Qələbəni şərtləndirən ən mühüm amil

18:34 13-12-2023 159

  Yaxın tarixi keçmişdən hər kəsə məlumdur ki, müstəqil Azərbaycan Respublikası  44 günlük Vətən müharibəsində təcavüzkar, işğalçı Ermənistanı ağır məğlubiyyətə uğradaraq, əzəli və tarixi torpaqlarına yenidən sahib çıxdı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin hərbi-siyasi və diplomatik addımları, eləcə də, ordumuzun misilsiz rəşadəti sayəsində düşməni döyüş meydanından qaçmağa məcbur etdi.  Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin təməlində dayanan ən mühüm amillər sırasında ordu quruculuğu, mükəmməl müdafiə və təhlükəsizlik sisteminin formalaşdırılması, ən müasir silah arsenalının yaradılması mühüm yer tutur.

   Artıq, keçmişdə qalan Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı uzun illər ərzində aparılan səmərəsiz danışıqların Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmağa deyil, əslində, mövcud vəziyyəti mümkün qədər qoruyub saxlamağa, xalqımızın ümidlərinin qırılmasına və torpaqların həmişəlik itirilməsi faktı ilə barışmasına xidmət etdiyi göz qabağında idi. Bununla belə, istər Ulu Öndər Heydər Əliyev, istərsə də, onun ən layiqli davamçısı  ölkə Prezidenti, cənab  İlham Əliyev qətiyyətli, düşünülmüş, ardıcıl siyasət yeridərək, tez, ya gec işğala son qoyulacağını, bunun dinc və ya  hərbi vasitələrlə gerçəkləşəcəyini, bir milyona yaxın məcburi köçkün həmvətənimizin öz doğma yurduna qaytarılacağını daim bəyan edirdilər. Hətta, xalqın ümidləri zəifləyəndə belə, münaqişənin müharibə yolu ilə həllinin mümkünsüzlüyü barədə dünya güclərinin dəyişməz mövqedə dayanmasına rəğmən, Azərbaycan rəhbərliyi ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan qurtarılması üçün bütün vasitələrdən, o cümlədən hərbi vasitələrdən istifadə etmək hüququnu gerçəkləşdirəcəyini uca səslə bütün beynəlxalq tribunalardan səsləndirirdi. Bu, yalnız xalqı ümidləndirmək və ya dünyanı qarşıya qoyulan məqsəddən xəbədar etmək üçün söylənilən söz deyildi, onun arxasında anbaan, günbəgün böyük səy, əzmkarlıqla aparlan iş, konkret  fəaliyyət dayanırdı. Təbii ki, hərbi potensialın möhkəmləndirilməsi ən vacib məsələ idi və Ulu Öndərin bu sahədə qısa müddətdə gördüyü işləri sürətlə dəyişən zəmanənin xarakterinə, çağırışlarına uyğun istiqamətlərə yönəltməyi, ən müasir texnika, sursatla təchiz olunmuş peşəkar ordu formalaşdırmağı ölkə Prezidenti, cənab İlham Əliyev dövlət başçısı vəzifəsinə seçildikdən dərhal sonra özünün prioritetləri sırasına daxil etdi və uğurla həyata keçirdi. Həm yerli müdafiə sənayesinin yaradılması, həm də, dünyanın ən qabaqcıl silah istehsalıçıları ilə əlaqələrin qurulması, ən yeni hərbi texnikanın qısa müddətdə ordumuzun arsenalına cəlb edilməsi mövcud potensialın artırılmasını və müasirləşdirilməsini təmin etdi. Əlbəttə, yalnız güclü iqtisadiyyat, geniş maliyyə imkanları sayəsində belə yüksək təminata nail olmaq mümkün idi. Dövlətimizin başçısının müdrik, uzaqgörən siyasəti nəticəsində qazanılan iqtisadi nailiyyətlər, ölkənin gəlirlərinin artırılması büdcədən hərbi xərclərə ilbəil daha çox vəsait ayrılmasına imkan verdi və bu tendensiya böyük qələbədən sonra da davam edir. Azərbaycanın Cənubi Qafqazda ən güclü orduya malik olması artıq bütün dünyada qəbul edilən gerçəklikdir ki, bu da öz növbəsində Vətən müharibəsində real təsdiqini tapıb. Doğrudan da, hərbi potensial, yalnız güclü silah-sursatdan və texnikadan ibarət deyil. Hazırlıqlı, peşəkar kadrlar olmasa, onlardan təyinatı üzrə, zəruri məqsədlər üçün istifadə edilməsi mümkünsüzdür. Bu baxımdan, ölkəmizin Silahlı Qüvvələrinin kadr potensialının möhkəmləndirilməsi Vətən müharibəsində qələbəni şərtləndirən ən mühüm amillərdəndir. Vətən müharibəsi hərbçilərimizin ən müasir texnikadan necə məharətlə istifadə etdiyini əyani şəkildə göstərdi. Üstəlik, şəxsi heyətinin yüksək fiziki və mənəvi hazırlığı, vətənpərvərliyi və misilsiz şücaəti əks-hücum əməliyyatlarının uğurunu təmin etdi.       Vətən uğrunda canını qurban verən igidlərimiz, məhz torpaqlarımızı işğaldan qurtarmaq üçün yetişdirildiklərini dərindən anlayıb dərk ediblər və buna görə də Şuşanın fəthi kimi bir möcüzəni gerçəkləşdiriblər. Heç şübhəsiz ki, müstəqil Azərbaycan Respublikası bundan sonra da bütün sahələrdə durmadan inkişaf edəcək, yeni-yeni qələbələr qazanacaq və qalib bir dövlət kimi öz nüfuzunu beynəlxalq aləmdə daima qoruyacaqdır...

   Sabit Mehdiyev,

   Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının məsləhətçisi.