Yalnız Ulu Öndər hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır

08:23 06-07-2023 271

    Məlumdur ki, müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Elə dünya iqtisadi sektorunda ən sabit və yüksək inkişaf indikatorlarına malik ölkə hesab olunan  Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ötən illərdə əldə etdiyi nailiyyətlərə, sıçrayışlı inkişafa, yüksək sosial tərəqqi erasına, məhz Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində mümkün olunmuşdur. Onun müəyyən etdiyi mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və kompleks  islahatların reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına  və  sıçrayışlı inkişafın təmin olunmasına dərin əsaslar yaradıb. Bu mənada, demək olar ki, Ulu Öndərin ideyaları Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyət proqramı, strategiya, dövlət konsepsiyasıdır.  Azərbaycan ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanıb. Müstəqilliyin dayaq sütunlarını, milli-ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaratmaq və onu həyata keçirmək güclü dövlət siyasətinin və eyni zamanda, milli liderin olmasını tələb edib. Məhz dövlət müstəqilliyini qoruyub saxlamaq, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq, inkişaf etdirmək, ölkənin ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq və digər ümummilli məqsədlər Azərbaycan xalqının təkidli tələbindən sonra 1993-cü ildə hakimiyyətə qayıdan  Ümummilli Lider Heydər Əliyevin gərgin və qətiyyətli əməyi sayəsində mümkün olmuşdur. Ulu Öndərin  gərgin əməyi nəticəsində, Azərbaycan  onun hakimiyyətinin birinci erasında - 1969-1982-ci illərdə respublikada güclü iqtisadiyyatın təməlinin qoyulması sayəsində qısa müddət ərzində yüksək iqtisadi inkişafa nail olub. Bu, Heydər Əliyevin görkəmli dövlət xadimi, peşəkar siyasətçi olmaqla yanaşı, həm də respublikanın xalq təsərrüfatına dərindən bələd olan ölkə başçısı olduğu barədə fikirləri təsdiqləyir. 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə yürüdülən iqtisadi və sosial siyasət sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etməsi, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının dərin bilicisi olmaqla müvəffəq olmaq mümkün idi.  Məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatların sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi. Respublikada aparılan geniş miqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı. Azərbaycan gənclərinin elmin və təhsilin dərinliklərinə yiyələnməsi və ölkənin sabahı üçün peşəkar kadr olması üçün Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlının keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaları üçün şərait yaradıldı. Heydər Əliyevin   fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikaları sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxardı. Azərbaycan quruculuq, yaradıcılıq və tərəqqi dövrü keçirirdi, cəmiyyətin bütün təbəqələrində fasiləsiz inkişaf, irəliləyiş ruhu hökm sürürdü. Məhz bütün deyilənlərin nəticəsində, yalnız Azərbaycan, həmçinin, keçmiş SSRİ respublikalarından Rusiya və Ukrayna ittifaq büdcəsindən dotasiya almırdı. Tarixdən məlum olduğu kimi, iqtisadi müstəqillik, iqtisadi qüdrət millətin siyasi müstəqilliyinin bazisini təşkil edir. Bu baxımdan keçən əsrin 70-80-ci illərində Azərbaycanın iqtisadi sahədə qazandığı nailiyyətlər siyasi müstəqillik yolunda mühüm təməl hesab edilməlidir. Bu mənada, Ulu Öndərin bu fəaliyyəti ilə təkcə, İttifaq respublikası olan Azərbaycanın deyil, həm də gələcək müstəqil Azərbaycanının möhkəm təməlini, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının təməlini qoydu. Onun ikinci hakimiyyət illərində isə, Azərbaycan dünya miqyasında tanınan və tərəqqiyə doğru gedən