Azərbaycan DÇ-nin sərbəst güləş yarışlarını beş medalla tamamladı - YENİLƏNİB

23:40 30-10-2019 495

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında Azərbaycanın daha bir medalının əyarı müəyyənləşib.  

HerGun.Az xəbər verir ki, sərbəst güləşdə Hacımurad Məhəmmədsəidov finalda, Şamil Zubairov bürünc medal uğrunda görüşdə iranlı rəqiblərinə məğlub olub.  

Nəticədə Azərbaycanın bu gün cəmi bir medalla kifayətlənməsi müəyyənləşib.  

Bununla da Azərbaycan sərbəst güləş yarışını beş medalla tamamlayıb.  

Komandamız bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb.  

 

10:41

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında bu gün millimiz daha iki medal qazana bilər.

HerGun.Az xəbər verir ki, sərbəst güləşçilərimizdən Əsgər Məmmədəliyev (-61 kq) və Murad Süleymanov (-74 kq) müvafiq olaraq ukraynalı və gürcüstanlı rəqiblərinə uduzaraq mübarizəni dayandırıb.

Bununla belə, dağıstanlı legionerlərimiz medal qazanmaq şanslarını saxlayıblar. Almaniyalı, moldovalı, yaponiyalı rəqiblərinə qalib gələn Hacımurad Məhəmmədsəidov (-86 kq) Azərbaycana ikinci qızıl medalı qazandıra bilər. Onun finaldakı rəqibi iranlı Kamran Qurban Qasımpur olacaq.

Daha təcrübəli olan Şamil Zubairov Bolqarıstan və İsveçrədən olan rəqiblərinə qalib gəlsə də, ABŞ-ı təmsil edən idmançıya yarımfinalda uduzub. O, bürünc medal uğrunda görüşə çıxacaq. Bu yerdə onun rəqibi iranlı Hüseyn Lütfəli Şahbaziqazvar və ya yaponiyalı Takumi Tanizaki olacaq. Hər iki görüş bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, dünən Azərbaycan güləşçiləri bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb.

Səbuhi Musayev