İrandan gələn narkotiki alan da, satan da tutuldu - FOTO

18:40 30-10-2019 659

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşı Səfərov Nicat Elçin oğlu özünü şübhəli apardığına görə saxlanılıb və şifahi sorğu-sual olunub. 

DGK-dan HerGun.Az-a verilən məlumata görə, o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən, narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib. 

Şəxsi yoxlama zamanı onun üzərindən gömrük nəzarətindən gizlədilmiş, 7 ədəd sellofan bükümdə ümumi çəkisi 21 qram olan psixotrop maddə - metamfetamin, çəkisi 99 qram olan açıq qəhvəyi rəngli, narkotik vasitə - heroin, çəkisi 43 qram olan tünd qəhvəyi rəngli narkotik vasitə - tiryək və 29 ədəd üzərində F/M40 nişanəsi olan qəhvəyi rəngli, dairəvi formalı metadon adlı həb aşkarlanıb. 

Daha sonra vətəndaş həmin bükümləri gömrük sərhədindən keçirdikdən sonra əvvəlcədən razılaşdırılmış qaydada Bakı şəhərində yaşayan tanışına təhvil verəcəyini bildirib. 

Cinayət əlaqəsində olan digər şəxsləri müəyyənləşdirmək məqsədi ilə Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən əməliyyat tədbirləri davam etdirilib və “Ramil” adlı şəxs 7 ədəd bükümdə olan maddələri Səfərov Nicat Elçin oğlundan təhvil almaq istəyərkən saxlanılıb.  

Bundan sonra “Ramil” adlı şəxsin şəxsiyyəti dəqiqləşdirilib və Əliyev Ramil Əli oğlu olduğu müəyyən edilib 

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir. 

Faktla bağlı araşdırma aparılır.