Qobustan qoruğu UNESСO baş direktorunda təəssürat oyatdı – FOTO

17:54 30-06-2019 1544

Azərbaycanda səfərdə olan UNESCO-nun baş direktoru xanım Odre Azule iyunun 30-da Qobustan Milli Tarix-Bədii Qoruğunda olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaq qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıb.

Burada olmaqdan şərəf hissi duyduğunu bildirən O.Azule söyləyib ki, Qobustanın qədim tarixi var, insanların bu məkana qarşı xoş münasibətinin şahidi olub.

Məlumat verilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Qeyd edilib ki, Qobustan qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlət başçısı İlham Əliyevin sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

Qonağın diqqətinə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib.

Səfər çərçivəsində qonaq Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə keçirilən qadınların əl işlərindən ibarət “Göz nuru, əl əməyi” adlı sərgi ilə tanış olub. Həmçinin təşkil olunan “Qavaldaş” adlı zərb çalğı alətlərinin müxtəlif növlərində ifalar dinləyib, “Uşaq və Gənclərin II Respublika Festivalı” Müsabiqəsində olub.

Qonaq Qobustan Milli Tarix-Bədii Qoruğundan xoş təəssüratla ayrılıb.