Fərid Şəfiyev: Türkdilli Dövlətlərin Zirvə Görüşü siyasi leksikona daxil olub - VİDEO

16:45 11-10-2019 621

Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə ki, oktyabr ayının 14-15-də keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü Azərbaycan üçün əhəmiyyətli mövzuya həsr olunub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev HerGun.Az-a açıqlamasında deyib ki, bu il Naxçıvan sazişinin 10 illiyi qeyd olunur.

“Bu 10 ildə Türk Şurası institutlaşma prosesində böyük addımlar atıb. Türk Şurası, Türkdilli Dövlətlərin Zirvə Görüşü siyasi leksikona daxil olub”, - deyə F.Şəfiyev əlavə edib.

O bildirib ki, Türk Şurasında institutlaşma prosesi davam edir:

“Türk Şurasının Parlament Assambleyası, Türk Akademiyası və sair. Hesab edirəm ki, Zirvə Görüşündə bu qurumun institutlaşma perspektivləri müzakirə olunacaq”.

Bildirək ki, Zirvə Görüşündə Türk Şurasına üzv ölkələr arasında ayrı-ayrı sahələri əhatə edən əməkdaşlıq, həyata keçirilən layihələr, eləcə də, üzv ölkələr tərəfindən təsis olunan yeni qurumların funksiyaları müzakirə ediləcək.