Erməni vandalizminin təzahürləri

12:48 14-10-2023 677

   Tarixi faktlardan məlumdur ki, ermənilərin Balkanlar, Yaxın Şərq və Hindistan əraziləri arasında əsrlərlə köçəri həyat tərzi keçirdikdən sonra, Qafqaza gəlmələri, burada özlərinə dövlət yaratmaları regionda aborigen xalqın tarix və mədəniyyətinin qədim izlərinin mümkün qədər çox silinməsi ilə paralel aparılıb. Azərbaycan xalqının tarixi-mədəni irsinin mənimsənilməsi, bu mümkün olmayanda isə silinməsi siyasəti 2 əsr davam edib. 1918-ci ildə Ermənistan dövləti yaradıldıqdan sonra, oradakı Azərbaycan tarixi abidələri, mədəni irsi, tiponimləri, qədim yazılı daşlar, məzarlıqlar tamamilə məhv edildi. Bu iş sonralar- 1990-ci ildən etibarən işğal etdikləri Qarabağ bölgəsində da davam etdirildi. 200 il əvvəldən (1805-ci il Kürəkçay müqaviləsi) başlayaraq ermənilərin Şimali Azərbaycan ərazilərinə köçürülməsindən sonra azərbaycanlıların deportasiyası və soyqırımı faciələri başlandı. Gəlmə ermənilər azərbaycanlılara məxsus ərazilərdə məskunlaşdıqdan sonra, onlara məxsus maddi-mədəniyyət nümunələrini məhv etməklə onların izlərini silməyə çalışmış, bu, mümkün olmadıqda isə, həmin maddi-mədəniyyət nümunələrinin “qədim ermənilərə” aid olmaları barədə saxta tarix yazaraq dünya ictımaiyyətini aldatmağa başlamışlar. Qarabağ vilayəti e.ə. IV əsrdən- eramızın VIII əsrinin əvvəllərinədək Azərbaycan Alban dövlətinin, VIII-XII əsrlərdə Sacilər, Salarilər, Rəvvadilər dövlətlərinin, Səlcuq imperiyasının, Azərbaycan Eldənizlər (Atabəylər) dövlətinin, XIII-XV əsrlərdə Elxanilər (Hülakilər), Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, 1501-1736-cı illərdə Azərbaycan Səfəvilər dövlətinin, 1748-1821-ci illərdə isə, Qarabağ xanlığının tərkibində olub. Bu bölgədəki bütün qədim tarixi abidələr, mədəniyyət nümunələri Azərbaycan xalqına aiddir. 200 il əvvələdək burada olmamış ermənilərin burada heç bir tarixi və mədəniyyəti yoxdur. Bunu ermənilər keçən əsrin 70-ci illərində Qarabağda ucaltdıqları özlərinin bu torpaqlara gəlişinin 150 illiyini göstərən abidə ilə etiraf ediblər. Bu günlərdə işğaldan azad edilmiş Qarabağ ərazisində ermənilərin “saxta tarix” istehsal edən müsəsisəsi aşkar olunub. Ermənilər həmin sexdə tarixi abidələr, daşlar üzərində iş aparır, yeni metodlarla qədim abidələr düzəldirmişlər. Qədim hərflər və şəkillər, xaçlar daşlara çəkilir, döyülür və bir müddət sirkə həllində saxlanılır, Sirkənin təsirindən turşuma prosesi gedir və rəngini dəyişən “tarix nümunələri” qədim və köhnə görünüş qazanır. Sonra bu daşları Qarabağ ərazisində basdıraraq özlərinin buradakı tarixi və mədəniyyəti kimi qələmə verirlər. Məlumatlara görə, Ermənistanda da belə müəssisələr çoxdur və onlar son onilliklərdə müasir elmin də nailiyyətlərindən istifadə etməklə, xeyli “qədim erməni abidəsi” düzəldiblər. Qarabağ ərazisində e.ə. II minilliyə aid Xocalı-Gədəbəy mədəniyyətini özündə əks etdirən tarixi mədəniyyət abidələri vardır. Ermənistanın hərbi təcavüzü nəticəsində Şuşada Alban məbədləri, Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşidbanu Natəvanın ev muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, yüzlərlə tarixi-memarlıq və təbiət abidələri işğal altında qaldı. Regionun erməni işğalçıları tərəfindən talan edilmiş muzeylərində Azərbaycan xalqının tarixi, mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, eləcə də, digər qiymətli materiallar toplanmışdı. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri məhv edilib. Ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilib və yandırılıb. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub. İşğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscid erməni təcavüzünün qurbanına çevrilib. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilib. Erməni terroru vandalizmi sərhəd tanımır, bu proses təkcə bizim xalqın qədim tarixi abidələrinin, mədəniyyət nümunələrinin dağıdılmasına yönəlməyib, erməni vandalları keçmiş Sovet xalqlarının Böyük Vətən Müharibəsinə həsr olunmuş ümumi qəhrəmanlıq tarixi abidələri olan monumentlərin məhv edilməsini də özünə rəva görüb. Qarabağ bölgəsində, ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də, bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.

    Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, həmçinin, yüzlərlə kənd və qəsəbə Ermənistan silahlı qüvvələri tərəfindən viran və talan edilib. Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin bugünkü görünüşləri 1945-ci ildə ABŞ tərəfindən atom bombasları ilə dağıdılan yapon şəhərləri Xirosima və Naqasakini xatırladır. İşğal altındakı ərazilərdəki Azərbaycanın yeraltı və yerüstü təbii və mədəni sərvətləri vəhşicəsinə talan edilərək Ermənistana daşınırdı. Ordumuzun qələbəsi sayəsində Azərbaycanın işğal edilmiş ərazilərində bu prosesə son qoyuldu, hərçənd bu ərazilərdə artıq tarix və mədəniyyət adına bir şey də qalmayıb, ermənilərin özününküləşdirdiyi bir neçə qədim alban monastrı xaric. Bu tarixi abidələr və məbədlər isə, dağıdılıb. Ermənilər bu vandalizmi, tarix və mədəniyyətə terroru təkcə işğal etdikləri Qarabağ ərazisində deyil, həm də, Ermənistanın özündə aparıblar. 1988-1989-cu illərdə Ermənistandan 250 minə yaxın azərbaycanlının deportasiya edilməsindən sonra orada azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən səssiz-səmirsiz dağıdıldı. Tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində 1000-dən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, məqbərələr, qəbiristanlıqlar, qəbirüstü abidələr və s. mövcud olub. Təlcə bir faktı qeyd edək ki, XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız 1 məscid- Göy məscid qismən salamat qalıb. Ermənistan ərazisində azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesi bu gün də erməni vandalları tərəfindən davam etdirilir. Beynəlxalq təşkilatlar isə, bütün bunları görmək və erməni vandalizminə son qoymaq istəmirlər. Günümüzün real mənzərəsi budur ki, Azərbaycan dövlətinin qətiyyəti, rəşadətli ordumuzun gücü sayəsində Azərbaycan 30 il o kor gözləri, kar qulaqları açdı, işğalçı Ermənistanı çökdürməklə ona havadarlıq edən dövlətlərə tarix, hüquq və hərb dərsi keçdi. Müstəqil Azərbaycan dövləti tolerantlıq və multikulturalizm ünvanı kimi dünyada özünü çoxdan təsdiq edib. Bu gün də, ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasət humanizm ənənələrinə, milli-mədəni irsin qorunub saxlanmasına, ölkədə yaşayan bütün xalqların,etnik azlıqların hüquq və azadlıqlarının, dini etiqad azadlığının təmin olunması prinsipinə əsaslanır. Azərbaycan Respublikasının Konstitusiyasında bunlarla bağlı uyğun maddələr də vardır. Azərbaycanda bütün dini, tarixi, mədəniyyət abidələri bərpa olunur, mühafizə edilir və xalqımızın zəngin mədəni irsinin mühüm tərkib hissəsi kimi gələcək nəsillər üçün qorunub saxlanılır. Azərbaycanda hər kəsin vicdan azadlığına dərin hörmətlə yanaşılır, ölkədə məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar, ayrı-ayrı dini icmaların ibadət yerləri sərbəst şəkildə fəaliyyət göstərir...

 Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.