Azərbaycanın Türk Şurasına sədrliyi - Nazir prioritetləri açıqladı

15:36 14-10-2019 410

Özbəkistanı təbrik etmək, Türk Şurasına üzv dövlətlərin vətəndaşlarının xeyrinə geniş siyasət və məsələlərdə onlarla işləməyə hazır olduğumuzu bildirmək istəyirəm.

HerGun.Az xəbər verir ki, bunu Türk Şurası Xarici İşlər Nazirləri Şurasının 7-ci iclasında çıxışı Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

O bildirib ki, Türk Şurası yarandığı gündən bölgədə sülhün qorunmasında, üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsində, ümumi maraq doğuran bütün sahələrdə, regional və ikitərəfli əməkdaşlığın təşviq edilməsində bir dayaq olduğunu sübut etdi.

“Bu baxımdan, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanların mövcud olduğuna və xüsusi prioritet istiqamətlərdəki səylərimizin regional tərəfdaşlığa yeni təkan verəcəyinə və Türk Şurasına yeni bir hərəkətverici qüvvə olacağına inanırıq”.

Nazir qeyd edib ki, Azərbaycanın quruma sədrliyi dövründə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetiriləcək.

“Beləliklə, prioritet sahələri əhatə edən, detallı, praktik məqsəd və vəzifələri müəyyənləşdirən Türk Şurasının iqtisadi gündəliyinin hazırlanması fəaliyyətimizin vacib tərkib hissəsidir.

Əməkdaşlığımızın iqtisadi ölçüsünün artırılması, dünyada siyasi və iqtisadi qarışıqlıqlara qarşı dayanıqlılığımızı möhkəmləndirəcək və gücləndirəcək. Buna görə də Azərbaycan türk ölkələrinin iqtisadi potensialına böyük diqqət yetirir. Qarşılıqlı sərmayələrin artırılmasının və yeni iqtisadi layihələrin araşdırılmasının vacibliyini vurğulayır.

Ölkəmiz TDƏŞ-in üzv dövlətləri və müşahidəçiləri ilə güclü siyasi, iqtisadi və humanitar əlaqələrə malikdir. Üzv dövlətlər və müşahidəçilər arasında tarixi İpək Yolunu canlandırmaq və onu yeni infrastruktur layihələri ilə yaxşılaşdırmaq üçün əməkdaşlığın intensivləşdirilməsi iqtisadi əlaqələrimizin əsas dayaqlarından biridir.

Bundan əlavə, Azərbaycan Türk Şurasına müşahidəçi dövlət qismində Macarıstanla əməkdaşlığın inkişafını dəstəkləyir və 2019-cu il sentyabrın 19-da Budapeştdə Türk Şurasının Nümayəndəliyinin açılmasını alqışlayır. Macarıstan və Türk Şurası üzv dövlətləri arasında əməkdaşlıq geniş sahələrdə uğurla inkişaf edir. Biz əminik ki, Nümayəndəlik Türk Şurasının Avropa qurumları ilə əlaqələrinin möhkəmləndirilməsində köməkçi rolunu oynayacaq”.

E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinə də toxunub:

“Azərbaycan ərazilərinin 20 faizini işğal edən Ermənistanın təcavüzündən əziyyət çəkməkdə davam edir. Nəticədə bir milyondan çox azərbaycanlı öz tarixi torpaqlarında qanlı etnik təmizləmə ilə üzləşmiş və qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb etdi. Lakin Ermənistan öz işğalına və təcavüzünə son qoyulması barədə qətnamələrə və beynəlxalq təşkilatların digər sənədlərinə məhəl qoymamaqda davam edir.

Azərbaycana qarşı təcavüzü pisləyən, Ermənistanı yuxarıda göstərilən qətnamələri yerinə yetirməyə çağıran prinsipial mövqe nümayiş etdirdiyi üçün hər bir ölkəyə və Türk Şurasına yüksək dəyər verdiyimizi bildirmək istərdim.

Bu baxımdan, Türk Şurası üzv dövlətlərinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həlli üçün birmənalı dəstəyi çox təqdirəlayiqdir”.