Qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq

19:41 19-03-2024 201

   Bu gün, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş, Azərbaycanın dövlət müstəqilliyinin, dinamik inkışafının qarantı olduğunu əyani şəkildə sübuta yetirmiş İlham Əliyev kimi müdrik, qətiyyətli və mahir siyasətçi rəhbərlik edir. Müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində ölkə Prezidenti, cənab İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Bu şanlı səhifələrin ən mühüm olanı isə, şübhəsiz ki, işğal altındakı torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. 30 ilə yaxın bir müddət ərzində işğal altında qalmış torpaqlarımız cəmi 44 günə azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə “Zəfər Günü” kimi yazıldı. İki gün sonra isə, işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etmiş oldu. Dövlətimizin başçısı Azərbaycanın iqtisadi, hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət, üçrəngli müqəddəs bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Qurucu lider olan ölkə Prezidenti, cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır. Vətəndaşlar da öz növbəsində Prezidentinə qəlbən inanır, taleyini ona etibar edir, ona güvənir, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, öz liderinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyurlar.  Prezidentimizin şəxsiyyətinin böyüklüyü həm də, ondadır ki, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirə, sabaha inam yarada bildi. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin əsasında da, məhz bu birlik və inam dayanır. Xalqın öz Liderinə sonsuz inamı, Liderin isə, öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurların istinad nöqtəsini təşkil edib və edir. Müasir Azərbaycanın intensiv tərəqqisini təmin edən daha bir mühüm faktor Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, milli inkişafı şərtləndirən regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Dövlət başçısı seçildikdən sonra bütün bölgələrin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən cənab İlham Əliyev bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib. Milli iqtisadiyyat, onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası uğurla həyata keçirilib. Əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, həyatımızın bütün sferalarında demokratik dəyərlərin tam bərqərar olması istiqamətində inkişafın davamlılığı təmin olunub. Sözsüz ki, Vətən müharibəsində qazanılmış Qələbə həm də, son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və belə də oldu. Azərbaycan doğrudan da heç vaxt indiki qədər güclü olmayıb. Xarizmatik liderlik və yüksək idarəçilik məharəti ilə fərqlənən dövlət başçımızın müasir siyasət strategiyası nəticəsində ölkəmiz modernləşərək öz inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoyub, həyatın bütün sahələri yenilənib. Milli inkişaf doktrinasının başlıca hədəflərini təşkil edən modern və innovativ iqtisadiyyatın idarə olunması şəffaflığa, açıq cəmiyyətin təmin edilməsinə əsaslanır. Bu praqmatik, çevik siyasət, sistemli və ardıcıl strateji kurs ölkəmizin müasir inkişafının əsas təminatçısıdır. Ölkə Prezidenti, cənab İlham Əliyev eyni zamanda, Azərbaycanın dünya miqyasında müsbət imicinin və reputasiyasının formalaşmasına da nail olub. Təsadüfi deyil ki, beynəlxalq arenada ölkəmizə maraq gündən-günə artır, dostlarımızın və tərəfdaşlarımızın sayı getdikcə çoxalır. Azərbaycan Prezidenti dünya siyasətində öz qətiyyəti, prinsipiallığı, praqmatikliyi və uzaqgörənliyi ilə böyük nüfuz qazanıb. Dinamik iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, tolerantlığın, milli və bəşəri dəyərlərin ideal sintezinin nümunəsinə çevrilmiş Azərbaycanın qarşısında yeni üfüqlər açılıb. Qlobal enerji, logistika layihələrinin təşəbbüskarı, böyük humanitar forumların təşkilatçısı və icraçısı kimi ölkəmiz regionun əsas güc mərkəzi olaraq mövqeyini ildən-ilə daha da möhkəmləndirir. Artıq, regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilir ki, bu da öz növbəsində dostlarımızın və tərəfdaşlarımızın sayını günü-gündən artırır.

  Sabit Mehdiyev, 

Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının məsləhətçisi.