16 güləşçi Azərbaycanı dünya çempionatında təmsil edəcək - ADLAR

16:20 25-10-2019 570

Oktyabrın 28-dən noyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilərin dünya çempionatı keçiriləcək.

HerGun.Az xəbər verir ki, məsul yarışda ölkəmizi güləşin hər üç növü üzrə yığmalarımızın üzvləri təmsil edəcək. 

Dünya çempionatının ilk günlərində böyük məşqçi Zəlimxan Hüseynovla məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaq. Heyətdə Əfqan Xaşalov (-57 kq), Əsgər Məmmədəliyev (-61 kq), Turan Bayramov (-65 kq), Davud İbrahimov (-70 kq), Murad Süleymanov (-74 kq), Əbubəkr Abakarov (-79 kq), Hacımurad Məhəmmədsəidov (-86 kq) və Şamil Zubairov (-92 kq) yer alıb.

Qadınların yarışında ölkəmizi yalnız Türkan Nəsirova (-50 kq) təmsil edəcək. O, millimizin baş məşqçisi Aslan Ağayevin başçılığı altında güləşəcək.

Yarışın son günlərində xalça üzərinə yunan-Roma güləşi üzrə idmançılarımız çıxacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Zaur Əliyev (-55 kq), Əsgər Əlizadə (-60 kq), Namaz Rüstəmov (-67 kq), Sənan Süleymanov (-72 kq), Tuncay Vəzirzadə (-77 kq), Eltun Vəzirzadə (-87 kq) və Arif Niftullayev (-97 kq) uğur qazanmağa çalışacaq. Bu, rusiyalı məşqçinin ilk sınağı olacaq.

Qeyd edək ki, mundialda beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq.