Talış separatçıları Taleh Bağırzadəni dəstəklədi

17:36 29-06-2019 800

Bir neçə həftə əvvəl hətta Ermənistan miqyasına görə belə Yerevan Dövlət Universitetinin kifayət qədər mötədil auditoriyasında elmə az aidiyyəti olan dünyanın 20-yə yaxın nümayəndəsi inanılmaz səs-küylü gündəliyin – 3-cü beynəlxalq talışşünaslıq konfransının işığına toplaşmışdılar.

“İyirmiliy”in toplanışı

Liana Petrosyanın və Sus Dzvakeryanın – talış milli geyimlərində gənc erməni qızların səhnəyə tamaşa nümayiş etdirirlərmiş kimi çıxmasına diqqət yetirməmək də olardı. Ələlxüsus ona görə ki, gülüş doğuran teatr tamaşası sosial şəbəkələrdə itib-batan, dildən pərgar separatçı Zabil Madojun və mənasız “Talış geosiyasi araşdırmalar mərkəzi”ndən heç kimin doğru-dürüst tanımadığı ekspert Zahirəddin İbrahimovun yalançı elmi və son dərəcə siyasiləşdirilmiş çıxışları fonunda sönük qaldı.

Bir ovuc separatçının yeknəsək diletant çıxışları bir neçə iranlı natiqin populist bəlağətinə qarışmışdı. Talışşünaslığa bu cür eklektik yanaşmanın müəllifi isə Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri, hamıya yaxşı tanış olan Vardan Voskanyandır.

Hətta Ermənistan miqyaslarına görə belə kifayət qədər mötədil konfransın təşkilatçıları tədbirdə Rusiya, ABŞ və hətta Azərbaycanın elm dünyasının nümayəndələrinin iştirakını anons etsələr də, konfransın zirvə nöqtəsi kimi yaşıl inqilabın yeni ayətullahının, Bakı dustağı Hacı Taleh Bağırzadənin təqdimatı elan edilsə də, sözügedən ölkələrdən heç bir alim, yaxud da ictimai xadim Voskanyanın nimdaş kafedrasının arxasında görünmədi.

Vardan Voskanyan

Hərçənd miskin yarımelmi publikaya fırtınalı 90-ların birinci Azərbaycan hərc-mərcliyinin qalmaqallı məşhur ilhamvericisi Əlikram Hümbətov müraciət etdi. Bu dəfə “iyirmiliy”in arasında Hümbətov özü yox idi – separatçıların liderlərindən biri videomüraciətlə kifayətləndi. Özünün daha az məşhur silahdaşı, “Rusiya talış diasporu”nun sədri İsmayıl Şabanov kimi.

Çox qısaca diletantların, separatçıların və kimyagərlərin toplanışının məğzi barədə. Çıxış edənlər hələ də birinci Qarabağ müharibəsi illərində Ermənistan xüsusi xidmət orqanlarının siyasi texnoloqları tərəfindən hazırlanmış və Azərbaycanın çoxmillətli cəmiyyətinin çoxəsrlik ənənələrinin parçalanmasına yönəldilmiş konsepsiyadan hərəkət edirlər.

Ermənistanın diversiya-ideoloji maşını hələ də Azərbaycan cəmiyyətinin və dövlətinin təbii polietnik və multikultural quruluşunu süni absorbsiya, bir etnogenezin digərləri üzərində milli dominantlıq nəzəriyyəsinin gerçəkləşdirilməsi və düşüncəli şəkildə qeyri-türk etnosların sıxışdırılması siyasətinin aparılması kimi göstərməyə cəhd edir.

Azərbaycanlılıq insanların tarixən formalaşmış birliyi, türklərin, ləzgilərin, talışların, tatların və onlarla digər xalqın etnik ümumiləşməsidir. Azərbaycanda yaşayan on minlərlə talış özlərini çoxmilyonluq türkdilli Azərbaycan xalqından ayrı tutmur. Axı Azərbaycan Xalq Cəbhəsinin fəallarından biri Əlikram Hümbətov özü də öz regionunda siyasi dəstəyi yalnız ümumazərbaycan dəyərlərinə söykəndiyi vaxtlarda alıb.

