İspaniyalı futbolçu Bakıda rus dilini öyrənməyə başlayıb: İngiliscə bilmirlər

00:20 01-11-2019 550

Azərbaycana yollanıb, ispaniyalı futbolçunun nə qədər dəyərli olduğunu görmək istədim. Burada insanlar sizi tanımadan, necə futbolçu olduğunuzu bilmədən sizə hörmət edirlər.

Bunu “La Voz de Galicia”ya “Qəbələ” klubunun ispaniyalı futbolçusu Fernan Fereyroa deyib.

24 yaşlı yarımmüdafiəçi özünü Azərbaycanda daha dəyərli hiss etdiyini deyib. O, Bakıda insanlarla ünsiyyət qurmaq üçün rus dili kursuna başladığını bildirib:

“Burada daha çox ingilis dilində ünsiyyət qurmağa çalışırlar. Ancaq insanlar bu dildə yaxşı danışmır. Əsasən yerli insanlar azərbaycanca və rus dilində danışırlar. Ona görə də bura gəldiyim vaxtdan rus dili dərslərinə başlamışam”.

Ferreyra Bakının Barselonanı xatırlatdığını deyib:

“Qəbələ” məni ötən il də istəmişdi. Baxışa dəvət etdikləri üçün bununla razılaşmamışdım. Ancaq bu yay “Barakaldo”dan ayrıldıqdan bir həftə sonra rəsmi təklif göndərdilər. Səkkiz saatlıq yoldan sonra 14 min əhalinin yaşadığı Qəbələ şəhərinə gəldim. İlk vaxtlar düşünürdüm ki, uyğunlaşmaq çətin olacaq. Ancaq Bakı yaşamaq üçün çox gözəl şəhərdir. Şanslı idim, çünki Azərbaycan çempionatında ispan oyunçular çoxdur və onlar mənə kömək etdilər. Bu, müsbət haldır. Azərbaycan Avropaya çox bənzəyən bir ölkədir və Bakı bir qədər Pep Qvardiolanın şəhəri olan Barselonanı xatırladır. Yerli əhali də böyük liqaları maraqla izləyir”.

Daha sonra Fernan Fereyroa Azərbaycan Premyer Liqasının peşəkarlığını, stadion meydançalarının gözəlliyini vurğulayıb və ilk dəfə avrokubok həyəcanını bu yay bizim ölkədə yaşadığını bildirib.