Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb

16:56 05-06-2023 248

  Məlum olduğu kimi, son illər ərzində dünyada regional münaqişələrin artması, bir çox Avropa ölkələrində ifrat milliyyətçilik hərəkatlarının güclənməsi multikulturalizmin gələcəyinə baxışlarda optimizmin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarıb. Dini tolerantlıq, sivilizasiyalararası münasibətlərdə Azərbaycanın nümunəsinin və ölkə rəhbərliyinin qəti siyasi mövqeyinin multikulturalizmin taleyi ilə bağlı məyusluğun aradan qalxmasına ciddi təkan verəcəyi şübhə doğurmur. Dövlətlər, millətlər arasında əlaqələri, münasibətləri müəyyənləşdirən başlıca amillərin təbiətində köklü dəyişikliklər baş verməsinə baxmayaraq, dinlər və mədəniyyətlərarası dialoq ictimai müzakirələrin, siyasi proseslərin ümumi istiqamətinə təsir göstərmək imkanlarını saxlamaqdadır. Ölkələr arasında kommunikasiya, inteqrasiya imkanlarının genişlənməsi, müxtəlif dini etiqad və mədəniyyət daşıyıcılarının təmaslarının artması, nisbətən məhdud məkan hüdudlarında yaşaması dinlər, mədəniyyətlərarası dialoqu nəzərdə tutmaqla yanaşı, ayrı-ayrı mədəniyyətlərin qorunub saxlanması, inkişaf etdirilməsindən ibarət olan xüsusi siyasətin həyata keçirilməsini qaçılmaz edir. Bu gün dünyada multikultural dəyərlərə üsütünlük verilməsi əslində Azərbaycanda yüz illər boyunca mövcud olub. Uzun əsrlər boyu ölkədə müxtəlif dinlər dinc və sülh şəraitində yaşayıb. Bundan başqa, Azərbaycanda İslam icması ilə yanaşı, xristian və yəhudi icması, xüsusilə də yəhudi icması burada çox yüksək komfortlu şəraitdə yaşayır. Ulu Öndər Heydər Əliyev daxilən çox tolerant bir insan olub. Məhz Heydər Əliyevin tolerant düşüncəsi və multikultural dəyərlərə üstünlük verməsi nəticəsində, bu gün Azərbaycanda tolerant bir cəmiyyət formalaşıb. Heydər Əliyevin düşüncəsinə görə, cəmiyyətin monolitliyi və inkişafını şərtləndirən əsas amil multikultural dəyərlərə üstünlük verməkdən ibarətdir. Məhz bu prizmadan yanaşmada multikulturalizm cəmiyyətdə özünə yer tapır. Azərbaycan cəmiyyətinə dünyanın multikultural cəmiyyət modeli kimi baxmaq lazımdır. Azərbaycan cəmiyyəti həyata multikultural dəyərlərdən baxır və cəmiyyətin inkişafını bundan kənarda görmür. Etnik, dini tolerantlıq Azərbaycanda dövlət səviyyəsində təbliğ edilir. Hökumət bütün dini, etnik azlıqlar üçün bərabər imkanları, bərabər hüquqları, o cümlədən dinc və rahat yaşamaq şəraitini təmin edir. Etnik azlıqlar doğma dildə təhsil hüququ da daxil olmaqla, azərbaycanlılarla bərabər bütün hüquqlardan sərbəst istifadə edirlər. Yəhudilər, talışlar, avarlar, ləzgilər, ruslar, ukraynalılar, gürcülər, polyaklar və digərləri də daxil olmaqla, Azərbaycanda 40-dan çox azlıq, eləcə də, etnik qrup var. Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan müsəlman azərbaycanlıların üstünlük təşkil etdiyi çoxmədəniyyətli bir cəmiyyətdir. Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərə mənsub xalqlar sülh və harmoniya şəraitində yaşayıb. “Beynəlxalq Tolerantlıq Günü”nü qeyd etməklə Azərbaycan dünyanın beş ən tolerant ölkəsi sırasına daxil olub. Azərbaycanın tolerant ölkə olması faktı bir çox elm adamları, siyasətçilər, jurnalistlər və ictimai xadimlər tərəfindən tanınır. Bir çoxu inanır ki, Azərbaycan dünyada etnik və dini tolerantlığın yaxşı bir nümunəsi kimi xidmət edə bilər. Həm İslam, həm xristianlıq, həm də, yəhudilik əsrlər boyu Azərbaycanda sülh şəraitində birgə mövcud olub. Azərbaycanda iki böyük yəhudi icması mövcuddur. Onlardan biri üç senaqoqun və təqribən on beş yəhudi təşkilatının mövcud olduğu Bakı şəhərində yerləşir. Digər yəhudi icması isə, Azərbaycanın Quba rayonunda Qırmızı qəsəbədə yaşayır. XIX əsrin sonunda Qırmızı qəsəbə İsraildən kənarda yerləşən və tamamilə yəhudilərin məskunlaşdığı yeganə qəsəbə idi. Bu qəsəbə, həmçinin, "kiçik Yerusəlim" kimi də tanınırdı. Qəsəbədə on bir sinaqoq yerləşir və onlardan 7-si Ümummilli Lider Heydər Əliyevin Prezidentliyi dövründə təmir edilərək yenidən yəhudilərin istifadəsinə verilib. Bundan əlavə, antisemitizm heç zaman Azərbaycanda problem olmayıb. Bu gün, yəhudi cəmiyyəti Azərbaycanın ictimai-siyasi və mədəni həyatında xüsusi rol oynayır. Bu cəmiyyətin üzvləri Azərbaycanda hüquqi və dünyəvi dövlət quruculuğunda aktiv iştirak edirlər. Onlar parlamentdə, bələdiyyələrdə və digər dövlət və hökumət orqanlarında təmsil olunurlar. 

    Müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycan ilə İsrail arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib. Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Ölkələrimiz arasında sıx, etibarlı və hər iki tərəf üçün faydalı əməkdaşlıq mövcuddur. İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır, dövlətlərarası, siyasi və hərbi-texniki tərəfdaşlıq isə, ən yüksək səviyyədədir. Xalqlarımız ümumi tarixlə, dini əlaqələrlə, mədəniyyət, musiqi ilə, tolerantlıqla və qonaqpərvərliyə sevgi ilə bir-birinə bağlıdırlar. 1993-cü ilin avqust ayından İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Mövcud əlaqələrin inkişafında təbii ki, Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu çıxışların birində qeyd edən Ulu Öndər Heydər Əliyev yəhudilərin əsrlər boyu burda azərbaycanlılarla dost və mehribancasına yaşadığını bildirib: "Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. …yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır". Ölkələrimiz arasında əlaqələrin inkişafında və möhkəmlənməsində siyasi və iqtisadi maraqlar mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan ilə İsrail arasında enerji, müdafiə, milli təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və s. sahədə sıx əməkdaşlıq var. Azərbaycanda çoxsayda İsrail şirkətləri fəaliyyət göstərir. Təbii ki, bu əlaqələr, hər iki ölkə arasındakı münasibətlər qarşılıqlı hörmətə və razılığa əsaslanır. Cəmiyyətimizin ayrılmaz hissəsi olan yəhudi icması əsl vətəndaşlıq, Azərbaycançılıq mövqeyindən çıxış edərək respublikamızın tərəqqisi naminə həyata keçirilən böyük quruculuq işlərində və ictimai-siyasi proseslərdə fəal iştirak edir. Yəhudi əsilli həmvətənlərimiz bundan sonra da ümumi evimiz olan Azərbaycanın daha da çiçəklənməsi üçün səylərini əsirgəməyəcək.

 Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.