan məlum olduğu kimi, Ermənistan, əzəli, qədim Azərbaycan torpaqlarında yaradılıb. Buna baxmayaraq, ermənilərin Azərbaycana qarşı əsassız, cəfəng ərazi iddiaları və təcavüzkar siyasəti davam edib, tarixi Azərbaycan torpaqları işğal edilib, nəticədə isə, ölkəmizin ərazi bütövlüyü pozulub. Əslində, ermənilərin başlıca məqsədi tarixi Azərbaycan torpaqlarının zəbt edilməsi hesabına “Böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsi olub. Ən müxtəlif zaman kəsiklərində ermənilər tarixi torpaqlarımıza qarşı təcavüz aktları ilə çıxış edib və azərbaycanlıları etnik soyqırımına məruz qoyublar. Əlbəttə ki, bu cür sistemli, davamlı, nizamlı terror, soyqırım aktları məqsədyönlü olub və xarici güclərin bilavasitə dəstəyi əsasında həyata keçirilib. Təbii ki, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti ciddi tarixi köklərə malikdir. Xüsusi olaraq bir məqamı qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, heç də 1990-cı illərdən başlamayıb. Belə ki, XIX əsrin ortalarından etibarən böyük güclər tərəfindən ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi onlara işğalçılıq, təcavüz üçün əlverişli şərait yaradıb və ermənilər zaman keçdikcə özlərinin işğalçılıq siyasətlərini sistematik surətdə davam etdirib. Ümumiyyətlə, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və torpaqlarımızda məskunlaşması XIX əsrdən sistemli xarakter alıb. Ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi Gülüstan və Türkmənçay sülh müqavilələri ilə təsdiq olunurdu. 1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlayır. Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri də, məhz Qarabağ ərazisi idi. Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, yəni cəmi 2 il ərzində Şimali Azərbaycana, o cümlədən, Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürülmüşdü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonar, Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başlayıb. XIX yüzilin 30-cu illərindən sonra da ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, o cümlədən, Qarabağa köçürülməsi davam etdirilirdi. Beləliklə, ermənilər 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktları həyata keçirməyə başladılar. Bununla yanaşı, 1918-ci ilin mart ayında Bakıda başlanan və bütün Azərbaycanı əhatə edən yeni kütləvi soyqırımları Azərbaycan xalqına çox ağır zərbə vurdu. Bunlarla yanaşı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə erməni separatizmi və Azərbaycan torpaqlarına qarşı iddialar daha da kəskinləşib, Cümhuriyyətin süqutundan sonar, bu ambisiyalar davam edib. Daha sonar, SSRİ-nin şovinist siyasətindən stimul alan erməni separatizmi güslənib, Dağlıq Qarabağ problemi kəskinləşib, SSRİ-nin dağılması ərəfəsində isə, faktiki olaraq Azərbaycan ərazilərinin işğalı prosesinə başlanıb. Ermənilər Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə götürdüyü öhdəlikləri pozaraq təcavüzkar siyasətlərini davam etdiriblər. Beləliklə, ermənilər öz üzərinə götürdükləri öhdəlikləri pozaraq separatist və ekspansionalist hərəkətlərini daha geniş coğrafi areala yaydılar. Yeni yaradılmış erməni hökuməti nəinki Bakıda hakimiyyəti ələ keçirərək Azərbaycan xalqına qarşı soyqırımı cinayəti həyata keçirən Stepan Şaumyanla əlaqə yaradıb qırğınları dayandırmadı, əksinə, Şaumyanın göstərişi ilə daşnak-bolşevik qüvvələri ermənilərə dövlət yaratmaq üçün torpaq vermiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətini aradan qaldırmaq naminə Gəncə istiqamətində hücuma başladı və Azərbaycan xalqına qarşı yeni soyqırımları həyata keçirdi. Həmçinin, Azərbaycan qəzalarında nəinki soyqırımlarını dayandırmadılar, əksinə, yeni yaradılmış Ermənistan respublikasının silahlı müdaxiləsi və yardımı ilə Azərbaycan xalqına qarşı soyqırımları daha dəhşətli xarakter aldı. Eyni zamanda, erməni tərəfi nəinki yeni yaradılmış Ermənistan respublikasının ərazisindəki türk-müsəlman əhalinin dini ibadət, mədəni, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etmədi, əksinə, Azərbaycan ərazisində dövlət yaratmaq məqsədlərinə nail olan kimi yerli azərbaycanlılara qarşı dövlət səviyyəsində kütləvi soyqırımlarına başladı. Bununla kifayətlənməyən Ermənistan respublikası Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini pozaraq Azərbaycan xalqına qarşı soyqırımlarının coğrafiyasını daha da genişləndirdi. Yeni-yeni Azərbaycan torpaqları işğal olundu. İşğal olunmuş Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı etnik təmizləmə və soyqırımlar həyata keçirildi. Ermənistan Respublikasının siyasi varisi olan müasir Ermənistan Respublikası hazırda, ancaq ermənilərdən ibarət olan monoetnik və təcavüzkar dövlətə çevrilmişdir. Nəticə etibarı ilə, faktiki olaraq vaxtilə əhalisinin böyük əksəriyyəti türk-müsəlman əhali olan müasir Ermənistan ərazisində 1 nəfər də olsun azərbaycanlı qalmamışdır.

    Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan onlara cavab vermək məcburiyyətində qaldı. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi Ermənistanın siyasi konyukturasının bütün mənfur planlarını alt-üst etdi. Azərbaycan xalqı ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ xalqımızın milli ləyaqət rəmzidir və vahid xalq olaraq, 30 ildə bir an da olsun Qarabağa yenidən qovuşmaq arzusundan imtina etməyib. Ölkə Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, məqsədyönlü siyasət sayəsində, Xalq-Prezident-Ordu birliyi qalib gəldi və düşmən 30 il ərzində işğal altında saxladığı torpaqlarımızdan qovuldu. Vətən müharibəsi bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bu müharibədə Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldu. Bütün dünya gördü ki, 30 il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradandaAzərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişəsinin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi. Ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi. Heç bir qüvvə bizi haqq yolumuzdan döndərə və iradəmizə təsir edə bilmədi. Məhz, bu iradə, 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Ermənistan bütün hərbi resurslarını itirdi, döyüşdə uduzduğunu görən düşmən xilas olmaq üçün bütün vasitələrə əl atdı. Azərbaycan isə onların cavabını döyüş meydanında verdi. Vətən müharibəsi regional və qlobal miqyasda Azərbaycana dəstəyi də nümayiş etdirdi. Biz kimin kim olduğunu gördük və çoxları nəhayət, anladılar ki, Azərbaycanın ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyü qədər əhəmiyyətli və önəmlidir. Azərbaycan Ermənistandan fərqli olaraq heç kimdən kömək istəmədi. O, yalnız öz gücünə arxalandı, dost, qardaş ölkələrin siyasi-mənəvi dəstəyi xalqımızın və dövlətimizin iradəsi ilə birləşib düşmənə sarsıdıcı zərbə vurdu. Bu da ondan irəli gəldi ki, ölkə Prezidenti, cənab İlham Əliyevin yürütdüyü xarici siyasətin əsas özəlliyi onun Azərbaycanın milli maraqlarını ehtiva etməsidir. Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurunu qoruyub-saxlamaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək, ölkə Prezidenti, cənab İlham Əliyevin yürütdüyü siyasət kursunda hər zaman bu prinsiplər üstünlük təşkil edib. Məhz, bu mövqe sayəsində, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev Azərbaycanın 30 il ərzində məruz qaldığı təcavüzü aradan qaldırdı, döyüş meydanında olduğu kimi, diplomatiya meydanında da qalib oldu. Sözsüz ki, Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə, ölkə Prezidenti, cənab İlham Əliyevin 2003-cü ildə, Prezident seçkiləri zamanı xalqa verdiyi vədlərin real həyatda öz təsdiqini tapmasına bariz bir nümunədir. Bu, həm də, Ulu Öndər Heydər Əliyev yoludur və bu yolun uğuru ondadır ki, onu, cənab İlham Əliyev kimi təcrübəli dövlət xadimi gedir. 1993-cü ildə Azərbaycan dərin böhranlar içərisində dağılmaq və məhv olmaq təhlükəsi ilə üzləşəndə Heydər Əliyev Azərbaycan üçün kim idisə, bu gün də həmin missiyanı ölkə Prezidenti, cənab İlham Əliyev yerinə yetirir. Ona görə də, bu gün qüruru kədərindən böyük olan xalqımızın düşmənlə döyüşdə göstərdiyi misilsiz qəhrəmanlıq salnaməsi heç vaxt unudulmayacaq. Bu isə öz növbəsində, hüququnu, mənliyini heç nəyə qurban verməyən, ədalətsizliklə heç zaman barışmayan və öz torpağını namusu qədər müqəddəs bilən bir millətin şərəf məsələsi idi. Bu gün, hər birimiz çox böyük qürur hissi ilə deyə bilərik ki, millətimiz öz şərəfinə qovuşub...

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının məsləhətçisi.