dövlət statusunu qazandı. Ulu Öndərin yenidən ölkəyə rəhbərliyi sayəsində siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. Ulu Öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqillyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Bu strateji konsepsiya ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlandı. Ulu öndər ilk növbədə, çoxmülkiyyətli bazar iqtisadiyyatının başlıca tələblərinin təmin olunması istiqamətində siyasi iradə nümayiş etdirdi və iqtisadi transformasiyanın qanunauyğunluqlarını nəzərə alaraq əsaslı islahatlara start verdi. Ulu Öndər Azərbaycanın milli inkişaf doktrinasını hazırlamaqla respublikamızın uzunömürlü tərəqqisinə dərin əsaslar yaradıb.  Müstəqil Azərbaycanın yüksək inkişaf mərhələsinə çıxmasında, milli-iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində və zəngin iqtisadiyyata malik olmasında neft amili xüsusi rol oynayır. Neft sərvətlərinin mənimsənilməsi, işlənilməsi və nəqli, ən əsası  isə, düzgün, düşünülmüş iqtisadi strategiyaya uyğun neft siyasətinin həyata keçirilməsi respublikamızın hazırkı tərəqqi mərhələsinə çatmasına dərin əsaslar yaradıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra neft sənayesində tamamilə yeni mərhələnin əsası qoyuldu. Bu dövrdə başlıca vəzifə müstəqil ölkənin neft sənayesinə xarici neft kompaniyalarını cəlb etmək və yeni nəql marşrutları yaratmaqdan ibarət idi. Liberal bazar iqtisadiyyatının bütün komponentlərini həyata keçirməyi islahatların başlıca hədəflərinə çevirən Azərbaycan hökuməti 1994-cü ildən başlayan bərpa və dinamik inkişaf dövrünün tələblərinə uyğun qətiyyətli addımlar atdı. Dövlətin tabeçiliyində olan torpaq mülkiyyəti kəndlilərə verildi ki, bu sahədə respublikamız MDB-də ilk islahat aparan ölkə hesab olunur. Digər sahələrdə də özəlləşdirmənin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verdi və liberal iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yarandı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi,  iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. İqtisadi transformasiyanın sürətləndirilməsi sayəsində planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün münbit şərait formalaşdı. İqtisadiyyatın əsasını təşkil edən neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatların təməli qoyuldu. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank  sistemlərinin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu və sahibkarlıq sinfi formalaşdı. Həmin illərdə xarici investorların ölkəyə axınını sürətləndirmək, onlara iş fəaliyyəti üçün əlverişli şərait yaratmaq, xarici ticarəti sərbəstləşdirmək, sahibkarlığı inkişaf etdirmək üçün bir sıra qanunlar qəbul edildi, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə uyğunlaşdırılmasını təmin edən qanunvericilik bazası yaradıldı. Həmin dövrdə qəbul olunan “Sahibkarlıq haqqında” Qanun da sahibkarlıq fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, iqtisadiyyatın bazar iqtisadiyyatı yolu ilə inkişafı üçün əlverişli hüquqi zəmin demək idi. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası isə respublikamızın siyasi-iqtisadi, sosial-humanitar bölmələri ilə bağlı bütün təfərrüatları özündə əks etdirməklə strateji əhəmiyyətinə görə seçildi. Ulu Öndərin atdığı qətiyyətli addım sayəsində 1994-cü ildə  imzalanmış  “Əsrin müqaviləsi” ölkənin neft-qaz sənayesinin dirçəlməsinə və Azərbaycanın gələcək rifahının başlanğıcı olmaqla respublikanın enerji sektorunun inkişafı iqtisadiyyatın qeyri-neft sahəsinin fəal artımına gətirib çıxarmışdır. Həm də, bu sazişin böyük iqtisadi faydası ilə yanaşı, daha bir əhəmiyyəti var idi: Saziş dünyanın aparıcı dövlət və şirkətlərini bir daha əmin etdi ki, Azərbaycan müstəqil və etibarlı tərəfdaşdır. Bu ölkədə işləmək və sərmayə qoymaq olar. “Əsrin müqaviləsi” bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı və bir qədər sonra dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yarandı. Bununla da Azərbayacan öz qapılarını xarici sərmayələr üçün taybatay açdı. Müqavilənin imzalanması Azərbaycan iqtisadiyyatının digər sahələrinə də xarici sərmayələr qoyuluşunda həlledici rol oynadı. Bununla da iqtisadiyyatımızın inkişafında ilk addımlar atılmağa başlandı. “Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlanıldı. 