TXİ-nin iclasına buraxılmayan Əməkdar artist: Əgər Azər Paşa müəllimin “Azdrama”ya başı qarışıqdırsa...

18:40 24-10-2019 489

Bir neçə gün öncə Əməkdar artist Elnur Kərimov Azərbaycan Teatr Xadimləri İttifaqının (TXİ) üzvlüyündən çıxması ilə bağlı məlumat paylaşmışdı.

HerGun.Az xəbər verir ki, bu gün Kərimovun yazdığı ərizəyə rəsmi cavab gəlib.

“Mən artıq TXİ-nin üzvü deyiləm. Müsbət cavab gəldiyi üçün təşəkkür edirəm”, - deyə Əməkdar artist “Facebook” hesabında yazıb.

Aktyorun Azərbaycan Teatr Xadimləri İttifaqının üzvlüyündən çıxmasının səbəblərini öyrənmək üçün HerGun.Az-ın əməkdaşı Elnur Kərimovla əlaqə saxlayıb. Əməkdar artist isə TXİ ilə aralarında yaşanan qalmaqalı bu cür şərh edib:

“Oktyabrın 22-si Teatr Xadimləri İttifaqının konfransında iştirak etmək istədim. Lakin içəri buraxılmadım. Elə bu səbəbdən yazılı şəkildə rəhbərliyə müraciət etdim. Bu gün isə üzvlükdən çıxdığımla bağlı rəsmi təsdiq məktubunu aldım. Konfransa buraxılmamağımı siyahıda adımın olmaması ilə əlaqələndirdilər. Dedilər ki, dəvətlilər arasında yoxsuz. Konfransa iki gün qalmış iştirakımla bağlı müraciət ünvanladım. Gənc Tamaşaçılar Teatrının truppa müdiri Ələsgər Muradxanlı iştirakımla bağlı heç bir problemin olmadığını bildirdi. Cavab olaraq söylədim ki, özbaşınalıq etməyək, quruma müraciət et, onların da iştirakımla bağlı məlumatları olsun. Müsbət cavab aldığıma görə, konfransa getdim. TXİ-nin qapıçıları (Dağlar Yusifov və Akademik Milli Dram Teatrının truppa müdiri Elnur Məmmədov - red) dedilər ki, adınız siyahıda olmadığı üçün sizi zala buraxa bilmərik. Mən də cavab olaraq söylədim ki, mən yoldan keçən insan deyiləm. 20 ildir teatrda çalışıram. Neçə illərdir ittifaqın üzvüyəm, fəxri ada sahibəm. Əyləşib, çıxışları izləmək istəyirəm. Müzakirə olunan mövzular mənim də maraq dairəmdədir. Xahiş etdim ki, rəhbərliyə konfransda iştirakım ilə bağlı xəbər verilsin. Daha sonra mənə dedilər ki, Elnur Kərimov konfransa buraxılmır”.

Elnur Kərimov TXİ-ni fəaliyyətsizlikdə günahlandırıb, mübarizə apardığını dilə gətirib:

“Onlarla olan mübarizəm 2014-cü ildən başlayıb. Həmin ilin fevral ayının 2-də Gənclər günü ilə bağlı bütün teatrlar, gənclərlə bağlı təşkilatlar gəncləri təbrik edib, onlarla görüşlər təşkil etdilər. Amma nədənsə TXİ bunu özünə sığışdırmadı. Sıfır münasibət nümayiş etdirdi. Onlara bununla bağlı müraciət etdim ki, bəs teatrda bu qədər gənc nəsil çalışır, siz isə Gənclər günü ilə əlaqədar bizi təbrik etmədiniz. Bu da onlara pis təsir etdi. Etirazımdan sonra görüş təşkil olundu. Orada onların təkliflərini dinlədim, teatrın inkişafı ilə bağlı təkliflərimi dilə gətirdim. Beləcə mənim onlarla mübarizəm başladı”.

Son günlər iki Xalq artisti Afaq Bəşirqızı ilə “Azdrama”nın direktoru Azər Paşa Nemətov arasında yaşanan qalmaqal səngimək bilmir. “Siz kimi tərəfindəsiz?” sualına aktyorun cavabı belə oldu:

 “Əgər Azər Paşa müəllimin “Azdrama”ya başı qarışıqdırsa, heç olmasa onun müavinləri, katibləri bu siyasəti davam etdirsin. Burada şəxsi-qərəzdən yox, fəaliyyətsizlikdən söhbət gedir. Onun fəaliyyəti haqqında deyəcək nə sözüm var, nə də ki haqqım. O, Xalq artistidir, illərin sənətkarıdır, böyük rejissorumuzdur. Mənim onunla şəxsi münasibətim, şəxsi-qərəzim də yoxdur. Məni narahat edən təkcə TXİ-nin Azərbaycan teatrına, xüsusilə də gənclərə olan münasibətidir. Orada kimin rəhbər olacağı fərq etmir. Mən bütün Azərbaycan teatrlarının yaradıcılıqlarını yaxından izləyirəm, istər şəhər, istərsə də bölgələr olsun”.

Elnur Kərimov TXİ-nin Gənc Tamaşaçılar Teatrının tamaşalarına baxmadığından, gəncləri tanımadığından da şikayətləndi:

“Potensialı yüksək olan truppamız, gözəl və maraqlı tamaşalıarımız var. Biz qastrol səfərlərində çoxlu sayda qran-prilərə, mükafatlara layiq görülürük. Bütün bunlar hamısı TXİ-nin gözündən kənarda qalıb. Mən də bunları görüb, etiraz edirəm. Tələb edirəm ki, bizə də yetərincə qayğı və diqqət ayırsınlar. Bütün qurumlar bizə diqqət ayırırlar, bir tək TXİ-dən başqa. Onların məqsədi mənə hələ də aydın deyil. TXİ-yə üzv olmayan insanların bu barədə danışması doğru deyil. Amma mənim haqqım çatır bunları söyləməyə. Hər şeyi Mədəniyyət Nazirliyi edirsə, o zaman TXİ niyə fəaliyyət göstərir? Bütün bunları görüb qurumun üzvlüyündən imtina etdim”.

“Üzvlükdən çıxdıqdan sonra, sizinlə danışıb, məsələni həll etmək istəyən oldu” sualını isə Əməkdar artist “istədiklərinə nail oldular” deyərək cavabladı:

“Elə bir düşüncə yoxdur. Mənim TXİ-nin üzlüyündən çıxmağımı normal qəbul etdilər, bunu da gözləyirdilər. Burada başqa məqamlar var. Hətta çox adam çıxmağıma sevindi. İstədiklərinə nail oldular. İttifaqdan çıxdığıma görə sevinirəm. Bundan sonra Gənc Tamaşaçılar Teatrına olan diqqət daha da artacaq, daha da çox mükafatlar veriləcək. Səbəb kimi məni göstərəcəklər ki, Elnur danışırdı, biz mükafat vermirdik. Amma mən də söyləcəyəm ki, 2014-cü ilə qədər niyə diqqət göstərmirdiniz, indiyə kimi niyə diqqət göstərmirdiniz?”

Rəşad Əliyev