Tahir Hüseyn

Hikmət dünyası

13:32 23-02-2024 452

Bağışlayan və rəhm edən Allahın adı ilə

  *Hər kəsdə ağıl var:

  Şeytana tabe olsa bəladır,

  Allaha tabe olsa əladır.

 *İnsan  qəlblə danışanda göz gərəkdir,

  Dillə danışanda söz gərəkdir.

 *Diləyimi Allahdan istədim:

  Versə də Allahımdı, verməsə də Allahımdı.

 *Həyatda əsl dostlar var

  Onlar Allaha görə dost olarlar.

 *Bəlalar balalardan gələrlər.

 *Allahdan mənə  verilənin  şükrün,

  Vermədiyinin  səbrn yerinə yetirməyə kömək diləyirəm.

 *İnsan olmağın  müddəti- olumla-ölüm  arası,

  Kimi yolda qalası-kimi sona varası.

 *Bir “Ol”a yarandı dünya,

  Bir “Ol”a dolandı dünya.

 *Öz-özünlə söhbət etmək, düşünmək,

  Başqası ilə qeybət etməkdən üstündüt.

 *Özünün qədrin bilməyən,

  Başqasın qədrin heç bilməz.

*Söz İlahi nemətidir,

  Söz bizə əmanətdir.

 *Mömin insan həyalı olar,

  Cahil insan riyalı olar.

 *İnsan yaranışın unudub,

  Bu torpaq çoxların udub.

 *Nəfsi təslim etməsək Allaha,

  Nəfs sürüklər bizi günaha.

 *İnsana lazım olan öyüd Allah göndərən “Quran”da,

  İblisə çevriləndə üz, təsir etməz “Quran”da.

 *Dünya möminlə zinətlənər,

  Dünya kafirlə bidətlənər.

 *Hər biləndən bir üstün bilən var,

  Bilən özündən üstünü saymasa,

  Onun özün də bilən saymazlar.

 *Yaxşılıqlarn mənbəyi Yaradandır,

  Pisliklərin mənbəyi Haqq yoldan azdırandır.

 *Qəlbin gözəlliyi ölüncən,

  Qəlibin gözəlliyi oluncan.

 *Mələkdən üstünü insana  mələk təəccüblənir,

  Şeytandan alçaq insana  mələk təəsüflənir.

 *Ömrün əzəl vaxtı,

  Gözəl vaxtı,

  Xəzəl vaxtı var.

 *Hikmətlə zəngin olanlar azmaz dünyada,

  Nemətlə zəngin olanlar doymaz dünyada.

 *Yaxşılıqlar ona olunan pisliyi unudanlardır,

  Pislər ona olunan yaxşılığı unudanlardır.

 *Bir tikə çörək verənə  min dəfə baş əyənlər,

  Ömrü boyu çörək verən Allaha baş əymədilər.

 *Elm insanı zinətləndirər,

  Cahillik insanı zillətləndirər.

 *”Quran” qəlblərinə enməyənlər,

  Doğru yolu  diləməyənlər.

 *Haqqın nizamı pozulmaz,

  Haqqın nizamına tabe olmayanların nizamı pozular.

 *Gözələ aşiq olmaq deyil hünər,

  Gözəli yaradana aşiq olmaqdı  hünər.

 *Qəlbin  iştirak etmədiyi əməl naqisdir.

 *Sağ ikən hörmət qazanmayana,

  Öləndən sonra rəhmət oxunmaz.

 *İnsan ata-ananı özü seçmir,

  Ancaq dostu özü seçir.

  Çox vaxt dostlar  xasiyyətcə bir-birinə bənzəyir.

 *Həyası olmayanın təqvası olmaz,

  Təqvası olmayanın nə qəlbinin, nə də qəlibinin  libası olmaz.

 *Tədbir işlətmək Allahdandır,

   Hiylə işlətmək şeytandandır.

 *Bəzi adamlar şeirin nəfəsinə yox,

  Qəfəsinə diqqət edirlər.

 *Ariflər dünyanı duyurlar,

  Ariflər dünyaya uymurlar.

 *Allahın dostları xalqla Xaliqə görə rəftar edirlər.

 *Öz nəfsini danlamayanı,

  Öz nəfsini qınamayanı,

  El danlayar, el qınayar.

 *Dinin zahirin yaşayanlar,

  Dini yaşadanlardan daha çoxdurlar və öndə görünürlər.

 *Bəzi şairlər  yardan o qədər yazdılar  ki, ömr keçdi,

  Yaradanın  yolun azdılar.

 *Doğru yolu diləyənin,

  Doğru dilədiyini, doğru yolun sahibi bilir.

  Və onu doğru yola yönəldir.

 *Rəbbin diləyənə, Rəbbi kifayətdir,

  Dünyanı diləyənə, dünya ziyafətdir.

(Davamı  var)