Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir

14:00 14-10-2019 408

Bu gün BDU-da akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir.

HerGun.Az xəbər verir ki, akademik Vasim Məmmədəliyevlə vida mərasiminə dövlət və ictimai xadimlər, universitetin müəllim kollektivi, millət vəkilləri qatılıb. 

Vida mərasiminə qatılan millət vəkili Qənirə Paşayeva jurnalistlərə açıqlamasında Vasim Məmmədəliyev kimi şəxsiyyətin ölümünün Azərbaycan üçün ağır itki olduğunu bildirib. 

Q.Paşayeva Vasim Məmmədəliyevlə bağlı xatirələrini bölüşüb:

“O, akademiyanın ən önəmli şəxsiyyətlərdən biri idi. Hər zaman müsbət enerjisi iıə seçilən Vasim Məmmədəliyevin yoxluğuna inanmaq hər kəs üçün ağırdır. Mən bunu ölkəmiz üçün ağır itki adlandırıram. 

Mən heç vaxt onu üzgün, pessimist görməmişdim. Onun simasında biz böyük bir ziyalımızı itirdik. O, minlərlə gənc insanın yetişməsində misilsiz xidmətlər göstərib. Ailə yaxınlarına səbr diləyirəm”.

Vida mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev isə deyib ki, Vasim müəllim heç vaxt unudulmayacaq. 

O bildirib ki, V.Məmmədəliyev şərqşünaslıq sahəsində olduqca böyük uğurlar qazanıb:

“Biz Vasim Məmmədəliyevi dünən gecə itirdik. O, yaşından asılı olmayaraq, hər kəslə öz dilində danışan insan olub. Məhz buna görədir ki, bu gün onunla vidalaşmağa gələn hər kəsin gözündə dərin kədər görünür. 

O, rəhbərlik etdiyi kollektivdə sevilən, seçilən nadir, saf insanlardan idi. Biz onu daim xatırlayacağıq. Allah rəhmət eləsin”.

Mərhum akademik vida mərasimindən sonra ikinci Fəxri Xiyabanda dəfn olunacaq.

Könül Cəfərli