1999-cu ilin dekabr ayında Azərbaycanın ilk mənfəət nefti ilə doldurulmuş  tankeri dünya bazarlarına çıxarıldı. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri kimi Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab edirdi. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdapşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Şərq-Qərb  marşrutunun yaradılmasından ibarət idi. Ulu Öndər Heydər Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhanın çəkilməsinə dair sazişin imzalanması mümkün oldu. Ulu Öndərin qəti əzmkarlığı, Türkiyə, Azərbaycan və Gürcüstan dövlətlərinin birliyi nəticəsində çoxlarının əfsanə hesab etdiyi layihə reallığa, gerçəkliyə çevrildi. 2006-cı il may ayının 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyul ayının 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. İyul ayının 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. BTC dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verdi, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb oldu. Bazar iqtisadiyyatının əsas tələblərindən biri də, ilk növbədə, torpaq islahatlarının həyata keçirilməsi ilə bağlıdır. Torpaq sahibi olmadan mülkiyyətçinin azad və sərbəst istehsal fəaliyyəti ilə məşğul olması qeyri-mümkündür. Buna görə də, Heydər Əliyev iqtisadiyyatın böhrandan xilas edilib inkişaf etdirilməsinin yeganə yolunun islahatlar olduğunu bildirdi və torpaqların vətəndaşların istifadəsinə verilməsi üçün bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında  müvafiq fərmanlar imzalaması islahatlarla bağlı prosesləri xeyli sürətləndirdi. Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin onillik Prezidentliyi dövründə ölkə kökündən dəyişmiş, daxili və xarici siyasətin bir çox istiqamətlərində əhəmiyyətli uğurlar qazanılmışdır. Azərbaycan dövləti uzunmüddətli yaşamaq qabiliyyətini, cəmiyyət isə, tarixi prosesin növbəti mərhələsində iştirak etməyə hazır olduğunu nümayiş etdirmişdir. Müasir Azərbaycan Respublikasının müstəqilliyi həm ölkənin sadə vətəndaşları, həm də, qlobal miqyaslı mühüm güc mərkəzləri üçün aksioma çevrilmişdir. Məhz Heydər Əliyev şəxsiyyəti, onun xarizması,  iradəsi, təcrübəsi göstərilən dövrdə bizim üçün “millət”, “dövlətçilik”, “idarəçilik sistemi”, “hakimiyyət”, “inkişaf etmiş iqtisadiyyat”, “mənəvi dirçəliş”, “liderlik”, “transformasiya”, “çoxvektorluluq” kimi sistem dəyərlərin təşəkkülündə və möhkəmlənməsində mühüm rol oynadı.

      Bu gün də Heydər Əliyev ideyaları Azərbaycan hökuməti tərəfindən uğurla reallaşdırılıb və yüksək nəticələr əldə edilib. İqtisadiyyatın proporsional və balanslaşdırılmış inkişafının təmin olunması, effektivliyə doğru irəliləyişi, bazar iqtisadiyyatının intensivləşdirilməsi, liberal iqtisadiyyatın yeni mexanizmlərinin tətbiq olunması, eləcə də, digər islahatlar əhalinin maddi-mənəvi rifahının yüksəlməsinə, sosial ədalətin bərqərar olmasına şərait yaradıb. Bu prinsiplər Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca hədəflərini təşkil etmiş və dövlət başçısının rəhbərliyi ilə sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması prosesində mühüm uğurlara imza atılmışdır.

 Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.