İrandan narkotik gətirən vətəndaş tutuldu

20:40 27-10-2019 618

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. 

DGK-dan HerGun.Az-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı üzərində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib. 

Şəxsi yoxlama zamanı onun üzərindən, gömrük nəzarətindən gizlədilən 3 ədəd bükümdə çəkisi 52 qram olan psixotrop maddə - metamfetamin, 154 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və çəkisi 6 qram olan tünd qəhvəyi rəngli narkotik vasitə - tiryək aşkarlanıb. 

Daha sonra vətəndaşın idarə etdiyi “Hyundai Elantra” markalı nəqliyyat vasitəsinə gömrük baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunda bir ədəd bükümdə təqribi çəkisi 0,5 qram olan narkotik vasitə - heroin aşkar edilib. 

Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir. 

Faktla bağlı araşdırma aparılır.