Hümbətov xaricdən idarə olunan ələbaxan separatçıya qədər deqradasiya edən kimi bütün talış etnosu bu ayrılıq toxumları səpən adamdan üz çevirdi, birləşdi və qiyamçı polkovniki regiondan qovdu.

Yeri gəlmişkən, buna oxşar taleni 90-cı illərdə Azərbaycanın şimalında separatçı “Sadval” da yaşamışdı. SSRİ-nin məhvindən sonrakı ilk illərdə separatçı platonizmin çiçəklənməsi və başıpozuqların qələbə marşı dövründə erməni ideoloji ekspansionizmi entik özünüdərkin intibahını yayaraq, əbəs yerə Azərbaycanın cənubunda və şimalında yeni separatçılıq ocaqları alovlandırmağa çalışırdı.

Yerevan toplanışındakı “natiqlər”in çıxışlarına böyük diqqətlə qulaq asanda professor Voskanyanın uşaqlarının elmi axtarışlarının bütün absurdluğunu aydın tərzdə anlayırsan.

“Natiqlər”in fikirlərinin mahiyyətinə çox da varmadan yalnız səsləndirilmiş iki əsas tezisin üzərində dayanaq. Professor Voskanyanın uşaqları Azərbaycan türkləri ilə talışları, bu iki etnosun tarixi uyuşmazlığı ideyasını inkişaf etdirərək, üz-üzə qoymağa çalışırlar. Fəqət bu yalançı alimlərə məlumdurmu ki, türklərin və farsların tarixi dəyəri olan böyük Səfəvilər dövlətinin yaranması dövründə talışlar qızılbaşların tərkib hissəsi kimi çıxış ediblər?!

Qızılbaşlar

Qızılbaşlar kimdir? Dünya tarix elmi iddia edir ki, bu, köçəri türkmən xalqlarının birliyidir. Və talışlar qızılbaşların tərkibinə daxil olublar. Tədqiqatçılar məxsusi olaraq vurğulayırlar: talışlar qızılbaşların tərkibinə daxil olmuş yeganə qeyri-türk etnosudur. Bu problematika ətrafında uzun-uzadı və ətraflı şəkildə müzakirə aparmaq olar, lakin tarixdən hamıya məlum olan bircə fakt əldəqayırma “ekspert” Zahirəddin İbrahimovun bütün arqumentlərini alt-üst edir.

Amma bu ekstremist dayanmaq bilmir və çərənləməkdə davam edir. Diqqət yetirin! Dini-etnik identiklikdən dəm vuran İbrahimov əmin edir ki, Azərbaycanda şiə məzhəbinə qarşı məqsədyönlü repressiv siyasət yürüdülür, belə ki, türklərin dini ideya dayağı sünnilikdir. Biz şiəliyin bayrağını Təbrizdə və Bakıda, Qəzvində və Şamaxıda asmış türk-qızılbaşların orta əsrlər Şərqində fatehlik etmiş qalib gücünün mənbələrinə qayıtmayacağıq.

“Geosiyasi tədqiqatlar mərkəzi”nin savadsız və nadan İbrahimovuna şiələr üçün müqəddəs anlam daşıyan tarixi hadisəni xatırlatmağa dəyər – Ərəb xilafətində şiəlik dövlət ideologiyası elan edilmişdi. Bu, Abbasilərin dövründə Bağdadda baş vermişdi. Bəs sünnilərin məbədgahı olan Bağdada islamçı şəhid şiələrin ideologiyası kimin qılınclarının altında gətirilmişdi? Əlbəttə ki, İrandan olan türk sərkərdələrinin. Lakin dünya tarixindən qüdrətli Talış dağlarından olduğu qədər ayrı düşmüş İbrahimovla müzakirə aparmağın nə mənası?!

