Millimizə Yunanıstana viza verilməməsinin səbəbi bilindi - Baş məşqçi açıqladı

18:27 17-10-2019 481

Dünya çempionatına gedə bilməməyimizin səbəbi viza verilməməsi oldu. Biz Yunanıstan səfirliyinə Gənclər və İdman Nazirliyi və AFFA-nın məktubunu, həmçinin turnir təşkilatçılarının dəvətnaməsini təqdim etmişdik. Amma bizə viza verilməməsinin dəqiq səbəbini göstərə bilmədilər.

Bunu HerGun.Az-a mini futbol üzrə milli komandamızın baş məşqçisi Elşad Quliyev deyib.

Yunanıstanın Krit adasında keçirilən sokka (mini futbolun bir başqa növü) üzrə II dünya çempionatına millimiz yollana bilməyib. 40 iştirakçı arasında yığmamız olsa da, Yunanıstanın Bakıdakı səfirliyi yığmamızı “Şengen” vizası ilə təmin etməyib. Nəticədə yığmamız DÇ-dən kənarda qalıb.

E.Quliyevin sözlərindən belə başa düşülür ki, futbolçuların Azərbaycan Mini-Futbol Federasiyasından aldıqları maaşlar qeyri-rəsmi olduğundan, bank hesabı göstərilə bilməyib: 

“Bizə pasportlarımız qaytarılanda deyildi ki, Yunanıstanda miqrant sayı çox olduğundan, futbolçuların son bir ildə harada işləməsinə dair məlumat təqdim olunmalıdır. Mini futbol isə həvəskar statusludur. Bu futbolçuların heç birində peşəkar fəaliyyəti əks etdirən iş yeri yoxdur. Biz federasiyadan maaş aldığımızı göstərmişdik. Amma onlar dedi ki, bank təminatı, hansı bank vasitəsilə pulun hesabımıza köçürülməsini əks etdirən sənəd də lazımdır. Hətta bu məsələdə nazir Azad Rəhimova qədər çıxıldı. Lakin o da dedi ki, başqa ölkənin səfirliyinin işinə müdaxilə edə bilməz.

Son vaxtlar Avropa ölkələri bizə çox çətinliklə viza verir. Fikirləşirlər ki, birdən gedərik, Azərbaycana qayıtmarıq. Ola bilsin ki, 3-4 ay əvvəldən viza üçün müraciət etsəydik, ala bilərdik. Ay yarım əvvəl müraciət etmişdik deyə, çatdıra bilmədik. Nəticədə bir illik əziyyətimiz boşuna getdi, bu turnirə çox ciddi hazırlaşmışdıq.

Həmçinin AzTV ilə danışmışdıq, “İdman” telekanalı oyunlarımızı canlı göstərməliydi. Təyyarə biletləri alınmışdı. Gedə bilmədiyimiz üçün federasiya təkcə biletdə 12 min ziyana düşdü”.

Elşad Quliyev yığmamızın heyətinin keçmiş peşəkar futbolçulardan ibarət olmasından da danışıb:

“Böyük futboldan Tural Nərimanov, Eşqin Quliyev, Hüseyn Axundov, Seyid Rəzi, Pərviz Qaraxanov, Fərmayıl Əliyev, futzaldan Seymur Məmmədov, İlkin Hacıyev, çimərlik futbolundan Asif Zeynalov heyətimizdə vardı. Qapıçılarımız Ramil Həsənzadə və Anar Məmmədov idi. Kənarda qalan futbolçular idi, bir yerə yığmışdıq. Eləsi vardı ki, bu yarışa hazırlaşdıqdan sonra 10 kq atmışdı. Eşqin Quliyev bu dəqiqə elə formadadır ki, Premyer Liqada oynaya bilər”.

Mini futbol üzrə millimiz isə gələn il yalnız bir yarışa gedə biləcək. Çünki federasiyada maliyyə durumu yüksək deyil:

“Ötən il Portuqaliyada keçirilən dünya çempionatına hazırlaşıb gedə bilməmişdik. Bu dəfə isə hazır idik, vizaya görə alınmadı. Gələn il Beynəlxalq Sokka Federasiyası Macarıstanın paytaxtı Budapeştdə dünya çempionatı keçirəcək. Həmçinin Dünya Mini-Futbol Federasiyası Kiyevdə Avropa çempionatı keçirəcək. İkisi də təxminən eyni vaxta düşdüyündən, bizdə də o qədər maliyyə olmadığından, birinə getməyə çalışacağıq”. 

Səbuhi Musayev