Hər il dünyada nə qədər ərzaq israf olunur? - Baş katib açıqladı

15:27 16-10-2019 376

BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Ərzaq Günü ilə bağlı müraciət yayıb.

HerGun.Az-ın xəbərinə görə, müraciətdə Ümumdünya Ərzaq Gününün “sıfır aclığa” çatmaq üçün qlobal çağırış olduğu deyilir.

Məqsəd isə qidanın hər kəs üçün hər yerdə əlçatan və müvafiq qiymətə olmasını hədəfləyir.

Baş katib bununla belə qeyd edib ki, bu gün 820 milyondan çox insan kifayət qədər qidalana bilmir.

“İqlimlə bağlı fövqəladə vəziyyət ərzaq təhlükəsizliyi üçün artmaqda olan təhlükədir. Eyni zamanda, iki milyard kişi, qadın və uşaq artıq çəki və ya piylənmədən əziyyət çəkir”,- deyə A.Quterreş bildirib.

Onun sözlərinə görə, qeyri-sağlam qidalanma xəstəlik və ölüm riski daşıyır.

“Dünyada hər il bir milyard tondan çox ərzağın israf edildiyi bir dövrdə aclığın artması qəbuledilməzdir. İstixana qaz emissiyalarını azaltmaq da daxil olmaqla, istehsal və istehlak modellərini dəyişməyin zamanı gəlib.

Ərzaq sistemlərinin islahatı, bütün dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün çox əhəmiyyətlidir”.

Baş katib ümid edir ki, 2021-ci ildə Ərzaq Sistemləri Sammiti keçiriləcək.

“Bu, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq istiqamətində fəaliyyət onilliyi çərçivəsinin bir hissəsidir. Bir insan övladı olaraq, aclıqdan azad bir dünya bizim üçün mütləqdir”,-deyə A.Quterreş əlavə edib. 

Aqşin Kərimov