Zahirəddin İbrahimov

Hərçənd “Azərbaycan antaqonizmi”nin müəlliflərinin nəzəriyyəsindəki dini müddəa erməni xüsusi xidmət orqanları tərəfindən müəyyənləşdirilmiş uzaq siyasi məqsədi güdür. “Talış məsələsi” ətrafında debatlardan dərhal sonra Siranuş Vardanyan “iyirmiliy”in diqqətini Azərbaycanın ən vacib və hətta taleyüklü probleminə yönəldir – islam inqilabının lideri Hacı Taleh Bağırzadənin həbsinə. Bağışlayın, 2015-ci ildə qanlı Nardaran hadisələrinin təşkilatçılarından biri olmuş, indi isə Qobustan həbsxanasında məhbus həyatı yaşayan Hacı Talehin bir ovuc talış separatçısına və Yerevandakı auditoriyaya nə aidiyyəti var?!

Diqqəti islam axınlarının antaqonizmində cəmləyən və Azərbaycanda islamın şiə məzhəbinin sıxışdırılmasını iddia etməklə, “natiqlər” bilərəkdən auditoriyanı separatçıların Yerevan toplanışının əsas məsələsinə - Hacı Taleh Bağırzadənin həbsinə gətirirdilər. Hacl Taleh əslən Şirvan regionundan olsa da, Azərbaycanda gələcək yaşıl inqilabın məbədgahı kimi Nardaran teokratik anklavını seçsə də, professor Voskanyanın uşaqları diqqəti Lənkərandan Nardarana çevirərək, qəflətən “Azərbaycanın xilası”nı islam teokratiyasının qurulmasında görüblər. Və bu ideya və mübarizənin timsalı Yerevan üçün Hacı Talehdir. Ağlasığmazdır, lakin elə bu vaxt müzakirəyə hansısa britaniyalı tarixçi Məcid Kərimi qoşulur.

Hacı Talehin Yerevanda təqdimatı

Simurğlu bayram tortu ətrafında

Xalis Əhmədinejad tipli klassik iranlı görkəmi olan britaniyalı tarixçi Azərbaycanın talışlar yaşayan ərazisində islam respublikasının yaradılması kimi absurd-mifik və fantom, hətta qiyamçı ideya ilə çıxış edir. Bu qəribə britaniyalı həmin respublikanın lideri kimi Hacı Talehi görür. Bununla yanaşı, Kərimi Nardaranı şiəliyin Vatikanı, başqa sözlə, Qumu, məbədgahı elan edir ki, bu da orta əsrlərin postsəfəvi tarixinin külündən törəmiş Talış xanlığını idarə edəcək. Heç avstriyalı Şiklqruberin rəhbərliyi altında ən qatı nasistlərdə belə bu cür xəstə psixika və təsəvvür olmayıb.

Yeri gəlmişkən, Hitler və onun cəlbedici Bakı neftinin əksi olan simvolik tortlara məhəbbəti haqqında. Hətta Yerevan miqyaslarına görə belə mötədil konfrans lirik hissəsiz ötüşmədi. Bir ovuc separatçı elə onların özlərinin səmimi qəlbdən etiraf etdikləri kimi, talış separatçılarının mifik dövlətinin bayrağı ilə bəzədilmiş bayram tortunun ətrafına toplaşdı. Amma nəyə görəsə bu bayraq İran İslam Respublikasının bayrağını xatırladırdı.

Üç üfüqi zolaq: yaşıl, ağ və qırmızı. Lakin İran bayrağının ortasında səfəvi qızılbaşların qılıncı əks olunubsa, separatçıların bayrağının ortasında fars mifologiyasında rast gəlinən Simurğ quşuna bənzər fiqur var. Ölümünü hiss edən bu quş özünü öz yuvasındaca yandırır. Digər mifologiyalardan fərqli olaraq, fars mifologiyasında quş zühur etmir. Məhv olur. Professor Voskanyanın iranşünas uşaqları bunu öyrənsələr, pis olmaz...

Mənbə: Haqqın.az